Parlament seçkilərinin vaxtı yaxınlaşdıqca, ölkədəki siyasi dairələr arasında gedən rəqabət normal haldan çıxaraq, daha radikal xarakter almaqdadır. Belə ki, hakim iqtidar koalisiyası tərəfindən hazırlanmış seçkiqabağı rüşvətvermə kampaniyalarının üstü açıldıqdan sonra, daha diqqətli olmağa çalışan Ermənistan müxalifəti lazım gələrsə, inqilaba qədər gedəcəklərini açıq şəkildə bəyan edirlər.
Serj Sarkisyanın kosmetik "islahatları" uğursuzluqla nəticələnir
Ermənistan prezidenti Serj Sarkisyan isə seçkiqabağı dövrdə müvəqqəti "yumşalmaq" qərarına gəlib. Belə ki, o, başçılıq etdiyi mafiya dəstəsinin hakimiyyət və idarəetmə sistemində "zahiri dəyişikliklərə" nail olmaq istəyini nümayiş etdirməyə çalışır. Həmin "dəyişikliklər"in təməlində isə, əslində, liberallaşma, demokratikləşmə, şovinizm və terrorizmin qarışığı olan siyasətdən əl çəkmək deyil, sadəcə, kosmetik "islahatların" aparılması durur. S.Sarkisyan parlament seçkiləri öncəsi dövrdə vətəndaşların ona və mafiyasına qarşı olan nifrəti bir qədər azaltmaq məqsədilə iqtidar qruplaşmasındakı şəxslər arasında kriminal haqq-hesabların sayının və intensivliyinin azaldılmasına "göstəriş verib". Daha dəqiq desək, S.Sarkisyan bu addımı atmaqla istəyir ki, onun kriminallaşmış yaxın ətrafı barədə mümkün qədər az danışsınlar.
Sarkisyan-Köçəryan
didişməsindən yararlanan Ter-Petrosyan
Ermənistanın eks-prezidenti R.Köçəryan yaşanan hadisələrə, hələlik, fəal müdaxilə etmir və baş verənləri laqeydliklə izləyir. Ancaq Köçəryanın əleyhdarları ilə yanaşı, onun sadiq kadrları da etiraf edirlər ki, belə laqeydlik müvəqqətidir. Belə ki, Sarkisyan hakimiyyət daxilində sabiq dövlət başçısının adamı hesab etdiyi şəxsləri bütünlüklə hakimiyyətdən kənarlaşdırmağa çalışdığından, qarşıda ciddi, hətta qanlı toqquşma öz labüdlüyünü saxlayır. Məsələ ondadır ki, müxalifət və xüsusilə də, Erməni Milli Konqresinin sədri, keçmiş prezident Levon Ter-Petrosyan hazırda Köçəryan-Sarkisyan didişməsinin başlanmasını səbirsizliklə gözləməyə üstünlük verir və iki "mehriban" düşməninin bir-birlərini tam zəiflədəcəyi məqamdan yerində və zamanında bəhrələnmək üçün səbr kasasının aşmamasına çalışır. Bu səbəbdən də, hələlik, tam rəsmi və aşkar bəyanatlar verilməsə də, Ermənistan Respublika Partiyasının seçki siyahısına S.Sarkisyanın rəhbərlik edəcəyi heç də şübhə yaratmır. Bu amil isə Ermənistanda siyasi sirk mövsümünün başa çatmamasına olan işarədir. Növbəti şounu hazırlayanlar isə, görünür, sonuncu nömrələrini yerinə yetirə bilməmək baxımından yaman ehtiyat edirlər.
Göründüyü kimi, seçkiöncəsi proseslərin inkişafı özünü seçkisonrası hadisələrin başlanğıcı kimi sərgiləyir ki, bu da bütün mənalarda Ermənistanda mart hadisələrindən sonra daha gərgin anların yaşanacağından xəbər verir. Təkcə son günlərdə baş verən iqtidar-müxalifət çəkişmələrinin aqressiv şəkil alması bu kimi proqnozların reallaşmasına xidmət edir.
Aytən Səmədova