PDF Oxu

Araşdırma

  • 3 565

Şuşanın işğal olunmasında AXC-Müsavat cütlüyünün yarıtmaz siyasətinin də rolu olub

Şuşanın işğal olunmasında AXC-Müsavat cütlüyünün yarıtmaz siyasətinin də rolu olub

Bu gün Azərbaycan Respublikasının 21 yaşının tamam olmasına 6 aydan da az vaxt qalır və ötən müddət ərzində respublikamızın itirdikləri də, qazandıqları da olub. Lakin tarix elə bir zaman ölçüsüdür ki, bu çərçivədə baş verənləri yalnız uzun müddət keçdikdən sonra anlamağa başlayırıq. Azərbaycan xalqı da ötən vaxt ərzində böhranlı, xaoslu dövrdən sürətli, dinamik inkişaf yoluna çıxsa da, bəzi məsələlərin üzərindən sakitcə keçərək, bu günə gəlib çıxıb. Bu da, öz növbəsində, bəzi tarixi hadisələrlə bağlı unutqanlığa səbəb olub.

Çox təəssüflər olsun ki, Azərbaycan daxilindəki radikal müxalifət nümayəndələri də insanların bu unutqanlığından istifadə edərək, cəmiyyətin şüurunu yumağa, tarixi isə yozmağa çalışırlar. Elə Əli Kərimovun xarici mətbuat orqanlarına müsahibələrində, həmçinin, İsa Qəmbərovun bəzi qəzetlərdəki uydurmalarında səslənən fikirlər buna əyani misaldır. Bu səbəbdən də, "Səs" qəzeti olaraq, tarixi olduğu kimi, yenidən cəmiyyətin diqqətinə təqdim edərək, insanların doğru düşüncəyə sahib olmasını təmin etmək üçün "Postfaktum" layihəsinə start veririk. Layihə çərçivəsində budəfəki mövzumuz isə Şuşanın ermənilər tərəfindən işğal edilməsi və bu prosesdə əsas səbəbkarların tapılmasıdır. Bu mövzunun seçilməsinin isə xüsusi səbəbi var...

Bildiyimiz kimi, bu ilin mayında Şuşanın ermənilər tərəfindən işğal edilməsinin 20 illik məşum "yubileyi" tamam olacaq. 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı. Dərin siyasi, iqtisadi, sosial böhran keçirən və Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən çıxış yolu axtaran ölkəmiz, hələ öz milli ordusu formalaşmadığından, yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən-dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan elədilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çoxlu sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər.

Tarixə qara hərflərlə yazılmış bu günlə əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprel ayının 9-da xüsusi Sərəncam imzalayıb. Düşünürük ki, bu Sərəncam əsasında keçiriləcək tədbirlərin və aparılacaq diskussiyaların nəticəsində əsil xəyanətkarların üzə çıxarılması baş tutacaq. Biz də qısa araşdırmamızla eyni məqsədə çatmaq üçün bir cəhd etdik...


AXC-Müsavat Şuşanın işğal olunacağını bilə-bilə silahlı qüvvələri Ali Sovetin ətrafına yığırdı


Məlum olduğu kimi, hələ 1990-cı illərin əvvəllərindən başlayaraq, ermənilər Azərbaycan torpaqlarının, konkret olaraq, Dağlıq Qarabağın işğal edilməsi siyasətini həyata keçirirdilər. Quşçuların, Xocalının və digər kəndlərin vəhşicəsinə dağıdılmasından sonra artıq növbənin Şuşaya və Laçına çatması 1992-ci ildə hər kəsə bəlli idi. Lakin xalqın yüksək əhval-ruhiyyəsi bir qrup siyasi buqələmunun maraqlarının reallaşdırılmasına yönəldilməsi sonda ağır nəticələrə gətirib çıxardı. Bu prosesdə isə aktiv iştirak edən AXC-Müsavat, ilkin olaraq, Şuşanın işğal edilməsində səbəbkar qismində çıxış edir. Çünki kəşfiyyat məlumatlarından da bəlli olmuşdu ki, may ayında ermənilər Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq. Hətta Leninakandan Qarabağa döyüşməyə gəlmiş bir erməni əsgərindən götürülmüş sənədlərdə də göstərilirdi ki, may ayının 7-dən başlayaraq, Şuşaya 6 istiqamətdə hücum olacaq. Bu faktı, təbii ki, həm hakimiyyətdə olan qüvvələr, həm də silahlı çevrilişə hazırlıq görən AXC-Müsavat da bilirdi. Amma nə hakimiyyət nümayəndələri torpaqların müdafiə edilməsi üçün iş gördü, nə də AXC-Müsavat ölkədə nizami ordunun yaradılması prosesinə şərait yaratdı.


Mayın 3-də Xankəndidə xəyanətkar "danışıqlar" olub


Artıq may ayının əvvəllərindən başlayaraq, həm respublikada, həm də Dağlıq Qarabağda vəziyyət ağırlaşmışdı. 4 il idi ki, hərbi-siyasi və ideoloji hazırlıq aparan ermənilər o zamankı hakimiyyət daxilində də xəyanətkarlarla əlaqələr qura bilmişdi. Belə ki, şahidlərin məlumatlarına görə, may ayının 3-də Azərbaycanın Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşı Xankəndidə ermənilərlə naməlum planlar ətrafında müzakirələr belə aparıb.

AXC-Müsavat cütlüyünün Bakıda hakimiyyəti silahlı yolla ələ keçirmək üçün Qarabağda müdafiəyə hazırlaşan əsgərləri silahları və zirehli texnikaları ilə birgə Ali Sovetin ətrafına yığdığı, eyni zamanda, həmin dövrdə müdafiə naziri olmuş Rəhim Qazıyevin də silahlılarla birgə həmin ərazidə olduğu bir zamanda, hakimiyyət nümayəndələri məqsədli şəkildə Şuşa əhalisi arasında ajiotaj yaradaraq, onların rayonu boşaltmasını tezləşdirirdilər. Xocalı soyqırımını əsas gətirən həmin qüvvələr may ayının 7-dək, demək olar ki, rayonun köçürülməsini təmin etmişdilər.


Şuşa-Xankəndi yolunun minasızlaşdırılması kimə lazım idi?


Əlbəttə ki, Şuşanı döyüşsüz ermənilərə təslim etmək istəyən xəyanətkarlar əsgərlərin və zirehli texnikaların belə ərazidən çıxarılmasını da təşkil etmişdilər. Belə ki, birbaşa olaraq, Rəhim Qazıyevin göstərişilə Şuşadakı hərbi qoşunların briqada komandirinə deyilmişdi ki, ermənilərin hücumunun qarşısını almaq üçün minalaşdırılmış Şuşa-Xankəndi yolu minasızlaşdırılmalıdır. Hətta briqada komandiri bu göstərişi yerinə yetirmədiyi halda, hərbi tribunalla qarşılaşa biləcəyilə bağlı hədələnmişdi. Göstərişin səbəbi kimi isə göstərilmişdi ki, guya may ayının 7-də ATƏT-in və Qırmızı Xaç təşkilatının nümayəndələri Şuşadan keçərək Xankəndinə gedəcəklər. Lakin həmin ildə ATƏT-ə sədrlik etmiş İtaliyanın xarici işlə naziri o zamanki Azərbaycan rəhbəliyilə İranda görüş keçirmişdi və onların Azərbaycana, ələlxüsus, Qarabağa getmək kimi planları yox idi. Buradan da göründüyü kimi, 1992-ci ildə siyasi oyunlarda iştirak etmiş bütün qüvvələr xəyanətkar əməllərin sahibləridir.

Yolun minasızlaşdırılması ilə bağlı olan göstərişdə, həmçinin, ermənilərin gözlənilən hücumunun qarşısını almaq üçün Şuşaya toplaşmış əsgərlərin və zirehli texnikaların rayondan çıxarılması öz əksini tapmışdı.


Hücum günündə Şuşada ermənilərin ZTR-i qədər Azərbaycan əsgəri var idi


Beləliklə də, may ayının 8-dək Şuşanın müdafiəsini təşkil etmiş silahlı qüvvələrin böyük bir hissəsi rayondan çıxarılmışdı. Şuşada könüllü olaraq, qalmış və ermənilərə qarşı vuruşmuş əsgərlərin sözlərinə görə, həmin vaxt döyüşən 60-a yaxın əsgər və bir ədəd işləməyən tank var idi. Qalanı isə cəmi 13 nəfər qoruyurdu. Kəşfiyyat materiallarından da bəlli idi ki, ermənilər Dağlıq Qarabağın tam işğalını həyata keçirmək üçün Şuşanın zəbtinə bütün güclərini qoyacaqlar. Şahidlərin sözlərinə görə, yüksək səviyyədə silahlanmış və hazırlıq keçmiş nizami ordu Şuşaya hər tərəfdən girməyə başladığı zaman, ermənilərin ZTR-lərinin sayı Azərbaycan əsgərlərinin sayına bərabər idi. Bundan başqa, ermənilər Şuşaya 10-a yaxın tankla hücuma keçmişdilər. Lakin bütün bunlara baxmayaraq, döyüşmüş əsgərlərin sözlərinə görə, hətta, gecə üç saatlıq bombardmandan sonra belə Şuşanın müdafəsini təşkil etmək və rayonu saxlamaq olardı. Amma Bakıya vəziyyətlə bağlı məlumat ötürən əsgərlərə bir gün gözləməyi məsləhət görürdülər.


Azərbaycan əsgərlərinin mövqeləri Müdafiə Nazirliyindən ermənilərə deyilirdi


Döyüş bölgəsində tez-tez Bakıya məlumat ötürən əsgərlərimiz orada da xəyanətə uğrayırdılar. Hərəkət etdikləri istiqamətləri və mövqeləri haqqında məlumat Müdafiə Nazirliyi tərəfindən birbaşa ermənilərə ötürülürdü. Şuşada döyüşmüş əsgərlərdən bəzilərinin sözlərinə görə, ermənilər onların tutduqları mövqeləri çox dəqiqliklə vururdular. Bu səbəbdən də, Şuşada itki çox oldu.


Radio insanları aldadır, ermənilər isə rayonu talayırdı


May ayının 8-də artıq Şuşa ermənilərin tam nəzarətində idi. İnsanların kütləvi şəkildə köçürüldüyü, əsgərlərin isə xəyanət nəticəsində öldürüldüyü Şuşada ermənilərin talançılıqla məşğul olduğu vaxtda, televiziya və radio Azərbaycan əhalisinə yalançı informasiyalar verirdi. Həmin vaxt milyardlarla dollar ziyan dəymiş Şuşada daş üstə daş qalmamışdı. Respublikadakı müxtəlif qrupların siyasi maraqları naminə Şuşa ermənilərin qarşısında "diz çökdürüldü". Bu, Ermənistan ordusunun Azərbaycan ordusu üzərində qələbəsi deyildi. Şuşanın işğalı sırf xəyanətin nəticəsi idi. Bütün bunların əsas səbəbkarları isə o zamankı hakimiyyət və dövlət idarəçiliyini silah gücünə ələ almağa çalışan AXC-Müsavat cütlüyüdür. Dağlıq Qarabağda düşmənə qarşı vuruşmalı olan qoşunlar respublikanın ayrı-ayrı bölgələrində, xüsusilə, Bakıda "bəy"lərin şəxsi sifarişlərini yerinə yetirirdilər.


Xalqımız AXC və Müsavatın yenidən bu cür qanlı tarix yazmalarına heç vaxt imkan verməyəcək


Düşünürük ki, bu cür xəyanətkar fəaliyyətlərini göz qabağına gətirən Əli Kərimovun və İsa Qəmbərovun xalq qarşısına çıxıb Dağlıq Qarabağdan, dövlətçilikdən danışması heç bir mənəvi-əxlaqi çərçivəyə sığmır. Əminik ki, hər şeyi görən və bilən kamil xalqımız radikal müxalifəti təmsil edən AXC və Müsavatın yenidən bu cür qanlı tarix yazmalarına heç vaxt imkan verməyəcək.


"Səs" Analitik qrupu

Digər xəbərlər