PDF Oxu

Araşdırma

  • 1 126

Ermənistan iqtisadi tənəzzülə uğrayır

Ermənistan iqtisadi tənəzzülə uğrayır

Ermənistanda növbəti parlament seçkiləri ərəfəsində daxili siyasi ziddiyyətlər yenidən açıq müstəviyə keçib. Diqqəti çəkən məqamlardan biri də odur ki, bütün bunlar ölkədə yaşanan dərin iqtisadi böhran, işsizlik, yerli əhalinin maddi sıxıntı səbəbindən kütləvi şəkildə bu işğalçı ölkəni tərk etməsi fonunda baş verir. Bu isə rəqib siyasi qüvvələr arasında mövcud rəqabəti daha da kəskinləşdirir.

Kölgə iqtisadiyyatının, cinayətkarlığın hökm sürdüyü ölkə


Belə ki, iqtidarda olan "Respublika" və "Çiçəklənən Ermənistan" partiyalarının təmsilçiləri yenidən "vətənpərvərlik", "millətçilik" şüarları ilə, klançılıqla, iqtidar partiyası olmalarından sui-istifadə etməklə seçicilərin səsini qazanmağa çalışırlar. Müxalifətdə olan "Erməni Milli Konqresi" (EMK) isə əhalinin mövcud narazılığından faydalanaraq, müttəfiqləri ilə birgə parlamentdə mütləq çoxluğu əldə etməyə səy göstərir.

Ümumilikdə işğalçı Ermənistanda "kölgə iqtisadiyyatı"nın üstünlüyü, iqtisadi cinayətkarlığın hökm sürməsi heç kəsə sirr deyil. O da bəllidir ki, formal suverenlik atributlarına malik olmasına baxmayaraq, bu ölkə nə siyasi, nə də iqtisadi cəhətdən müstəqil deyil. Ölkənin əsas sənaye müəssisələri artıq neçə illərdir ki, Rusiya tərəfindən ucuz qiymətə satın alınıb. İqtisadi infrastruktur və xidmət sektoru iflic vəziyyətindədir. İqtisadi sahədə hər hansı artım, irəliləyiş yoxdur, əksinə, durğunluq və geriləmə hökm sürür.


Əhali gələcəyə inamını itirib

Bütün bunlar parlament seçkiləri ərəfəsində Ermənistan müxalifətinin Serj Sarkisyan iqtidarına qarşı sərt ittihamlarını şərtləndirən ciddi arqumentlərə çevrilib. Belə ki, Erməni Milli Konqresinin lideri, sabiq prezident Levon Ter-Petrosyan ölkədə yaşanan sosial-iqtisadi böhrana görə, məhz hakimiyyəti saxtakarlıqla, zorakılıqla ələ keçirməkdə günahlandırdığı Serj Sarkisyan iqtidarını ittiham edir. L.Ter-Petrosyan onu da vurğulayır ki, Ermənistanın hazırkı ağır vəziyyəti ölkəni "idarə edən rejimin cinayətkar fəaliyyətinin" nəticəsidir:

" - hakim partiyanın və iqtidarda olan rejimin bütün seçkiqabağı vədləri yalan çıxıb,

- Ermənistanın VVP-si və dövlət büdcəsi müvafiq olaraq 11,54% və 10,9% azalıb,

- ölkənin xarici borcu 1,5 milyarddan 3,8 milyard dollara çatıb,

- inflyasiya 37,1% təşkil edib".

Sabiq prezident Robert Köçəryanın dövründə işğalçı ölkənin xarici işlər naziri olmuş Vardan Oskanyan isə bildirir ki, əhali gələcəyə inamını itirdiyinə, ədalətsizlikdən yorulduğuna görə ölkəni tərk edir. Bu, o deməkdir ki, ölkədə sosial-iqtisadi tənəzzüllə yanaşı, ciddi demoqrafik böhran da yaşanır. Başqa sözlə, işğalçı ölkəni kütləvi tərk edənlərin sayı getdikcə artmaqdadır. Bunun səbəbkarı isə bilavasitə S.Sarkisyan iqtidarıdır. İqtisadi böhran içərisində çabalayan Ermənistanın rəhbərliyi vəziyyətdən çıxış yolunu yalnız aldadıcı vədlərdə axtarır.

"İanələr" hesabına formalaşan büdcə

Bütün dünya ictimaiyyətinə bəllidir ki, Ermənistanın büdcəsinin 70-80 faizi erməni lobbisinin maliyyə yardımları əsasında formalaşır. Bu büdcənin özü belə real ünvanına, əhaliyə gedib çatmır. Əksinə, məmurlar müxtəlif vasitələrlə büdcədən vəsaitləri silib mənimsəməyə çalışırlar. Beləliklə, hazırkı Ermənistan hakimiyyəti erməni diasporunun ayırdığı maliyyə yardımını, faktiki olaraq, müxtəlif yollarla mənimsəyir. Bu isə erməni diasporunun - müxtəlif ölkələrdə yaşayan ermənilərin etirazının daha da dərinləşməsinə səbəb olur.

Aydındır ki, müstəqilliyi, əslində, formal xarakter daşıyan, bu və ya digər dövlətin təsiri altında olan və həmin ölkənin maraqlarından çıxış edən ölkə sonda belə acınacaqlı aqibət yaşamağa məhkumdur. Ermənistanda artıq vəziyyət o həddə çatıb ki, baş verən total korrupsiyanın ört-basdır edilməsi qeyri-mümkündür.


Total korrupsiya və rüşvətxorluq mühiti

İşğalçı ölkədə yaşanan sosial-iqtisadi tənəzzül hazırda ciddi siyasi böhranla müşayiət olunur. Diqqəti çəkən maraqlı məqam hakim koalisiyanın iki əsas aparıcı partiyası olan Respublikaçılar Partiyası ilə "Çiçəklənən Ermənistan" Partiyası arasında getdikcə daha qabarıq formada üzə çıxan ziddiyyətlərdir. Doğrudur, tərəflər hələ ki, ictimai rəyə özlərini daha çox müttəfiq kimi təqdim edirlər. Lakin fikir ayrılıqları o qədər qabarıq nəzərə çarpır ki, onları gizlətmək və ya pərdələmək mümkün deyil. Buna əsas səbəb mayda keçiriləcək parlament seçkilərinə görə siyasi qüvvələrin yenidən qruplaşmağa başlaması, ölkənin hakim koalisiyasında isə parçalanma meyillərinin güclənməsidir. İşğalçı ölkədə seçkilərin qeyri-demokratik keçirilməsi faktı beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən ört-basdır edilsə də, ölkə əhalisi bunu təsdiq edir. Ermənistanın Milli Konqresinin nümayəndəsi Qurgen Yeqhizaryan news.am saytına müsahibəsində seçkilərdə erməni xalqının iqtidar tərəfindən aldadıldığını vurğulayır. O, 2008-ci ilin martında seçkilərlə bağlı baş vermiş etirazları yatırmaq üçün iqtidarın şəhərə ordu daxil etdiyini, eyni zamanda, Yerevan və Ermənistanın digər 600 məntəqəsində 3 saat ərzində səslərin saxtalaşdırıldığını, bütün boş qalmış səs yerlərinin doldurulduğunu açıqlayıb.

Deyilənləri vaxtilə Ermənistanda mühüm dövlət vəzifələrində çalışmış bir sıra şəxslər də təsdiqləyirlər. Bununla bağlı, Ermənistan prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi Aşot Manuçaryan bildirir ki, Ermənistanda total korrupsiya və rüşvətxorluq mühiti hökm sürür.


Anarxiya və idarəçilik böhranı

Bu gün Ermənistanda baş verən kütləvi işsizlik, miqrasiya, cinayətkarlıq səviyyəsinin yüksəlməsi, total korrupsiya və rüşvətxorluq, inhisarların iqtisadiyyatın bütün sahələrinə nəzarət etməsi ölkəni anarxiya, idarəolunmazlıq həddinə gətirib. Bütün milli resurslarla gəlir mənbələrinin Sarkisyan komandasının üzvlərinin əlində olması, parlamentdəki deputatlar arasında oliqarxların və onların əlaltılarının sayının artması, bütün bunlar işğalçı Ermənistanın üzləşdiyi acı gerçəklikdir. Bütün bunlar növbəti parlament seçkiləri ərəfəsində işğalçı ölkəyə uğurlu heç nə vəd etmir. Yaşanan iqtisadi böhran fonunda baş verən kəskin qütbləşmə isə Ermənistan cəmiyyətində ciddi vətəndaş qarşıdurmasını labüd olduğunu göstərir. Mövcud seçki rəqabəti və seçkilərin növbəti dəfə total şəkildə saxtalaşdırılması barədə ciddi, arqumentləşdirilmiş mülahizələr bu ehtimalı daha da qüvvətləndirir.


Naib NİFTƏLİYEV

Digər xəbərlər