Ştrasserin və məsləkdaşlarının "boykot" sərsəmləmələri məqsədyönlü və sifariş xarakterlidir
Son günlər bəzi qərbli diplomatların Azərbaycana qarşı qərəz və böhtan dolu kampaniyalarına start vermələri nəticəsində həmin şəxslərin nə qədər "demokratik düşüncəli" olmaları, əslində, bir daha özünü yetərincə büruzə verir. Xüsusilə də, bir sıra almaniyalı siyasilərin sözügedən məsələdə xüsusi canfəşanlıq göstərmələri isə, ümumiyyətlə, həm dünya, həm də ölkə ictimaiyyət arasında anlaşılmaz qalmaqdadır. Çünki adları çəkilən bəzi almaniyalı siyasilər, nəinki Azərbaycanın, eləcə də, digər ölkələrin daxili işlərinə qanunsuz olaraq müdaxilələr və qeyri-ciddi çağırışlar etməklə, beynəlxalq aləmdə özlərində mənfi imic formalaşdırmağa başlayıblar.
"Demokratik dəyəri" pula satanlar və ya antidemokratiya işartıları
Yəni onların demokratik dəyərlərdən nə qədər uzaq olmaları da artıq bir neçə tərəfdən özünü təsdiq etməkdədir.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının alman deputatı Kristofer Ştrasser Azərbaycanda keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsini "boykot" etmək kimi çağırışlarından sonra 2012-ci il Avropa futbol çempionatının ev sahiblərindən olan Ukraynanı da "boykot" etmək təklifini irəli sürüb. Onu da xatırladaq ki, Ukraynaya qarşı verilən həmin təklifi də nədənsə Almaniya siyasiləri irəli sürüblər. Və buradan bir daha bəlli olur ki, bu gün Azərbaycanla yanaşı, daha bir neçə dövlətə qarşı kampaniya aparan Almaniya siyasətində antidemokratik işartılar əmələ gəlməyə başlayıb. Çünki Ukrayna ilə yanaşı Belarusda keçiriləcək xokkey üzrə dünya çempionatını da boykota çağıranlar məhz alman siyasi dairələridir. Və burada sual yaranır ki, nəyə görə məhz Almaniya? Hansı səbəbə Almaniya hazırda öz daxilində baş qaldırmış qlobal problemləri həll etmək yerinə, başqa ölkələrin daxili işlərinə müdaxilə edir?
Onlar etiraf etməlidirlər!
Axı "boykot" çağırışı edən həmin alman deputatlar etiraf etməyə borcludurlar ki, yaşadıqları ölkədə irqçi, neonasizm təşkilatları sürətlə cücərməyə başlayıb, Almaniyada rəsmi olaraq məskunlaşmış qeyri-millətlərin nümayəndələri çıxarılmağa başlayıb, ölkə əhalisi sosial-iqtisadi problemlərin partlayış həddindədirlər, böyük şirkətlər və korporasiyalar korrupsiya məngənəsində boğularkən, ciddi tənəzzülə doğru yuvarlanmaqdadırlar və s.
Ancaq təəssüf ki, qeyd edilən Almaniya reallıqlarını dilə gətirməyə ehtiyat edən alman "demokratpərəstləri" və onların başında dayanan Kristofer Ştrasser, Markus Löninq adlı başbilənləri boykotun yalnız Ukrayna ilə məhdudlaşmasının doğru olmamasını, Belarusda keçiriləcək dünya xokkey çempionatı və Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision" Mahnı Müsabiqəsinə də eyni münasibətin vacibliyini iddia edirlər. Onlar həmin ölkələrdə guya "insan haqlarının pozulduğunu" siyasi və "mənəvi" həyasızlıqları ilə bildirirlər.
Lakin onlar unutmamalıdırlar ki, bu kimi addımları nəticəsində yüz minlərlə, hətta milyonlarla insanın hüquqlarını pozurlar. Və maraqlıdır ki, həm Ştrasser, həm Löninq nəyə görə bir milyona yaxın qaçqınımızın problemi barədə bir kəlmə də danışmırlar?! Axı onların biri AŞPA kimi mötəbər qurumda məruzəçi, digəri isə Almaniya kimi ölkədə ombudsman vəzifəsini icra edir. Ancaq məlum olur ki, onlar insan hüquqları adı altında Azərbaycana qarşı təzyiq göstərmək istəyirlər. Həmin "təzyiqlərin" arxasında isə hansı kirli əməllərin dayanması artıq biz azərbaycanlılara da, hətta ukraynalılara və belaruslara da gün kimi aydındır.
RÖVŞƏN