Ağır sosial-iqtisadi şərait üzündən ermənilərin öz ölkələrini kütləvi şəkildə tərk etmələri çoxdankı mövzudur. Ancaq son zamanlar bu tendensiya sürət qazanıb və Ermənistan hökuməti əhalinin əməkqabiliyyətli hissəsinin görünməmiş şəkildə və fasiləsiz surətdə köçənlərin qarşısı alına bilinmir.
Ermənilər Ermənistandan niyə qaçırlar?
Ermənistan mediasına istinadən Ermənistanın Miqrasiya Xidmətinin rəisi Qagik Yeganyan bildirib ki, indiki məqamda ölkə üçün ən ağrılı problem əhalinin kütləvi şəkildə miqrasiya axınının hələ də davam etməsidir: "Hər il ölkəni 25 min adam tərk edir. Məni təəccübləndirən bu rəqəmin hər il eyni olmasıdır".
Q.Yeganyan xüsusi qeyd edib: "Ölkədə demoqrafik vəziyyət kifayət qədər pisləşib. Ermənistandan miqrasiyanın milli və iqtisadi faciəyə çevriləcəyi gün isə uzaqda deyil. 2010-cu ildə Ermənistandan Rusiyaya yaşamaq üçün gedənlərin sayı 2009-cu ilə nisbətdə 2,5 dəfə artıbdır. Bunun səbəbini isə Rusiyada əmək birjasının irəli sürdüyü təkliflərdə axtarmaq lazımdır".
Yerevanda miqrasiya problemləri ilə məşğul olan bir sıra qurumlar isə ölkə əhalisinin miqrasiya axınlarına əsas səbəb kimi, kütləvi işsizlik, iqtisadi və maliyyə böhranlarının, oliqarxlara məxsus sosial-iqtisadi şəbəkələrin tədricən iflasa uğraması faktorunun dərinləşdiyini iddia edirlər.
Ermənilər, hətta soyuq Sibirdə də yaşamağa razıdırlar
Siyasi İnnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu ermənilərin ölkəni tərk etməsi ilə bağlı "Səs" qəzetinə verdiyi açıqlamada bir çox məsələlrə aydınlıq gətirdi və bildirdi ki, ermənilər, hətta soyuq Sibirdə də yaşamağa razıdırlar. M.Əhmədoğlu qeyd etdi ki, "Novosti Armenii" agentliyinə açıqlama verən Rusiya Dövlət Statistika Xidmətinin İrəvandakı nümayəndəsi Svetlana Stepanova bildirib ki, "Rusiyaya gedən ermənilərin çoxu indi daha çox Sibir regionunda yaşamağa üstünlük verirlər. Çünki Rusiyanın Mərkəzi, Ural və Volqaboyu ərazilərindən fərqli olaraq, Sibir regionlarında işçi qüvvəsinə daha çox ehtiyac vardır. Biz burada Sibirdə işləmək üçün gedənlərə xüsusi qaydada sertifikatlar veririk. Son iki ayda bu sertifikatlardan 2 min nəfərə təqdim etmişik. Onların yol xərclərini də özümüz ödəyirik. Sibir regionlarında daimi məskunlaşmaq istəyən ailələrə 300 min rubl (8-10 min dollar) dəyərində dövlət yardımları edilir. İki il ərzində bu vətəndaşlar bütün vergilərdən azad olunacaqlar. Ermənistan hakimiyyəti bizim bu xidmətimizə heç zaman müdaxilə belə etməyib".
Ermənilərsiz Ermənistan
Ermənistanda əhalinin kütləvi şəkildə miqrasiya axınlarının hələ də davam etməsi ilə bağlı ölkə mətbuatında verilən yazıların məzmunu da yuxarıda vurğulanan fikirləri təsdiq edir. Belə ki, Ermənistan "Aykakan Jamanak" qəzetində Daşnaksütyun Partiyası siyasi şurasının üzvü, parlamentin deputatı Armen Rustamyan qeyd edir ki, ölkədən kütləvi şəkildə xarici dövlətlərə vətəndaşların miqrasiya etməsinin səbəbi heç də ağır maliyyə və ya iqtisadi problemlərə görə deyil: "Tarix boyu bizlər bir toplum olaraq müxtəlif siyasi-ictimai təşkilatlar və kilsə vasitəsilə millətimiz üçün bir dövlət əldə etmək uğrunda mübarizə aparmışıq. Bu hədəflərə nail olmaq yolunda, hətta böyük güclərin əlində oyuncağa belə çevrilmişik. Məqsədimiz Ermənistan dövlətini yaratmaq olubdur. Ancaq təəssüflər olsun ki, 150 illik son tarixdə bu gün əldə etdiyimiz və qazancımız olan Ermənistanı addım-addım itiririk. Çünki insanlarımızda milli dövlət, torpağa bağlılıq anlayşı yoxdur. Qədim hetlərin zamanında olduğu kimi, qul olmaq təfəkkürünü irsimizdən, genetikamızdan silə bilmirik. Buna görə də insanlarımız maddi ehtiraslarına görə kütləvi şəkildə Ermənistanı tərk edirlər. Bu proses Ermənistanın milli təhlükəsizliyi üçün çox ciddi fəsadlara səbəb olacaqdır".
"Aykakan Jamanak" qəzetinin icmalçısı Karen Qalustyan isə həyəcan təbili çalaraq, qeyd edir ki, indi Ermənistan üçün ən böyük təhlükə mənbəyi zənginlərin də öz vəsaitlərini xarici dövlətlərə transfer etməyə başlamasıdır. Bunun əsas səbəbi Serj Sarkisyan iqtidarının apardığı yalnış siyasətdən qaynaqlanır: "Hətta zənginlər belə öz maliyyə imkanlarının təminatlı ola biləcəyinə inanmırlar. Çünki ortada hakimiyyətə inam hissi yoxdur. Problemin digər tərəfi isə, məmur özbaşınalıqları, korrupsiyanın daha da dərinləşməsi, heç bir məmurun ölkənin taleyi qarşısında məsuliyyət daşımamasıdır. Bu proses ömür sürdükcə, ölkədən miqrasiya axınları da davam edəcək".
Müşahidəçilərin fikrincə, Ermənistan iqtidarı həm ölkə daxilində, həm də Cənubi Qafqaz siyasətində konstruktiv mövqe tutmayınca, buraya iri layihələr də cəlb edilməyəcəkdir. Çünki bu sırada əsas kommunikasiya vasitələrinin daha səmərəli, zaman baxımından sərfəli ola biləcək hədəflər önəmli sayılır. Bunun üçün, ilk növbədə, Gürcüstan və Azərbaycanın üzləşdiyi Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ separatizmi dəf olunmalıdır. Ermənistan iqtidarı, hələ ki, bunun fərqində deyil. Fərqinə varanda isə çox gec olacaq.
RƏFİQƏ HÜSEYNOVA