PDF Oxu

Araşdırma

  • 796

Azərbaycana qarşı “Qəbələ RLS-i kartı”

Azərbaycana qarşı “Qəbələ RLS-i kartı”

Qəbələ Radiolokasiya Stansiyasının (RLS) Rusiyaya icarəyə verilməsi, icarə müddətinin artırılması ilə bağlı danışıqların getdiyi bir vaxtda İsrailin xüsusi xidmət və hərbi çevrələrinə bağlılığı ilə tanınan "DEBKA" saytı Rusiyanın Ermənistanla gizli işbirliyi planları barədə sensasiyalı yazılar dərc edib.


Rusiya Azərbaycanla anlaşa bilməsə...


Materialda Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana və Azərbaycana son səfərinin pərdəarxası ilə bağlı maraqlı məqamlar yer alıb. Qeyd olunub ki, Rusiya Ermənistan ərazisində radar kompleksi yerləşdirib, buradan İsrailin İrana qarşı hərbi əməliyyatlarının qarşısını almaq üçün tədbirlər görür. Xatırladaq ki, Qəbələ RLS-in icarəsi ilə bağlı razılaşma bu il başa çatacaq. Lakin Azərbaycan tərəfinin icarə haqqını qaldırması Rusiyanın yeni RLS axtarışına çıxmaq istəyinə təkan verib. Qəbələ RLS-in icarəsinə dair Rusiya ilə danışıqlarda mürəkkəb vəziyyət ortaya çıxıb. Rəsmi Bakı hərbi obyektin icarəsi üçün ildə 300 milyon dollar tələb edir. Rusiya isə bu məbləğlə razı deyil. Lavrovun səfəri zamanı bu məsələ ilə bağlı danışıqlar olsa da, tərəflərin mövqeləri dəyişməyib. Ardınca Ermənistanın baş naziri Tiqran Sarkisyan bildirib ki, Rusiya Azərbaycanla anlaşa bilməsə onun ölkəsində radar yerləşdirə bilər. Ekspertlər bunu Rusiyanın Azərbaycana qarşı erməni kartını işə salması kimi dəyərləndiriblər.


RLS elə bir nöqtədə inşa olunmalıdır ki...

Radiolokasiya Stansiyalarının (RLS) tikilməsi üçün mühit, şərait olmasının zəruriliyini qeyd edən Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Siyavuş Novruzov bildirib ki, Ermənistanda bu şərait yoxdur: "Əgər bu olsaydı, o zaman vaxtında Ermənistanda tikərdilər. RLS elə bir nöqtədə inşa olunmalıdır ki, relyef, mühit ona imkan versin və oradan əldə ediləcək informasiyaları, təhdidləri, digər hücumları tamamilə şəffaf, açıq şəkildə göstərə bilsin. Əvvəllər belə bir stansiya Pribaltikada yerləşdirilmişdi və əsasən Avropanı əhatə edirdi. Yaxın Şərqi müşahidə etmək üçün isə Qəbələ RLS tikilmişdi. Bu günə qədər də Rusiya stansiya ilə müqavilənin müddətini uzadır. Bizim icarə haqqının miqdarının artırılması ilə bağlı əlavə təkliflərimiz var".

Millət vəkili informasiya alınması baxımından Qəbələ RLS-nin çox vacib və zəruri bir obyekt olduğuna diqqət çəkib: "Modul tipli kiçik RLS-lər var, özü hərəkət edən qurğular mövcuddur. Amma onların effekti, radiusu Qəbələ qədər deyil. O baxımdan da Ermənistanda onun tikilməsi sadəcə mətbuatın informasiyasıdır. Bu cür stansiya Ermənistanda heç vaxt tikilə bilməz. Əgər bu, mümkün olsaydı, Azərbaycanda deyil, vaxtilə Gürcüstanda, Ermənistanda inşa olunardı".


CABİR

Digər xəbərlər