PDF Oxu

Araşdırma

  • 1 035

Boş vədlər, boş cəhdlər və etiraflar

Boş vədlər, boş cəhdlər və etiraflar

Ermənistan iqtidarı problemlərin xərçəng xəstəliyi kimi cəmiyyətin hər yerini sardığını yaxşı bilir

Bu gün rəsmi Yerevan və onu təmsil edən iqtidarı vətəndaşların təhsil və əmək problemlərindən, sosial bərabərliyə nail olmağın yollarından, ictimai ədalətsizliyi aradan qaldırmaq üçün ilk əvvəl hansı səylərin görülməsinin vacib olduğundan bəhs edir, əhaliyə nəyi isə inandırmağa cəhdlər göstərir. Amma onlar həmin cəhdlərin arxasında dayanmış həqiqətləri özlərindən uzaqlaşdırmağı bacarmırlar. Çünki həmin həqiqətlər məhz ermənilərin özləri tərəfindən səsləndirilir.

Dəfələrlə bu kimi faktlar əsasında erməni iqtisadçıları, ictimai xadimləri, müxalifət nümayəndələri ölkədə baş alıb gedən anarxik durumu ifşa edir və hər ifşada daha çox faktlar ortaya çıxır. Buna misal kimi Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın erməni mətbuatına verdiyi açıqlamasını göstərmək mümkündür. O, Azərbaycanın hər sahədə artan qüdrətinə qısqanclığını gizlətməyərək deyib ki, Ermənistan büdcəsində, ümumiyyətlə, artım yoxdur: "Beynəlxalq iqtisadi göstəricilərə görə Ermənistan 2007-2011-ci illərdə 83 bal itirib. Ermənistan korrupsiya indeksinə görə 180 ölkə arasında 2007-ci ildə 99-cu yerdən 2011-də 129-cu yerə, yoxsulluq indeksinə görə 32-dən 43-ə düşüb, gizli iqtisadiyyat indeksinə görə isə 151 ölkə arasında 124-cü olub".

Ermənistanın baş naziri Tiqran Sarkisyan da ölkəni dolaşarkən çıxışlarından birində deyib ki, əhali iş tapmaq və yaxşı təhsil almaqla bağlı çətinliklər yaşayır. O, sonda bildirib ki, Ermənistan hökuməti dövlət büdcəsindən təhsilə ayrılan xərcləri artırmalıdır. Amma necə?


Sosial ədalətsizlik prinsipi və dövlətin xalqa olan borcu


Çünki rəqəmlərə nəzər yetirsək, görərik ki, 2012-ci ilin əvvəllərində Ermənistanın dövlət borcu 4 milyard 137 milyon dollar təşkil edərək ÜDM-in 60 %-i səviyyəsinə qalxıb. Hər bir vətəndaşa düşən dövlət borcu 1480 dollardır. Ötən ildə Ermənistanın xarici borcu hər gün üçün bir milyon dollar, ümumilikdə isə, 363 milyon dollar artıb. Nəticədə, işğalçı dövlətin iqtisadiyyatı bütövlükdə öz funksionallığını itirərək, xarici transferlərin ümidinə qalıb.

Mayın 6-da parlament seçkilərinin keçiriləcəyi Ermənistanda indi ən mühüm məsələlər hakim təbəqənin başqa vətəndaşlarla müqayisədə qeyri-bərabər şəraitdə olması, bu yolverilməz vəziyyətin ləğv edilməsi, iri biznesin qanun müstəvisinə gətirilməsi, inhisarların ləğv edilməsidir. İmkanlı adamlar əməkdaşları və onlara çalışanlarla eyni hüquqi müstəvidə duranda, istismar olmayanda, o cümlədən, təhsilli insanların çobandan da pis yaşamağa vadar edilməsini şərtləndirən situasiya aradan qalxandan sonra normal seçkilər keçirmək mümkündür.

Ermənistanın iqtidarı əla bilir ki, sadalanan problemlər xərçəng şişləri təki cəmiyyətin hər yerini sarıb. Ölkədə çalışanlarla yanaşı, tələbələr və şagirdlərin də hüquqları kobud şəkildə pozulur. Sarkisyan iqtidarı onları yalançılıq, əclaflıq, yaramazlığa, konformizə alışdırır ki, sonradan tayfa-klan düşüncəsinin tərkib hissəsinə çevirə bilsin.

Ermənistanda hamı qanun qarşısında bərabər olmayınca, yalnız qanuna riayət edən müstəqil məhkəmə sistemi yaradılmayınca, sosial ədalətsizlik və bərabərsizlik yox olan deyil. Yox olsa da, yalnız mühacirətin hesabına belə nəticə əldə olunacaq. Çünki Ermənistanda yalnız hakimiyyətdəki quldurların istəklərini və göstərişlərini yerinə yetirməyə razı olan müti kütlə qalacaq.


Serj Sarkisyan faşizm ideoloqu Yozef Gebbelsin tezislərinə əsaslanır


Rəsmi Yerevan məqsədlərinə çatmaq üçün yalan və mənhus ideoloji sapıtma yollarını seçib. Faşist Almaniyasının III Reyxinin ideologiyasının rəhbəri Yozef Gebbelsin "Mümkün qədər çox yalan danışın - onda sizə inanacaqlar" postulatından yararlanan Sarkisyan hakimiyyəti ölkədə aparılan quruculuq işlərindən, infrastruktur layihələrindən, xarici investisiyaların artmasından, yerli sahibkarların elə yerli istehsalata daha çox maya qoymalarından danışır və onu da deyirlər ki, Ermənistan guya regionun ən sürətlə inkişaf edən dövlətinə çevrilir. Həmin mifik inkişaf yalnız Sarkisyan iqtidarının kağızları üzərində olsa da, məmurlar belə görüntü yaratmağa çalışır, uğurlarından bəhs edirlər. Üstəlik, xarici ölkələrdə yaşayan ermənilərin vətənə yardımlarının artmasından da bəhs edirlər.

Yəni onların təbliğatı vətəndaşları bir qədər də dözməyə, çətinliklərin qısa zamanda həll olunacağına inandırmağa, hakimiyyəti dəstəkləsələr, qarşıdakı döngədən sonra işıqlı gələcəyin onları durub gözlədiyinə inandırmağa yönəlib.

Çarəsizlik, ümidsizlik, yoxsulluq və işsizlikdən taqəti kəsilən, belləri polis zopasından zol bağlamış adi vətəndaşların isə seçim yolları məhduddur: ya ölkədə yaşamağa davam edərək bu müsibətlərin nə zamansa başa çatacağına ümid etməli, ya üzüqoylu çırpıldıqları ətalət lehməsindən duraraq boyunlarında oturmuş Sarkisyan iqtidarını yerə çırpmalı, ya da hər şeyə əl yelləyib ölkəni tərk etməlidirlər. Çünki onların başqa yolları qalmayıb.


Q. ZƏNGİBASARLI

Digər xəbərlər