1993-cü ildən sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən sonra ölkəmizdə inkişaf meyilləri müşahidə olunmağa başladı. "Əsrin müqaviləsi" imzalandıqdan sonra iqtisadiyyatın liberallaşdırılmasını, aqrar sektorun intensiv inkişafını, özəlləşdirməni, sosial sahənin yüksəlişini nəzərdə tutan islahatlar həyata keçirildi.
Azərbaycanı Qərblə Şərq arasında dəhlizə çevirən transmilli layihələrin təməli qoyuldu, Avrasiya geosiyasi məkanında əhəmiyyətli və qarşılıqlı maraq kəsb edən əməkdaşlıq əlaqələri yaradıldı. 2003-cü ildən sonra isə Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadi və sosial islahatlarla paralel siyasi reformaları da davam etdirərək, müasir və demokratik Azərbaycanı qurdu. Bu gün artıq Azərbaycan müstəqil və sürətli inkişaf yolu keçən Avropa ölkəsi kimi qəbul edilir, "postsovet dövləti ifadəsi" isə tarixin arxivinə göndərilib. Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində, son 10 ilə yaxın bir müddətdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda ciddi yeniliklər və nailiyyətlər əldə olunub, Azərbaycan bir çox parametrlər üzrə sürətlə inkişaf edən ölkəyə çevrilib. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan verib. Bu müddət ərzində 40 mindən artıq yeni müəssisə yaradılıb, böyük əksəriyyəti daimi olmaqla, ümumilikdə, bir milyona yaxın yeni iş yeri açılıb, son 8 ildə yoxsulluğun səviyyəsi 49 faizdən 7,6 faizə, işsizlik isə 5,3 faizə enib. Son illərdə büdcə xərcləri 12 dəfə, ümumi daxili məhsul 3 dəfə artıb, 1995-2010-cu illərdə ölkə iqtisadiyyatına 80 milyard dollardan çox sərmayə cəlb edilib. Təkcə 2011-ci ildə iqtisadiyyata qoyulmuş 21,7 milyard dollarlıq investisiyanın 15,7 milyard dolları qeyri-neft sektoruna yatırılıb, dünyanın 149 ölkəsi ilə xarici ticarət dövriyyəsi 36,3 milyard dollar təşkil edib. Ötən il ölkəmizdə ümumi daxili məhsulun həcmi 63,4 milyard dollara çatıb ki, bu da Cənubi Qafqaz regionunda ümumi daxili məhsulun 80 faizindən çoxdur. Hazırda adambaşına düşən illik məhsul istehsalının həcmi 7 min dolları ötüb, əvvəlki illə müqayisədə 2011-ci ildə əhalinin gəlirləri 20 faizə qədər artaraq, 36,6 milyard manata çatmış, adambaşına düşən məbləğ 3 min 400 manat olub.
Uğurlu və düşünülmüş siyasətin nəticəsidir ki, 2008-2009-cu illərin qlobal maliyyə-iqtisadi böhranı, demək olar ki, Azərbaycandan yan keçib, dünyanın bir çox ölkələrini sarsıdan bu böhranlı illərdə Azərbaycan iqtisadiyyatı sürətli inkişaf tempini və dayanıqlığını qoruyub saxlayıb və ümumilikdə, 9 faizdən çox artıma nail olub. İndi də davam etməkdə olan qlobal iqtisadi böhran şəraitində 2011-ci ilin nəticələrinə görə, ölkəmizin qeyri-neft sektorunda yüksək göstərici - 9,4 faiz artım əldə edilib.
Azərbaycanda ardıcıl və dinamik inkişafı, rəqabətə davamlı iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri, o cümlədən, beynəlxalq birlik tərəfindən ciddi təhlil edilir və yüksək qiymətləndirilir. BMT-nin İnsan İnkişafı Hesabatında son 5 ilin göstəricilərinə görə, Azərbaycan 169 ölkə arasında 101-ci mövqedən 68-ci yerə qalxaraq, "Yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olub. Hazırda Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB məkanında 1-ci, dünya miqyasında isə 51-ci yerdədir. Bütün bunlar Heydər Əliyev siyasi kursunun təntənəsi və Azərbaycanda həyata keçirilən müasir inkişaf strategiyasının təkzibolunmaz faktlarıdır. Bu nailiyyətlərin təməlində, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır".
Bütün bunlar Azərbaycanın nə qədər möhkəm dayaqlar üzərində dayandığını və milli dövlət kimi inkişaf stabilliyini saxladığını, anti-Azərbaycan qüvvələrinin çirkin planlarının reallaşmasının qarşısını aldığını nümayiş etdirir. Azərbaycan həm daxili siyasətində, həm də xarici strategiyasında əldə etdiyi nailiyyətlərlə dostları ilə daha da yaxınlaşıb, düşmənlərinə isə - Ermənistana, erməni lobbisinə, anti-Azərbaycan qruplarına güclü zərbələr vurub, vurmaqdadır. Ona görə də, Azərbaycanı sevməyən qüvvələr ardıcıl olaraq, dövlətimizə zərbələr endirməyə cəhd göstərir. Bu işdə isə Azərbaycanın daxilindəki "beşinci kalon"un və reneqat ziyalıların xidmətlərindən yararlanır.
Azərbaycana qarşı çirkin kampaniya aparanların kimliyi barədə...
Yuxarıda göstərilən səbəblər üzündən Azərbaycana qarşı bütün resurslarını işə salaraq, çirkin kampaniya aparanları 3 qrupa bölmək olar:
- Ermənistan dövləti və erməni lobbisi;
- Azərbaycanı sevməyən xarici qərəzli dairələr;
- Yuxarıda göstərilənlərin direktivlərinə əsasən işləyən "beşinci kalon" və reneqat ziyalılar.
Əlbəttə, bu bir faktdır ki, Azərbaycanın uğurlarına sevinməyən və torpaqlarını işğal etmiş ilk düşmən Ermənistan dövlətidir. Bu dövlət hal-hazırda 20 ildir ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində bütün sahələrdə Azərbaycana qarşı savaşır. Hər dəfə layiqli cavabını alan Ermənistan çalışır ki, əsasən, Azərbaycanın daxilində ictimai-siyasi sabitliyi pozsun, cəmiyyət daxilində xof və qarşıdurma yaratsın. Bu mənada, Ermənistanın bəzi "professorları"nın tarixi saxtalaşdırmağa cəhd göstərməsi, Azərbaycanın şimal və şimal-qərb bölgələrində etnik azlıqlar arasında separat təbliğat aparması diqqətdən yayınmır. Azərbaycan dəfələrlə arqumentli şəkildə Ermənistanın cəhdlərini puç edib və bu baxımdan, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabını da Ermənistanın həyasızcasına apardığı psevdotarix yaradıcılığına ən böyük zərbə hesab etmək olar. Bir sözlə, Ermənistan dövlət olaraq, Azərbaycana qarşı hər an belə təxribatlar hazırlayır.
Təbii ki, bu prosesdə Ermənistan dövlətinə beynəlxalq münasibətlər sisteminin müxtəlif aktorlarının da dəstəyini alaraq, fəaliyyət göstərən erməni lobbisi hərtərəfli şəkildə kömək edir. Erməni lobbisi müxtəlif kanallar vasitəsilə dünyanın hər bir nöqtəsində Azərbaycana qarşı "müharibə" aparır. Onun təsirində olan mətbuat orqanları, QHT-lər, ictimai təşkilatlar, ayrı-ayrı fərdlər, hətta müxtəlif ölkələrin dövlət orqanları Azərbaycana təzyiq etmək, ölkəmizin imicinə ləkə vurmaq üçün bütün vasitələrdən istifadə edirlər.
Erməni lobbisi ilə maraqları kəsişən xarici anti-Azərbaycan qrupları da ölkəmizə qarşı çirkin planlar hazırlayır və reallaşdırırlar. Onlar da eyni taktikadan istifadə edərək, dövlətimizin inkişafının ləngiməsi, siyasi kursunun "zədələnməsi" niyyətini güdürlər. Xüsusi bir məqamı qeyd edək ki, xarici anti-Azərbaycan qrupları erməni lobbisindən ayrı fəaliyyət göstərməsə də, onlar daha geniş imkanlara malikdirlər. Maraqlı qruplar çalışırlar ki, Azərbaycanı sosio-mədəni kontekstdə zədələsinlər, cəmiyyətimizə qısır ideyaları, milli adət-ənənəni, xüsusiyyətləri parçalayan yad ünsürləri sırısınlar.
Amma həm erməni lobbisi, həm də xarici anti-Azərbaycan qrupları yerli bələdçilər olmadan çirkin planlarını reallaşdıra bilməzlər. Onlara bu işdə maliyyələşdirdikləri "beşinci kalon" və reneqat ziyalılar dəstək verirlər. "Beşinci kalon" və reneqat ziyalılar, birbaşa olaraq, erməni lobbisi və xarici anti-Azərbaycan qruplarından daxil olan direktivlər əsasında fəaliyyət göstərirlər.
Göründüyü kimi, Azərbaycana qarşı çirkin kampaniya aparan bu 3 qrup bir-biri ilə əlaqəli işləyir, bütün resurslarını birləşdirir və birgə hərəkət edirlər.
"Beşinci kalon"un və reneqat ziyalıların vəzifəsi...
Öz ölkəsinə və xalqına qarşı xarici qüvvələrin planlarında yer almaq isə hər kəsin işi deyil. Çünki burada milli hiss, milli qeyrət, milli düşüncə və nəyahət, Vətən sevgisi amili olduğundan, istənilən sosium üzvü bu "vəzifəni" üzərinə götürə bilməz. Bunu yalnız yuxarıda göstərdiyimiz keyfiyyətlərdən uzaq olanlar edə bilərlər.
Təəssüflər olsun ki, bu gün Azərbaycanda hələ də bu cür öz soykökündən, milliliyindən uzaqlaşmış və xalqının, dövlətinin düşmənilərinə işləyənlər var. Onların sırasında AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər və onların ətrafındakılar, həmçinin, İP-in üzvləri var. Bunların məqsədi erməni lobbisindən və xarici qərəzli dairələrdən daxil olan göstərişlərə uyğun olaraq, üzərilərinə götürdükləri vəzifələri yerinə yetirməkdir. Bu vəzifələr isə aşağıdakılardır:
- cəmiyyət daxilində təxribatlar, qarşıdurmalar və çaşqınlıq yaratmaq;
- həyata keçirilən sosial-iqtisadi, siyasi-hüquqi islahatları gözdən salma kampaniyası həyata keçirmək;
- müxtəlif bəhanələrdən, təbii fəlakətlərdən istifadə edərək, insanlar arasında siyasi elitaya qarşı inamsızlıq və ümidsizlik yaratmaq;
- şayiələr yaymaqla, mətbuat orqanlarında əsassız materiallar dərc etməklə, vətəndaş-hakimiyyət münasibətlərinə zərbə vurmaq;
- icazəsiz aksiyalarda, xüsusi öyrədilmiş insanların döyülməsini təşkil etmək;
- polis zorakılığı səhnələri quraşdırmaq, qəzet səhifələrində möhtəşəm mitinqlər düzənləmək;
- yalançı hesabatlar hazırlamaq, onların xarici mətbuat orqanlarına ötürülməsini təmin etmək;
- Azərbaycanın demokratik imicinə xələl gətirmək, insan hüquqlarının pozulması haqqında qeyri-obyektiv rəy yaratmaq;
- müxtəlif adlar altında xarici kəşfiyyat orqanlarının əməkdaşlarına sığınacaq vermək;
- dünya miqyasında Azərbaycana olan münasibəti və ictimai rəyin mənfi istiqamətdə formalaşdırılmasına şərait yaratmaq və s.
Sadalanan "vəzifələri" əsasən, İP-in, "Azadlıq", "Yeni Müsavat" qəzetlərinin və Turan İA-nın, həmçinin, Leyla Yunus, Emin Hüseynov kimilərinin rəhbəri olduqları QHT-lərin daxil olduğu "beşinci kalon" həyata keçirir. Burada adı keçən hər kəs məhz, "beşinci kalon"u maliyyələşdirən xarici qüvvələrin göstərişləri əsasında hərəkət edirlər. "Beşinci kalon"un bir strukturu olan və ətrafında yalnız anti-milli düşüncəli şəxsləri birləşdirən Eldar Namazovun reneqat ziyalılar dəstəsi də eyni vəzifələri daşıyır və xarici qüvvələrin məqsədlərinə xidmət edirlər...
Azərbaycan vətəndaşları radikalları və aqressivliyi rədd edir...
Beləliklə də, Azərbaycana qarşı duran qüvvələrin kimliyini və məqsədini çox yaxşı bilən xalqımız dövlətin ətrafında daha da sıx birləşir, əks-təsir qüvvəsini artırır. İnsanlar bu gün "beşinci kalon"u təmsil edən AXCP-Müsavat cütlüyünün Azərbaycanın dövlətçiliyinə və tarixinə vurduğu zərbəni görüb və daim xatırlayır. Məhz bu xəyanətkar cütlüyün sayəsində torpaqlarımız işğal olundu, 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Onlar hazırda da bu fəlakətlərə görə mənəvi məsuliyyət daşıyırlar. Lakin bütün bunları görməzdən gələn Əli Kərimli və İsa Qəmbər yenə də xəyanətkar missiyasına sadiq qalaraq, xarici qüvvələrin Azərbaycandakı maraqlarının realizə edilməsinə kömək edirlər. Bunu onların çağırışlarından da, keçirdikləri icazəsiz mitinqlərdən də açıq şəkildə sezmək olur. Təkcə icazəsiz aksiyanın marşrutuna, mahiyyətinə fikir verdikdə, hər bir məsələ detallı şəkildə aydın olur. Onlar insanların gur olduğu yerlərdə aksiyalar keçirməklə, həm kütləvi mitinq görüntüsü yaratmaq, həm də təxribatlar törətmək məqsədi güdürlər... Bunları aydın şəkildə görən xalqımız elə ilk anlardan radikallara və aqressivliyi cəmiyyətə təlqin etməyə cəhd göstərənlərə qarşı sərt, qəti mövqe sərgiləyir. Bir sözlə, Azərbaycan vətəndaşları dövlətin stabil inkişafına mane olan, cəmiyyətdə çaşqınlıq yaradan, vətəndaş-dövlət münasibətləri sisteminə xələl gətirən bütün radikal və aqressiv çağırışları rədd edir, birmənalı şəkildə dövlətin ətrafında birləşir.
"Səs" Analitik qrupu