İranın dörd dövrəsindəki qonşularının heç biri ilə normal münasibətinin olmadığı hamıya bəllidir. İranın daxilindəki sosial-iqtisadi vəziyyətin pisləşməsi də göz qabağındadır. Tətbiq edilən sanksiyaların Qərbin gözlədiyindən qat-qat artıq effekt yaratması da faktdır. İranda yaxınlarda ciddi ərzaq, o cümlədən taxıl qıtlığı gözlənilir.
İrana qarşı müharibənin olacağı ən ehtimal olunan məsələlərdən biridir. Hər halda belə bir dövrdə istənilən dövlət ağıllı hərəkət etməklə qonşularını düşmənlərinin əlindən almağa cəhd edərdi. İranın rəsmi nöqteyi nəzərincə, onun düşməni ABŞ və İsraildir. Bu iki dövlət İranın qonşularını ələ almaqla onları da İrana qarşı çevirmək niyyətindədirlər. Bu niyyətin müvəqqəti də olsa işləməməsi üçün İran bütün qonşularına, xüsusilə ərəb qonşularına müsbət mesajlar verməli idi. Hər halda normal siyasətli dövlət belə addım atmalıydı. Belə bir dövrdə İran üçün həm mesajların verilməsi, həm də mesajların istiqamətləndiyi ünvanlar ən zəruri ünvanlardır. Belə bir vaxtda İran prezidenti 1971-ci ilədək Birləşmiş Ərəb Əmirliklərinin tərkib hissəsi olmuş Əmr Musa, Böyük Tomb, Kiçik Tomb adalarına səfər etdi. Bu ünvanı dəqiq bəlli olan ciddi bir mesajdır.
1967-ci ildə və ondan sonrakı dövrdə ərəb torpaqlarının işğalı da daxil olmaqla, ərəblərə qarşı atılan bütün addımlarda ABŞ-ın aləti kimi İranın mühüm rolu olmuşdur. İranın ərəb dünyasında roluna, ərəblərə etdiyi zülmə, ərəblərin dövlətçiliyinə qarşı çıxış etməsi vaxtaşırı ABŞ və İsrail tərəfindən mükafatlandırılmışdır. Yuxarıda sadaladığımız üç ada məhz belə davranışına görə İrana verilən "hədiyyələr"dən biridir. 1971-ci ildə BƏƏ nəhayət ki İngiltərənin müstəmləkəsindən çıxmağa nail oldu. Bu, ingilislərin və təbii ki, ABŞ-ın xoşuna gəlmədi. İran mətbuatı Argentinanın Folklend adaları ilə bağlı məsələlərdə ABŞ-la İngiltərənin adını eyni hallandırdığı kimi, həmin dövrdə də bu iki dövlət birgə, sinxron, hətta simbioz siyasət aparıblar. BƏƏ cəzalanmalı idi. Ona görə də onun ərazisinin bir qismini kəsib İrana verdilər. İran bəşər tarixində anqlo-saksonların işğalçılığından pay qazanan çox azsaylı dövlətlər siyahısına öz adını yenidən yazdı.
Belə bir mürəkkəb dövrdə İran mesajını ABŞ-a ünvanlamışdır. Mesajın mahiyyəti isə çox ciddidir: "vaxtilə biz ərəb dövlətlərini parçalamaq həddinədək birgə siyasət aparmışıq. Bacarırsansa, gəl bu gün də həmin siyasəti davam etdirək". Bir sözlə, İran şah rejimini devirməsinə baxmayaraq, alət olmaqdan ötəri yenidən darıxıb. Həmin ərəfədə Rusiya vətəndaşlarının İranda həbs edilməsi də məhz ABŞ-a verilən mesajı möhkəmləndirmək məqsədi güdürdü.
ABŞ ərəb dövlətlərində baş verənlərdən xeyli qorxuya düşüb, vəziyyəti proqnozlaşdıra bilmir. Ona görə də ABŞ-ın yaxın vaxtlarda İranın mesajına müsbət cavab verəcəyi az inandırıcıdır. Amma İran addımlarını sərtləşdirə və nəticədə ərəb dövlətlərinin İranın daxilindəki bəluclara və ərəblərə dəstəyi arta bilər. Hər halda İran özü nə siyasət apardığını çox gözəl bilir. İranda təsadüfən heç nə, hətta Quran ayəsinin düzgün təfsir, izah edilməsi də baş vermir.