Bu gün qonşu İran tərəfindən müstəqil ölkəmizə qarşı edilən hər bir təhdidedici bəyanatların arxasında bir amilin - ayətullah ideologiyası timsalındakı anti-Azərbaycan faktorunun dayanması şübhə doğurmur.
Bunun üçün son günlər İranın bir çox əyalətlərinin xütbələrini oxuyan müxtəlif mollaların ifadələrinə nəzər etmək kifayətdir. Ayətullah Həmədaninin, eləcə də. Ərdəbilin imam-cüməsi olan Amilinin xütbələri isə deyilən məqamlarda başlıca yerlərdən birini tutmaqdadır. Azərbaycan Respublikasının rəhbər heyətindən tutmuş, sadə vətəndaşlarına qədər təhdid dili ilə danışmağa cəhd göstərən İran "üləmalarının" işlətdikləri hər bir sözləri, əlbəttə, burada ciddi rezonans doğurmasa da, cəmiyyətdə hiddətlə qarşılanır. Çünki İran dövləti islam bayrağı altında rəsmən fəaliyyət göstərsə də, Azərbaycanın işğalı altındakı torpaqlarını tapdayan terrorçu Ermənistan dövləti ilə qardaşlıq münasibətlərini inkişaf etdirir və bu tendensiya fakt olaraq ölkəmizi təhdid etməyə səy göstərən ayətullahlara tutarlı cavabdır. Lakin bütün bunlara baxmayaraq, qonşu dövlət tərəfindən edilən ardıcıl informasiya hücumları arxasında müəyyən sifarişlərin dayanması da heç kimə sirr deyil.
Amilinin əsas funksiyalarından biri də hər moizədə Azərbaycan Respublikasının əleyhinə nə isə deməklə təbliğat aparmaqdır
Bu mənada, Ərdəbil imam cüməsi Amilinin Azərbaycan Respublikasını şərləmək funksiyasını davam etdirməsi qeyd edilənlərin tərkib hissəsidir.
Onu da bildirmək yerinə düşərdi ki, həmin bu Amili Azərbaycan Respublikası ilə həmsərhəd olan, Azərbaycanın işğal olunmuş əraziləri ilə işğal olunmamış ərazilərini birləşdirən Ərdəbil Ostanlığının ən birinci şəxsidir. İran İslam Respublikasının təbliğatçısı kimi Amilinin əsas funksiyalarından biri də hər moizədə Azərbaycan Respublikasının əleyhinə nə isə deməklə təbliğat aparmaqdır. Çünki Ərdəbil Ostanlığı Azərbaycan Respublikası ilə həmsərhəddir. İran İslam Respublikası ərazisindəki əksər azərbaycanlılar kimi Ərdəbil Ostanlığının əhalisinin Azərbaycan Respublikasına və onun rəhbərliyinin apardığı siyasətə rəğbəti durmadan artmaqda davam edir. Bu xüsusda Amilinin "Qarabağ gedib, Amerika 20 ildir ki, Qarabağı Azərbaycana qayıtmağa qoymur, bir azdan Qarabağ tam müstəqil olacaq" kimi qərəzli fikri onun və ona təlimat verən ali rəhbərlərinin hansı yuvanın quşu olduğunu isbatlayır. Amili hətta bir az da irəli gedərək, söylədiyi ifadələrini bu cür "arqumentlərlə" sübut etməyə çalışır: "Azərbaycan Respublikasının müdafiə naziri İranda səfərdə olarkən Qarabağın müharibə ilə azad olunmasından danışdı və dərhal ABŞ Dövlət Departamentinin sözçüsü bəyanat verdi ki, Dağlıq Qarabağ münaqişəsi regionunda heç kim müharibə edə bilməz (?!)
İran mollası ABŞ-ın onun ölkəsində güclü olmasını etiraf etdimi?
Amilinin siyasi konspektlərini hazırlayanlar ona qətiyyən hörmət etmirlər. Əslində, belə bəyanat Amilini nüfuzdan salır. Çünki Amili ABŞ-ın hər yerdə, o cümlədən, İranın qulağının dibində də güclü olduğunu etiraf edir.
İkincisi, Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyev tez-tez Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli ilə bağlı bəyanatlar verir, hətta ildə üç-dörd dəfə ABŞ-ın siyasi və hərbi rəsmiləri onunla görüşürlər və bizim müdafiə nazirimiz onların birbaşa üzünə deyir ki, "siz Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməyəcəksinizsə, biz bunu müharibə vasitəsilə həll edəcəyik".
Hər halda, Amili Azərbaycan Respublikası ilə bağlı qarşısına qoyulan siyasi konspektlərə fikir verməsə, dinimizin tələblərinə riayət etsə, daha yaxşı olar. Çünki onun İranda və xarici ölkələrdə hansı mülklərə sahib olmasını da bilənlər var. Bəlkə həmin mülklərini hansı günahlar, şirklər işlədərək əldə etməsi haqqında növbəti xütbələrinin birində açıqlasın hörmətli Ərdəbilin imam cüməsi?
QİSMƏT ZƏNGİBASARLI