Ermənistanda keçirilən parlament seçkiləri, gözlənildiyi kimi, iqtidar koalisiyasının xeyrinə gerçəkəşdirilən kütləvi saxtakarlıqlarla yekunlaşıb. Qeyd edək ki, işğalçı ölkədə keçirilən seçkilərin rəsmi nəticələri müvafiq rəy sorğularına əsasən, proqnozlaşdırılan göstəricilərlə kəskin ziddiyyət təşkil edir. Diqqəti çəkən odur ki, bir sıra beynəlxalq qurumların təmsilçiləri də səsvermə prosesində total saxtakarlıqla bağlı faktlara göz yumaraq, bu ölkədə keçirilən seçki şousunu "şəffaf, demokratik seçkilər" kimi təqdim etməyə çalışırlar.
Seçki əvəzinə şou
Qeyd edək ki, KİV-ə verdiyi açıqlamada Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistanda keçirilmiş parlament seçkilərini şou adlandırıb: "Bu, ermənilərin təşkil etdiyi bir şoudur. Çox təəssüflər olsun ki, Qərb də bu şouya müəyyən təəssübkeşlik göstərərək, bu seçkilərə şəffaf və demokratik don geyindirmək istəyir".
Ermənistanın mediası isə parlament seçkilərinin kütlləvi saxtakarlaıq şəraitində keçirildiyi barədə məlumatlar yayır, bununla bağlı yerli mətbuatda geniş materiallar dərc edilir. Bəlli olduğu kimi, Ermənistanda keçirilən parlament seçkilərində prezident Serj Sarkisyanın rəhbərlik etdiyi "Respublika" partiyasının qalib gəldiyi açıqlanıb. Artıq elan edilən nəticələrə görə, Respublika Partiyası 44,2 faiz səs toplayıb. İkinci sırada 30,32 faizlə "Çiçəklənən Ermənistan" Partiyası gəlir. Beləliklə, iqtidar koalisiyasının birlikdə 74,5 faizdən çox səs qazandığı müəyyənləşib. Müxalifətin geniş koalisiyasını özündə birləşdirən Erməni Milli Konqresinə (EMK) isə cəmi 7,2 faiz səs yazılıb.
Sarkisyanın məharəti... Və ya açıq şəkildə oğurlanan səslər
Əslində, bu seçkilərdə sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi EMK-ın ən azı, nisbi səs çoxluğu ilə birincilik əldə edəcəyi gözlənilirdi. Lakin görünür, Ermənistan iqtidarının seçkilərin saxtalaşdırılması ilə bağlı tətbiq etdiyi yeni texnologiya əməlli-başlı işə yarayıb. Əgər prezident seçkisində, L.T.Petrosyan aşkar saxtalaşdırmaya baxmayaraq, 22 faizdən çox səs toplamışdısa, bu dəfə o, bütün komandası ilə birlikdə cəmi 7 faizdən bir qədər artıq seçici səsinə sahib çıxa bilib. Bu, o deməkdir ki, ya EMK-ın nüfuzu 3 dəfədən artıq aşağı düşüb, ya da S.Sarkisyan və ətrafı bu dəfə bir qədər də zirək, ustalıqla tərəpənməyi bacarıblar.
Seçki günü baş verənlər işğalçı ölkədə seçicilərin rüşvətlə ələ alınması faktlarını bir daha təsdiqləyir. Pulpaylama və ya rüşvətvermə taktikası iqtidar koalisiyası ilə yanaşı, deyəsən, daşnakların da işinə yarayıb. Daşnaklar bu üsulla 5 faizlik baryeri aşmağı bacarıblar, 5,66 faiz səs toplayaraq, parlamentə düşə biliblər. Qeyd edək ki, proporsional sistem üzrə parlamentə keçə bilmək üçün partiyalara 5, seçki bloklarına isə minimum 7% səs tələb olunur. Ermənistanda səsvermənin gedişini ATƏT missiyasının tərkibində 350 beynəlxalq müşahidəçi izləyib.
Rüşvət vermək yarışı...Kim daha çox pul paylayıb?
Öncə qeyd edildiyi kimi, Ermənistan mətbuatında seçki günü baş verən kütləvi qanun pozuntularını təsdiqləyən bir sıra maraqlı məlumatlar yer alıb. Məsələn, Qeqarkunik vilayətində hakim Ermənistan Respublika Partiyası hər seçiciyə 15 min dram (38 dollar), "Çiçəklənən Ermənistan" və "Daşnaksütyun" partiyaları isə 10 min dram (25 dollar) rüşvət veriblər. Xatırladaq ki, Ermənistanda bu üsulla seçiciləri ələ almaq cəhdləri, bilavasitə, seçki kampaniyası zamanı da özünü göstərirdi. O zaman daha çox seçicilərə təsir göstərmək iqtidarında olanlar ələ alınırdısa, seçki günü səsverməyə qatılmaq istəməyən seçicilər əsas hədəf olublar.
Hətta bəzi dairələrdə və məntəqələrdə rüşvət vermək namizədlər arasında açıq yarışa çevrilib. "Armİnfo"nun yazdığına görə, 14 saylı seçki dairəsində deputatlığa namizədlər seçicilərə ələ almaq, rüşvət vermək üçün açıq hərrac keçiriblər. Eyni koalisiyada təmsil olunan iki partiyanın öz seçicilərinə eyni miqdarda - 25 dollar rüşvət təklif etməsi seçicilərdə çaşqınlıq yaradıb. Pul alan seçicilər hansı namizədə səs verəcəklərini müəyyənləşdirməkdə xeyli çətinlik çəkiblər.
15 dəqiqəyə buxarlanan sehrli möhür... Və ya təkrar səsvermənin yeni üsulu
11 saylı seçki dairəsində bununla bağlı əməlli-başlı şou yaşanıb. Belə ki, namizədlərdən biri rəqibini üstələyərək, hər seçiciyə verilən rüşvətin miqdarını 12 min drama (30$) qaldırıb. Rəqib partiyaların namizədləri də borclu qalmaq istəməyiblər. Onlar səsvermə məntəqəsi qarşısına toplaşmış seçicilərin dəstəyini itirdiklərini anlayaraq, qiyməti 15 min drama (38$) qaldırıblar. Bu və digər faktlarala bağlı seçkiləri müşahidə edən beynəlxalq qurumların, o cümlədən, Helsinki Vətəndaş Assambleyasının Vandzor ofisinə çoxsaylı məlumatlar daxil olub. Müvafiq müraciətlərdə seçicilərə bu və ya digər namizədə səs verməsi müqabilində pul təklif olunması açıq-aşkar göstərilir.
İşğalçı ölkədə keçirilən parlament seçkilərində aşkar pozuntulardan biri də qanuna zidd olaraq, seçicilərin təkrar səs verməsinə şərait yaradılmasıdır. Belə ki, hər bir seçicinin vəsiqəsinə səs verdiyi barədə xüsusi möhür vurulub. Lakin əksər hallarda bu möhür heç 15 dəqiqə çəkməmiş buxarlanaraq yoxa çıxıb. Məsələn, 10 saylı seçki dairəsinin 1 saylı məntəqəsində baş verənlər buna əyani misal sayıla bilər. Bundan istifadə edən seçicilər başqa məntəqələrdə təkrar səs veriblər.
Kütləvi saxtalaşdırma... Ermənistan müxalifəti narazıdır
Müxalifət isə seçkilərin aşkar şəkildə saxtalaşdırılması faktı ilə barışmaq niyyətində olmadığını bəyan edib. EMK-ın müvafiq bəyanatında bir seçicinin bir neçə dəfə səs verməsinə şərait yaradan bu addım hakimiyyətin seçkilərin nəticələrini kütləvi şəkildə saxtalaşdırmaq cəhdinin açıq təzahürü kimi qiymətləndirilir.
Göründüyü kimi, seçkilər Ermənistan cəmiyyətində ziddiyyətləri, təbəddülatları, acınacaqlı, tragikomik vəziyyəti tam çılpaqlığı ilə ortaya qoyub. Seçiciləri kütləvi şəkildə 30-40 dollara ələ almaq cəhdləri bu ölkədə yaşanan ciddi sosial-siyasi böhrandan xəbər verir. Belə vəziyyətdə narazılıq dalğasının yenidən baş qaldırması, növbəti kütləvi etirazlar, siyasi qütblər arasında kəskin toqquşmalar qaçılmaz görünür.
Naib NİFTƏLİYEV