PDF Oxu

Araşdırma

  • 818

Erməni mətbuatı seçki maxinasiyalarından yazır

Erməni mətbuatı seçki maxinasiyalarından yazır

Ermənistanda parlament seçkilərinin keçiriləcəyi gün yaxınlaşdıqca, ölkə daxilində artan ajiotajlar daha radikal və xaotik xarakter almaqdadır. Xalqla yanaşı, seçkilərə namizədliklərini irəli sürmüş müxalifətçi və bitərəf namizədlər də Sarkisyan iqtidarına qarşı etiraz səslərini ucaltmaqdadırlar. Bu barədə Ermənistan mətbuatı da müəyyən faktları üzə çıxarmaqdadır. Belə ki, həmin faktlar rəsmi olaraq ictimailəşdirilsə də, ölkənin müvafiq qurumları onları araşdırmır, əksinə, ört-basdır etməyə cəhdlər göstərirlər. Çünki ifşa edilən namizədlərin böyük çoxluğu məhz iqtidarda təmsil olunan şəxslərdirlər.

"Aykakan jamanak": "İqtidardan olan namizəd Sarukyanın gəlir deklarasiyasındakı məbləğ milyon və milyardlarla ölçülür"


"Çiçəklənən Ermənistan" partiyasından olan namizəd Qaqik Sarukyanın Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi gəlir deklarasiyasındakı məbləğ və oradakı rəqəmlər milyon və milyardlarla ölçülür. Aparılan hesablamalara görə, Sarukyan son bir ildə 21 milyard 433 milyon dram (60 milyon 81 min dollar və 40 milyon avro) gəlir əldə edib.

Q.Sarukyan, eyni zamanda, ümumilkdə 4 milyon 700 min dollar dəyərində olan üç ədəd brilyant üzük, 500 min və 300 min dollar dəyərində iki ədəd qol saatını Ermənistan MSK-na deklorasiya daxilində təqdim edib.

"Aykakan jamanak" qəzeti iqtidar mənsubunun digər gəlirlərini də araşdıraraq ortaya çıxarmağa müvəffəq olub. Belə ki, 2012-ci ilin hesablamalarına görə Q. Sarukyanın bank hasabında 1 milyard 161 milyon dram, 30 milyon dollar və 20 milyon 483 min avro müəyyən olunub. O, həmçinin, deklarasiyada 800 min avro dəyərində olan bahalı mebel dəstini də qeyd edib.

Eləcə də, məlum olub ki, onun 32 müxtəlif kompaniyalarda səhmləri, 9 min kv.m ərazisi olan tikililəri, 32 ha torpağı və yeddi ədəd bahalı avtomobilləri mövcuddur.

Qəzet sonda onu da yazmağı unutmayıb ki, həmin varidatların hər birində acından ölən erməni xalqının haqqı var.


"Çorord inknişxanutyun": "Nork-Maraşda xaos və anarxiya hökm sürür"


Adıçəkilən erməni qəzetinin yazdığına görə, Yerevanın inzibati rayonlarından biri olan Nork-Maraşda xaos və anarxiya hökm sürməkdədir. Belə ki, rayon ərazisində fəaliyyət göstərən poliklinikaların birində araşdırma aparan "Çorord inknişxanutyun" qəzetinin jurnalisti belə bir halın şahidi olub ki, hazırda tibb müəssisəsində mülki şəxslər tərəfindən qeyri-qanuni təbliğat işləri aparılmaqdadır: "İnzibati ərazinin əməkdaşları tibb işçiləri arasında qeyri-qanuni sorğu keçirərək, kimlərin hansı namizədə səs verəcəklərini öyrənməyə cəhd göstərirlər. Məsələ ondadır ki, həmin ərazidə hakim "Respublikaçılar" və müxalifətçi "Orinats Yerkir" partiyalarının namizədləri mübarizə aparacaqlar. Əgər kim hakim "Respublikaçılar"a səs verməsə, həmin adamları xüsusi maddələrlə işdən çıxarılacağı ilə hədələyirlər".


"Aytsak": "Daşnaksütyun" səlahiyyətlisi sərxoş halda mikrofona yaxınlaşaraq, seçiciləri təhqir edib"


Bu günlərdə seçki kampaniyasını aparan "Daşnaksütyun" partiyasının təbliğatçıları Yexeqnadzor şəhərinin Vayots-Dzor rayonuna gedərək öz namizədlərinin təbliğatını aparıblar. Həmin vaxt partiya səlahiyyətlilərindən biri sərxoş vəziyyətdə mikrofona yaxınlaşıb və seçiciləri təhqir edib. O, "Daşnaksütyun"dan olan namizədə səs verməyəcək insanları ana söyüşü ilə hədələyib. Polis həmin şəxsi kənarlaşdırsa da, o yenidən həmin halı təkrar edib. Bundan sonra isə hər iki tərəf arasında qarşıdurma yaranıb.


QİSMƏT ZƏNGİBASARLI

Digər xəbərlər