Bəlli olduğu kimi, işğalçı Ermənistanda may ayında növbəti parlament seçkiləri keçiriləcək. Bu ölkədə baş verən son olaylar seçkiqabağı siyasi rəqabətin həddən artıq kəskin olduğunu göstərir. Ermənistanın hazırkı iqtidarının növbəti dəfə seçkiləri saxtalaşdırmaq cəhdləri isə yaranmış gərginliyi bir qədər də artırır.
Növbəti qanlı toqquşmalar qaçılmazdır
Xatırladaq ki, ötən 2008-ci ilin prezident seçkilərindən sonra Yerevanda və Ermənistanın əksər bölgələrində prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması səbəbindən ciddi qarşıdurmalar yaşanmışdı. Buna baxmayaraq, Serj Sarkisyan iqtidarı parlamentdə çoxluğu əldə etmək üçün ölüləri və ölkəni tərk edib getmiş yüz minlərlə keçmiş Ermənistan vətəndaşını "seçici" kimi seçki siyahısına daxil etməkdən çəkinmir. Bütün bunlar Ermənistanda indiki hakimiyyətlə müxalifət arasında növbəti qanlı qarşıdurmanın qarşıdurmanın qaçılmaz olduğunu göstərir.
Bu isə bir daha təsdiq edir ki, Ermənistanın kriminallaşmış hakimiyyət dairələri, oliqarxa çevrilmiş məmurlar məqsədlərinə çatmaq üçün istənilən addımı atmağa hazırdırlar. Digər tərəfdən, Serj Sarkisyan iqtidarı 2008-ci ilin qanlı təcrübəsindən yararlanaraq, mümkün etirazları yerindəcə boğmaq üçün repressiya siyasətindən geniş şəkildə faydalanmaq niyyətindədir. Bunu yerli mediaya verdiyi müvafiq açıqlamada Ermənistanın Regional Araşdırmalar Mərkəzinin sədri Riçard Kirokasyan da təsdiqləyir. O, xatırladır ki, hələ 2008-ci ilin martında Ermənistanda seçkilər ciddi zorakılıq halları ilə müşayiət olunmuşdu: "İctimaiyyətin seçkilərin azad və ədalətli olması haqda gözləntiləri yoxdur, siyasi prosesə inamı azdır. Hökumətin özündə seçkiləri təkmilləşdirmək barədə gözləntilər sıfıra bərabərdir".
Ciddi inamsızlıq, kəskin narazılıq, siyasi apatiya
Bu, onu göstərir ki, Ermənistanda seçkilərə münasibətdə ciddi inamsızlıq və laqeydlik var. R.Kirokasyan bununla bağlı bildirir ki, Ermənistanda siyasi apatiya şəxsi problemlərlə əlaqədardır: "İnsanlar Ermənistanda dəyişikliyin asta tempindən narazıdırlar. Onlar demokratiyanın çatışmazlığından narazıdırlar. Bir çox hallarda seçkilərin iqtisadi rifah hallarına təsirini hiss etmirlər. Ermənistanda insanların gəlirləri arasında böyük fərqlər var ki, bu da çoxlarını qəzəbləndirir. Ermənistanda siyasət seçkili yox, təyinatlıdır. Sadə erməninin seçimi çox deyil. Digər tərəfdən, Ermənistanın demoqrafik durumu da böyük problemdir. Ermənistanın təhlükəsizliyinə ən böyük təhlükələrdən biri emiqrasiyadır". Maraqlıdır ki, R.Kirokasyan ölkənin az-çox aparıcı təbəqəsinin 1990-cı illərdə Ermənistanı tərk etdiyini, ölkədən beyin axınının baş verdiyini etiraf edir. Ermənistanın "Qafqaz" İnstitutunun direktoru Aleksandr İskəndəryan isə, seçkiləri saxtalaşdırmaq cəhdlərinin heç də asan olmayacağı qənaətindədir. A.İskəndəryan hesab edir ki, belə olduqda ölkəni böyük etirazlar dalğası bürüyəcək və baş verənlər iqtidar-müxalifət qarşıdurmasını daha da kəskinləşdirəcək.
Son seçkilər işğalçı ölkəni iflic edəcək
"Sardarapat" hərəkatının təşəbbüs qrupunun üzvü Qaregin Çuqaszyan hesab edir ki, yaranan vəziyyətdən yeganə çıxış yolu hakimiyyətə alternativ institutların yaradılmasıdır: "Dövlətimiz böhran vəziyyətindədir. Ölkə hansı istiqamətdə hərəkət edəcəyini bilmir. Belə olduqda seçkilər yardım edə bilməz". Onun sözlərinə görə, növbəti seçkilər Ermənistan dövlətinin gələcək perspektivini şübhə altına alır, ölkəni bir qədər də zəiflədir: "Hazırda növbəti seçkilərin digər seçkilərdən fərqli olacağını ehtimal etməyə heç bir səbəb yoxdur. Qarşıdakı seçkilər məsuliyyətsiz ölkəni bütün sahələrdə - iqtisadiyyatdan siyasətə qədər iflic edə bilər".
Bütün bunların fonunda işğalçı özünün böyük tənəzzül dövrünü yaşamaqdadır. Belə ki, parlament seçkiləri ərəfəsində Ermənistanda siyasi gərginliyin yüksələn xətt üzrə inkişaf etdiyi aydın nəzərə çarpır. Gərginliyin artmasında iqtidarda olan "Respublika" və "Çiçəklənən Ermənistan" partiyalarının təmsilçilərinin bütün çərçivələri aşan qeyri-məhdud təbliğatı və özlərinin "labüd qələbə"lərindən danışmaları da müəyyən rol oynayır. Seçicilərin əksəriyyətinin hər iki partiyaya, eləcə də, onların təmsilçilərinə münasibəti mənfi olsa da, "ölü səslər"i dirildərək hakimiyyəti qoruyub saxlayacaqlarına əmin olan S.Sarkisyan iqtidarının təmsilçiləri seçkidə 60-70 faizlik səs çoxluğu ilə "qələbə" qazanacaqlarından dəm vururlar.
"Ölü" necə dirilir?
Ermənistanda baş verənlər göstərir ki, nəinki ölülərin, vəfat etmiş insanların, hətta ölkə vətəndaşlığından imtina edənlərin də, seçki siyahısına düşməsi və narazı olduğu şəxslərə "səs verməsi" mümkündür. Bu, son bir neçə seçkidə ardıcıl həyata keçirildiyindən, artıq heç kəsdə təəccüb doğurmur. Qeyd edək ki, "ölü səslər"in dirilməsi praktikası işğalçı Ermənistanın seçki təcrübəsi üçün xarakterik əlamətdir. Bu təcrübədən S.Sarkisyanla yanaşı, onun sələfi Robert Köçəryan da yetərincə faydalanıb. Görünür, Ermənistanın indiki iqtidarı dəfələrlə sınaqdan keçirilmiş bu üsulu yenidən tətbiq etməkdə israrlıdır. Burada aparılan statistik müqayisə deyilənləri əyani şəkildə təsdiqləyir.
Belə ki, Ermənistan polisi tərəfindən mayın 6-da keçiriləcək parlament seçkiləri ilə bağlı açıqlanan seçici siyahısına görə ölkədə 2485844 nəfər səsvermə hüququna malikdir. Bu, Ermənistanda qeydə alınan ən böyük seçici siyahısı sayılır. Sonuncu prezident seçkiləri ilə müqayisədə belə məlum olur ki, seçicilərin sayı 165469 artıb. Lakin bu rəqəmlər elə Ermənistan Miqrasiya Xidmətinin açıqlamaları ilə ciddi ziddiyyət təşkil edir. Məsələ burasındadır ki, son prezident seçkilərindən üzü bəri Ermənistanı tərk edənlərin sayı mütəmadi olaraq artıb. Məsələn, rəsmi məlumatlarda qeyd olunur ki, 2010-cu ildə Ermənistanı 12 min nəfər tərk edib. Ötən il bu göstərici 17500-ə çatıb. 2008-2009-cu illərdə isə ölkəni 60 mindən artıq insan tərk edib.
1, 24 milyondan çox "ölü səs"... və ya seçki siyahısının 2 dəfədən artıq şişirdilməsi
Məhz bu faktlara istinad edən Ermənistan Milli Konqresi bildirir ki, əslində, seçici siyahısında səsvermə hüquqları olanların sayı artmaq əvəzinə azalmalı idi. Digər tərəfdən, reallıqda bu sayın ən azı rəsmi rəqəmlərdə göstərildiyindən 3-4 dəfə artıq olduğu sirr deyil. Ermənistan Milli Konqresinin müvafiq hesablamalarına görə, indiki iqtidarın tərbit etdiyi siyahısı, ən azı, 50 faiz saxtalaşdırılıb. Reallıqda ölkədə səsvermə hüququna malik olan şəxslərin sayı rəsmi rəqəmlərdə göstərilənlərin yarısını təşkil edir. Bu, o deməkdir ki, seçki siyahısında 1,24 milyondan çox, qeyd-şərtsiz iqtidar təmsilçilərinin ayağına yazılacaq "ölü səs" mövcuddur. Real seçicilərin sayı isə 1,25 milyon nəfərdən çox deyil. Lakin hakimiyyət bu rəqəmi bilərəkdən 2 dəfə şişirdib və əsas məqsəd ölkədə olmayan insanların hesabına iqtidar namizədlərinə səs qazandırmaqdır. Bunun üçün hətta indidən ölkədə olmayan şəxslərin adına bülletenlər hazırlanır və onların seçki qutularına daxil edilməsi üçün xüsusi şəxslərə təlimatlar keçirilir. Başqa sözlə, Ermənistan iqtidarı, əslində, seçkiyə yox, total saxtakarlığa hazırlaşır.
10-15 dollara alınan səslər
Ermənistan hakimiyyətinin reallaşdırmaq niyyətində olduğu seçki saxtakarlığı bu qeyd edilənlərlə məhdudlaşmır. Belə ki, digər 50 faizin səsini qazanmaq üçün də "orijinal" üsullar düşünülüb tapılıb. Səfalət içində boğulan ermənilərin müəyyən hissəsi çarəsizlik həddində parlament seçkilərində səsini pula satmağa hazırdır. Belə vəziyyətdə seçkidən deyil, bazarlıqdan və saxtakarlıqdan danışmaq mümkündür. Artıq bəllidir ki, hakim Ermənistan Respublikaçılar Partiyası və digər iqtidaryönümlü partiyalar istər proporsional, istərsə də majoritar sistem üzrə namizədliyi irəli sürülmüş adamların qələbəsi üçün böyük miqdarda rüşvət paylamağa hazırlaşır. Ermənistanın mətbuatı bununla bağlı yazır ki, xalq gələcək 5 ili də kriminal-avtoritetlərin dözülməz idarəçiliyi altında keçirəcəyini bilə-bilə onlarla sövdələşməyə gedir: "Belə ki, bir parça çörək üçün onlar oliqarxlara səslərini cəmi 10-15 dollara satırlar".
Hadisələrin axarı isə mövcud gərginliyin seçkilərin baş tutacağı may ayına qədər özünün böhran nöqtəsinə çatacağını, seçkidənsonrakı vəziyyətin kəskin qarşıdurmalarla xarakterizə olunacağını söyləməyə əsas verir.
Naib NİFTƏLİYEV