Ermənistanda keçirilən parlament seçkiləri növbəti dəfə diktatura rejiminin dayanıqlı əsaslar üzərində qurulması ilə müşayiət olundu. O mənada ki, seçkilər kütləvi saxtakarlıqlarla və pozuntularla keçdi.
Öz ölkəsində seçki keçirmək gücünə və imkanlarına malik olmayan Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində dinc vasitələrlə tənzimlənməsi siyasəti yeritməsi nə dərəcədə mümkündür? Politoloq Elçin Mirzəbəyli bizimlə söhbətində bildirdi ki, hələ öncədən Ermənistanda keçirilən seçkilərin saxtakarlaşdırılacağı barədə bir çox məlumatlar yayılırdı. Həmin məlumatlar həm erməni müxalifəti, həm də beynəlxalq təşkilatlar tərəfindən yayılıb: "Ermənistanın indiki hakimiyyəti seçkilərdə dünyasını dəyişmiş insanların adından da istifadə edib. Bir sözlə, işğalçı ölkə haqqında səslənən proqnozlar özünü doğrultdu. Son nəticədə, keçirilən parlament seçkiləri total şəkildə saxtalaşdırıldı. Bu da, bir daha sübut etdi ki, Ermənistandakı cinayətkar xunta ölkədə demokratik seçki keçirmək marağında deyil. Burada S.Sarkisyan hakimiyyətinin yeganə məqsədi Azərbaycan ərzailərini işğal altında saxlamaqla yalançı bəyanatlar verməklə, işğalçı ölkədə hakimiyyətdə qalaraq mövcud siyasətini dəyişməmək niyyətidir. Bildiyiniz kimi, seçki kampaniyası müddətində də bəyan edilmişdir ki, Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk ediblər. Bu, onu sübut edir ki, iqtisadi iflas bu dərəcədə total bir səviyyəyə gəlib çatıb ki, işğalçı ölkənin əhalisi bu cinayətkar xuntanın rəhbərliyi altında yaşamaq istəmir".
Politoloq onu da bildirdi ki, əgər bir cinayətkar qüvvə öz xalqına qarşı amansız bir siyasət yürüdürsə, yəni onları aclığa və ölümə məhkuma edirsə, təbii ki, bu rejimlə hər hansı bir masa arxasında oturaraq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində nə isə bir razılığa gəlmək mümkün deyil. Burada həm S.Sarkisyan, həm də Köçəryan rejimi Ermənistanda hakimiyyətdə olan siyasi qüvvələrin yalnız Qarabağ amili üzərində hakimiyyətdə öz mövqelərini qoruyub saxlamağa çalışırlar. Lakin bunun da bir zamanı və müddəti var. Çünki hər bir məsələ göz qabağındadır. Bir sözlə, bir tərəfdən işğala məruz qalan, yəni torpaqları 20 fazi işğal edilən Azərbaycan gündən-günə daha da sürətli şəkildə inkişaf edir, Ermənistan isə gündən-günə iflasa uğrayaraq məhvə doğru yuvarlanır. Bir sözlə, cinayətkar xunta erməni xalqına heç bir şey verməyib və bundan sonra da Sarkisyan rejiminin xalqa nə isə verəcəyi inandırıcı deyil . Görünən isə odur ki, gec-tez Ermənistan, işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək məcburiyyətində qalacaqdır.
GÜLYANƏ