PDF Oxu

Araşdırma

  • 949

ERMƏNİ MİFİ VƏ “24 APREL” NAĞILLARI

ERMƏNİ MİFİ VƏ “24 APREL” NAĞILLARI

Nə az, nə də çox, düz yüz ildən bir qədər də artıqdır ki, dünyada "erməni soyqırımı" barədə böhtanlar, yalanlar baş alıb getməkdədir. Məhz hər il 24 aprel ərəfəsində erməni mətbuatı, erməni diasporu, müxtəlif erməni cəmiyyətləri və lobbisi, eləcə də, erməni kilsəsi fəallaşır, müxtəlif dövlətlərin parlamentlərinə "erməni soyqırımı"nın tanınması haqqında müraciətlər göndərir, bu vasitə ilə dünyada nəyəsə nail olmağa cəhd göstərirlər.

Əgər tarixə nəzər salsaq, görərik ki, ermənilər hər zaman çoxsaylı, daha güclü xalqların, xüsusilə, islam dininə mənsub xalqların içərisində yaşamış, həmin sivilizasiyanın daxilində formalaşmışlar. Ancaq buna baxmayaraq, bir dəfə də olsun milli mənsubiyyətlərinə görə əzilməmiş, sıxışdırılmamışlar. Hətta bunlarla yanaşı ticarətdə, müxtəlif sənət sahələrində, maliyyə məsələlərində mühüm rol oynamışlar. Bu, həm də onu deməyə əsas verir ki, Osmanlı imperiyasında heç vaxt milli azlıqlara qarşı dini və milli dözümsüzlük olmamışdır. Çünki dövlətin özü bir çox etnik millətləri birləşdirən tolerant dövlət kimi formalaşmışdı. Bu kimi faktlardan sonra ermənilərin qondarma soyqırımı iddiaları isə, əslində, anlaşılmazdır.


FAKTLAR NƏ DANIŞIR?


Qondarma erməni soyqırımı haqqında bəhs edən mif daşnak emissarlarının səyi ilə Rusiya və Türkiyə arasında gedən hərbi əməliyyatlar zamanı yayılmağa başlamışdır. Məhz həmin emissarların başçılığı ilə ermənilərin sıx məskunlaşdıqları ərazilərdə millətçilərdən ibarət "könüllü dəstələr" kütləvi silahlı çıxışlar edir, Türkiyənin sərhədyanı vilayətlərində dinc müsəlman əhalini soyuqqanlılıqla və vəhşi üsullarla qətlə yetirirdilər.

Digər faktlara əsasən, ermənilər ilk dəfə Rusiyanın tərəfində Türkiyənin əleyhinə 1828-ci ildə, erməni mənşəli Loris Məlikovun başçılığı altında rus qoşunları Anadolunu işğal edən vaxt çıxış etmişdilər. Məhz həmin hadisələr zamanı Türkiyənin erməni əhalisi rus ordusunu dəstəkləyirdi. Türkiyə ordusuna çağırılmış osmanlı erməniləri fərarilik edir, casusluqla məşğul olur, xəyanətkarcasına silahları ilə birgə düşmənin tərəfinə keçirdilər.

Birinci Dünya müharibəsi başladıqdan sonra isə onlar daha da quduzlaşdılar. 1915-ci il fevralın 19-da 11-ci diviziyanın komandiri hərbi nazirliyə məlumat verirdi ki, bir sıra kəndlərdə ermənilər jandarmlara atəş açırlar. Fevralın 21-də komandirin vurduğu növbəti teleqramda deyilirdi ki, Muşun yaxınlığındakı Siranun kəndində 40-50 nəfərlik erməni bandası qonşu kəndlərə basqınlar edir. Fevralın 25-də 5-ci diviziyanın komandiri Dəvəli qəzasında çoxlu miqdarda bomba, silah, barıt və s. aşkar edildiyini bildirirdi. Birinci diviziyadan 3-cü ordunun komandanlığına məlumat verilirdi ki, 95 fərari, ədalət məhkəməsindən yayınan 25 nəfər tutulub saxlanmışdır.


STRATEJİ ADDIMLAR SİVİL YOLLA HƏLL EDİLİRDİ


Türkiyə hökuməti bu reallıq qarşısında qalmışdı və tədbir görməli idi. 1915-ci il aprelin 24-də İstanbulda və digər şəhərlərdə türklərə qarşı xəyanət edən erməni təşkilatlarının təcili olaraq bağlanması, onların rəhbərlərinin həbs edilməsi və sənədlərin ələ keçirilməsi haqqında daxili işlər naziri əmr verdi. Bundan sonra 2345 erməni xəyanətə görə həbs edildi. Hökumət isə hərbi əməliyyatlar gedən şərq rayonlarından erməni əhalisini ölkənin içərilərinə köçürməyi qərara aldı. Bütün ölkələrdə

müharibə dövründə ölkə rəhbərliyi hərbi əməliyyatlar zonasından əhalini köçürür. 1915-ci ilin aprelində eyni vaxtda iki cəbhədə müharibə aparan Türkiyə şərq cəbhəsində arxasında düşmən, hər an qiyam etməyə hazır olan əhalinin qalmasına dözə bilməzdi. Buna reaksiya verilməli idi. Beləliklə, beynəlxalq hüquq nöqteyi-nəzərindən Türkiyə hökumətinin köçürmə qərarı ədalətlidir. Bu, strateji bir addım idi və burada namərd ermənilərdən intiqam almaq barədə söz ola bilməz.


MİSSİONERLƏRİN

CANFƏŞANLIĞI


Bundan sonra Qərb ölkələri missionerlərinin səyi ilə "1915-ci ilin erməni faciəsi" anlayışı dövriyyəyə buraxıldı. Sonralar bu, "soyqırımı" ilə əvəz edildi. Dünya ictimaiyyəti "türk barbarların" "məzlum" ermənilərə qarşı "vəhşiliyi" barədə dezinformasiyaya inandı. Bu faciənin günahkarı kimdir sualına nə o zaman, nə də sonralar cavab verildi. Səfirləri vasitəsilə hər şeydən xəbərdar olan Qərb dövlətlərinin rəhbərləri erməni millətçilərinin qırdığı türk əhalisi haqqında bir kəlmə də danışmadılar. Bu gün də demokratiyadan, ədalətdən dəm vuran bu cənablar xislətlərinə sadiqdirlər.

"Soyqırımı" haqqında mif "cəfakeş" erməni xalqı obrazının yaradılmasına kömək etdi. Bu mifdən və "cəfakeş" damğasından istifadə edən ermənilər 1918-ci ildə azərbaycanlıların torpağında öz dövlətlərini yaratdılar. Son zamanlar bu mifdən növbəti ərazi iddialarını (Dağlıq Qarabağ) əsaslandırmaq, öz xalqını azərbaycanlılara, türklərə, müsəlmanlara nifrət ruhunda tərbiyə etmək, öz işğalçılıq niyyətlərini reallaşdırmaq üçün dünya ictimai rəyi ilə manipulyasiya aparmaqdan ötrü istifadə olunur.


QİSMƏT ZƏNGİBASARLI


HAŞİYƏ: Aprelin 24-də qardaş Türkiyənin bir çox şəhərlərində, eləcə də, Taksim meydanında ermənilərin qondarma "soyqırımı" iddialarına etiraz əlaməti olaraq ictimai birliklər, milli fəallar, eləcə də, siyasi təşkilatlar tərəfindən aksiyaların keçirilməsi nəzərdə tutulub. Lakin bu dəfə də erməni məkri ortaya çıxıb. Belə ki, erməni təşkilatları iddia edirlər ki, Taksimdəki aksiya keçirilərsə, onlar həmin tədbirin baş tutmaması üçün hər addıma gedəcəklər. Bu isə, bir daha onu deməyə əsas verir ki, ermənilərin yalanları onların ifşası ilə nəticələnir. İfşa olunmamaqdan ötrü isə onlar yenidən türk millətinə qarşı olan iç üzlərini ortaya qoymağa cəhd göstərirlər.

Digər xəbərlər