PDF Oxu

Araşdırma

  • 778

İranı uçuruma aparan siyasət

İranı uçuruma aparan siyasət

İran müstəqil Azərbaycanı hər zaman özünə qarşı milli təhdid sayıb. Bölgənin aktiv oyunçularından biri kimi buradakı proseslərə nəzarət etmək niyyəti güdən İran hökuməti uzun illər Azərbaycanı içəridən zəiflətmək üçün müxtəlif vasitələrlə səylər göstərib.


İranın Azərbaycanla bağlı əsas narahatlığı


Daha çox dini planda bu siyasətin yürüdülməsi, əsasən, sosial təbəqələrin sırf mənəvi ehtiyacları müqabilində islamın siyasiləşdirilmiş və farslaşdırılmış bir formatda təqdimində özünü göstərir. İran, Azərbaycanın dövlət siyasəti dəyərlərinin Qərb dəyərləri və təhlükəsizlik sisteminə inteqrasiyadan kənarlaşdırmaqda maraqlıdır. Azərbaycanın iqtisadi və tam siyasi müstəqillik qazanmasına qarşı maneələr yaratmağa çalışır. Qərb qüvvələrinin regiondan uzaqlaşdırılmasında maraqlı olduğu üçün Azərbaycanın beynəlxalq güclərlə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi ortaq layihələrə qarşı sabotaja yönəlmiş aktiv addımlar planlaşdırmaqdadır. İranın Azərbaycan səhnəsində ilk və ən başlıca narahatlığı İrandakı azərbaycanlıların haqlarının müdafiəsi ilə bağlı fəaliyyətlərin siyasi gündəmdə gerçəkləşməsi qorxusundan irəli gəlir. Dini şiə qurumları, eləcə də, siyasi partiyalar İran tərəfindən, müəyyən mənada, özünün Azərbaycanın siyasi səhnəsində pərdə arxasında iştirakını təmin etmək üçün istifadə edilir.


Nə İran, nə də Rusiya


Cənubi Qafqaz bölgəsi, ümumilikdə, ABŞ başda olmaqla Qərb dünyası, Rusiya, Türkiyə, İran, Çin, Yaponiya və digər dövlətlər üçün onların strateji məqsədləri istiqamətində böyük əhəmiyyət daşımaqdadır. Şübhəsiz, digər dövlətlərin Cənubi Qafqazla bağlı maraqları da İranı yaxından maraqlandırır. Böyük güclərin, xüsusilə, ABŞ başda olmaqla Qərbin, Rusiyanın və Türkiyənin özünə istiqamətlənmiş planları Fars rejimini narahat etməyə bilməz. İran indiki mərhələdə hələ də ABŞ-ın ölkəsinə müdaxilə siyasətində Azərbaycandan baza kimi istifadə edə biləcəyi narahatlığını sıx-sıx yaşamaqdadır.

Rusiya da Cənubi Qafqazı, nəyin bahasına olursa olsun, əldən vermək istəmir. Hətta Tbilisi Beynəlxalq Geosiyasi Araşdırmalar Mərkəzinin siyasi məsələlər üzrə müşaviri Georgi Volski yazırdı ki, Rusiyanın Qafqazdakı geosiyasi maraqları XIX əsrdəki kimi qalmaqdadır: "Biz istəsək belə, Rusiya burdan gedən deyildir. Rusiyanın tək bir qorxusu var ki, Rusiya burdan getsə, digər dövlətlər (ABŞ, Türkiyə, İran) onun yerinə keçə bilərlər. Bu da Rusiyanın məqsədlərinə uyğun gəlmir". Rusiyanın xarici siyasətindən baxdıqda, ilk olaraq, Azərbaycanı təsir altında saxlamaqla, Yaxın və Orta Şərqə çıxış əldə etməkdir. Bununla birlikdə, Azərbaycanın Şərq-Qərb nəqliyyat kommunikasiyaları və dəhlizlərinin mərkəzində yerləşməsidir. Digər tərəfdən Azərbaycanın zəngin karbohidrogen yataqları mövcuddur ki, bunların istismarı, istehsalı və ixracında Rusiya biganə qala bilməməkdədir. Həmçinin, Azərbaycanı təsir altında saxlamaqla Azərbaycanın türk dünyası ilə olan əlaqələrini zəiflətməyə və Türkiyənin Orta Asiya və Şimali Qafqaza təsirinin önünü almağa çalışır. Bir sözlə, Ermənistanın iki böyük himayədarı İran və Rusiya Cənubi Qafqazda güclü Azərbaycan dövlətinin varlığından çox narahatdır.


Daxili parçalanmalar ola bilər


Politoloq Cümşüd Nuriyevin fikrincə, İranın Azərbaycana qarşı aqressiv olmasının arxasında Ermənistan və Rusiya maraqları dayanır. İran tərəfi, ilk növbədə, bölgədə böyük gücə malik olmaq, Türkiyəni sıxışdıraraq, aradan çıxarmaq istəyir.

Onun sözlərinə görə, bundan başqa, İran ölkəmizi Azərbaycan-İsrail və Azərbaycan-ABŞ əlaqələrinə görə cəzalandırmaq istəyir: "Hesab edirəm ki, bu, İranda daxili parçalanmaya gətirib çıxaracaq. Çünki İran əhalisinin təxminən 60 faizi azəri türklərindən ibarətdir. Belə olan təqdirdə, İran daxilində olan azərilər farsları dəstəkləyə bilməz. Digər bir məsələ İranın Azərbaycanı şiə dövləti kimi təqdim etməsidir. Əslində, Azərbaycan şiə dövləti deyil, dünyəvi dövlətdir. İkincisi isə Azərbaycan əhalisinin 60 faizindən çoxu sünni təriqətinə xidmət edir. Üçüncüsü, İran bir şeyi dərk etməlidir ki, Azərbaycan dövlətinin simvolu onun prezidentidir. Nə qədər ki, İran Azərbaycan əleyhinə lazımsız sözlər, təhqiramiz ifadələr işlədəcək, həmin anda da adekvat olaraq öz cavabını alacaq".


Adətən, o dövlətlərin səfirləri geri çağırılır ki...


Politoloqun fikrincə, İran səfirinin Tehrana geri çağırılması daha çox Azərbaycana qarşı təhdid, təzyiq, həm də zəiflik əlaməti kimi dəyərləndirilməlidir: "Adətən, o dövlətlərin səfirləri geri çağırılır ki, onların əlində həmin dövlətə qarşı kifayət qədər materiallar olur. Amma İran bu günə qədər hələ də 18-ci əsrdən bu yana heç bir addım ata bilməyib. İran bir şeyi də dərk etməlidir ki, Azərbaycan heç də İranın fikirləşdiyi, İran ərazisində yaşayan azərbaycanlılar kimi, 19-cu əsrdə qalmayıb, əksinə, ölkəmiz artıq 21-ci əsrin 50-ci illəri səviyyəsində bir dövlətdir. Belə olan təqdirdə, hesab edirəm ki, İran Azərbaycanı təhqir etməkdən əl çəkməlidir".

Digər xəbərlər