Almaniyanın Fridrix Nauman Fondunun Azərbaycan müxalifətinin destruktiv qanadı, xüsusən, AXCP (i) ilə yaxınlığı heç kəsə sirr deyil. Uzun illərdir ki, destruktiv müxalifət düşərgəsi bu tipli qurumların sifarişi ilə yaradılan şərti QHT-lərə ayrılan qrantlar vasitəsilə maliyyələşir. Fondun təmsilçiləri müxalifətin aqressiv qütbünü dəstəklədiklərini heç də gizlətmirlər. Əksinə, müxalif partiyaların toplantılarına, qurultaylarına nümayəndə, ən azı, məktub göndərərək, onlarla həmrəy olduqlarını nümayiş etdirirlər.
Müəmmalı fondların
şübhəli fəaliyyəti...
Fondun Azərbaycan nümayəndəliyi isə artıq öz səlahiyyət həddini aşaraq, tamamilə siyasiləşib. Qurumun Azərbaycan bölməsinin rəhbəri Ərəstun Oruclunun özünü aşkar şəkildə müxalifət təmsilçisi kimi aparır. Əslində, bu, Azərbaycanda öz nümayəndəliyini yaradan bir sıra digər xarici fondlar üçün xarakterik xüsusiyyətdir. Müxtəlif Qərb dövlətlərinə bağlı belə fondların Azərbaycanda bir qədər şübhəli, müəmmalı fəaliyyəti barədə məlumatlar informasiya məkanında heç də yenilik deyil. Media dəfələrlə müvafiq qurumların öz təyinatından kənar fəaliyyətlə məşğul olduğu barədə geniş yazılar dərc edib. Bu, mənada, onların Azərbaycan müstəqillik əldə etdikdən sonra başladıqları fəaliyyətlər həmişə cəmiyyətin və mətbuatın diqqət mərkəzində olub.
Ziddiyyətli fəaliyyət, yoxsa spekulyativ davranış tərzi?
Bu fondlar sözdə, rəsmi sənədlərdə, ritorik bəyanatlarda xeyirxah işlə məşğul olduqlarını, demokratiya, insan hüquqlarının qorunması, sosial-siyasi təsisatlaşmanın dərinləşməsi naminə çalışdıqlarını iddia edirlər. Bildirirlər ki, guya ölkədə vətəndaş cəmiyyəti institutlarının formalaşması uğrunda mübarizə aparırlar. Əməldə isə tamam fərqli, ziddiyyətli fəaliyyət, spekulyativ davranış tərzi ortaya qoyurlar. Əslində isə, onların başlıca hədəfi özlərinə yaxın siyasi partiyaların maliyyələşməsindən ibarətdir. Bu cəhət Azərbaycanda fəaliyyət göstərən və müxtəlif xarici dövlətlərə bağlı olan fondların, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə yenidən nəzər salmaq zərurətini ortaya qoyur.
Maliyyələşmənin sərfəli üsulu... Və ya şərti QHT-lər xətti ilə əldə edilən
"yardımlar"
Müstəqilliyimizin bərpasının ilk illərində bəzi müxalifət partiyaların maliyyələşməsi məhz belə üsullarla gerçəkləşdirilib. Maliyyələşmə proseduru isə çox sadə, hətta bir qədər "cəlbedici" olub: destruktiv müxalifət partiyalarının ətrafında çoxsaylı QHT-lər formalaşdırılıb və bu qurumlara müvafiq xarici fondlar tərəfindən səxavətlə qrantlar ayrılıb. Bu qrantlar xətti ilə ayrılan vəsait heç də təyinatı üzrə xərclənməyib. Başqa sözlə, ayrılan məbləğin əsas hissəsi layihələrdə nəzərdə tutulan işlərin həyata keçirilməsinə deyil, partiyaların saxlanmasına sərf edilib.
Digər məsələlər, mətbuata verilən açıqlamalar, əslində, ictimai rəyi aldantmağa yönəlib, obrazlı şəkildə deyilsə, gözdən pərdə asmağa, müvafiq qurumların əsil fəaliyyət məqsədlərini gizlətməyə xidmət edib. Destruktiv müxalifət partiyalarının bu gün, faktiki olaraq, Qərbin məqsədli təzyiq qruplarının ruporu kimi çıxış etməsi də məhz bu "təmənnalı yardım"larla bağlıdır.
Korrupsiyaya uğrayan
xarici fondlar- "Soros" Fondunun Bakı
nümayəndəliyi niyə
bağlanıb?
Fridrix Nauman Fondu ilə yanaşı, uzun müddət Açıq Cəmiyyət İnstitutu - "Soros" Fondu da Azərbaycanda məhz aqressiv müxalifətin maliyyələşdirilməsi funksiyasını reallaşdırıb. 1990-cı illərdə AXCP ilə Müsavatın məhz bu mənbələrdən maliyyələşdiyi siyasi kuluarlarda hər kəsə bəlli idi. Lakin xarici dövlətlərə bağlı fondlarla siyasi partiyaların bu tipli əməkdaşlığı artıq gündəmdən çıxmaqdadır və əvvəllər olduğu qədər aktual deyil. Xatırladaq ki, "Soros" Fondunun Bakıdakı nümayəndəliyi ötən il fəaliyyətini dayandırıb.
Araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, bu, fondun Bakı nümayəndəliyinin çox ciddi korrupsiya hallarına yol verməsi ilə əlaqədardır. Bu, həm layihələrin seçilməsi, qiymətləndirilməsi, həm də həyata keçirilməsi ilə bağlı müşahidə edilib. Bəlli olub ki, fondun yerli nümayəndəliyinin keçirdiyi qrant müsabiqələrində yalnız eyni təşkilatlar "qalib" gəlib, müvafiq qrant layihələrində nəzərdə tutulan məqsədlər isə gerçəkləşməyib. Bununla yanaşı, ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən bəzi fondlar və institutlar da son illər Azərbaycandakı fəaliyyətlərini xeyli məhdudlaşdırıblar.
Təmənnalı yardımlar siyasi sabitliyi poza bilməyəcək
Bütün bunlar onu göstərir ki, müvafiq dairələr artıq "təmənnalı yardımlar" vasitəsilə Azərbaycanda siyasi qarşıdurma, qeyri-sabitlik yarada bilməyəcəklərinin fərqindədirlər. Əksinə, belə maliyyə fırıldaqlarının, destruktiv müxalif qurumların xarici qrantlardan asılılığının ortaya çıxması ictimaiyyət arasında onlara qarşı qəzəb dalğası oyadır, müxaliflərin onsuz da mənfi olan imicini həddən artıq pisləşdirir. Yəqin bu səbəbdəndir ki, artıq Qərb dövlətlərinə bağlı fondlar Azərbaycan müxalifətini daha dolayısı ilə deyil, açıq şəkildə dəstəkləməyə başlayıblar.
Beləliklə, bu kimi fondların əsas hədəflərinin heç də Azərbaycanda demokratik cəmiyyətin təsisatlaşması, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi olmadığı bəlli olur. Məsələn, Fridrix Nauman Fondunun birbaşa "İctimai Palata"nın aprelin 8-i və 22-də keçirilən aksiyalarına maliyyə dəstəyi verməsi barədə ciddi mənbələrə istinad edən müxtəlif informasiyalar səsləndirilir.
Mahiyyət etibarı ilə, Fridrux Nauman, "Soros" Fondu kimi təşkilatların missiyaları, nə məqsədlə yaradıldıqları, hansı amallara qulluq etdikləri bəllidir. Məsələn, Almaniya Azərbaycan hökumətindən iqtisadi maraqları ilə bağlı hansısa təşəbbüslərinə müsbət cavab almayanda bu fondlar vasitəsilə hərəkətə keçir.
Məkrli oyunların iflası
Son vaxtlar Almaniya mətbuatının Azərbaycan haqqında dərc etdiyi məqalələr, bəzi Almaniya rəsmilərinin açıqlamaları buna əyani misaldır. Fridrix Nauman Fondunun qəfildən belə aktivləşməsinin eyni vaxta düşməsi deyilənləri bilavasitə təsdiqləyir. Bu fond son vaxtlar müxalifət partiyalarının maraqlarına xidmət edən bütün tədbirlərin "sponsor"u kimi çıxış edir. Məqsəd daha çox siyasi mühiti gərginləşdirməklə hakimiyyətə təsir etməkdir. Lakin belə məkrli oyunlarla nəyəsə nail olmaq mümkün deyil. Əksinə, bununla onlar həm özlərini, həm də onlardan asılı vəziyyətə düşmüş destruktiv müxalifəti çıxılmaz duruma salırlar.
NAİB