"Görünür, erməni nazir yenə primitiv üsulla biclik etmək istəyir, yaxud da o sadəcə BMT Təhlükəsizlik Şurası kimi mühüm bir təşkilat çərçivəsində qəbul olunmuş qərarlara qeyri-ciddi yanaşır". APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın bəyanatını belə şərh edib. O, qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 4 qətnaməsi mövcuddur: "Bu qətnamələr daim qüvvədir və Ermənistan Silahlı Qüvvələrinin qeyd-şərtsiz Azərbaycanın işğal altında olan ərazilərindən çıxmasını tələb edir. Azərbaycan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkilinə dair bəzi Avropa təşkilatlarının təklif etdiyi təşəbbüslərə tərəfdar olub, lakin təəssüf ki, bu təşəbbüslərin qarşısı rəsmi İrəvan tərəfindən alınıb. Bu, onların status-kvonun qorunması ilə bağlı əsl niyyətlərini ortaya qoyur. Bu gün Azərbaycanın və beynəlxalq birliyin status-kvonun qəbul edilməzliyi ilə bağlı mövqeyi üst-üstə düşür və bu, danılmaz faktdır. Mövcud status-kvo dəyişməli və bu proses erməni qoşunlarının işğal altında olan Azərbaycan ərazilərindən çıxarılması ilə başlamalıdır".