1979-ci ildə şah rejiminin devrilməsindən sonra hazırkı molla rejimi müxtəlif siyasi biclik fəndlərindən istifadə edərək, hakimiyyəti ələ keçirdi. Bu, digər müxalif qüvvələrin zərəri və məhv edilməsilə nəticələnən qanlı toqquşmalar nəticəsində baş tutdu. Yeni hökumət xarici siyasətini iki ideologiya əsasında qurmağa başladı: qondarma islam inqilabının ideyalarını bütün dünyaya ixrac etmək və bu yolla Qərb ölkələrinin dünya səviyyəsində tərəqqisinə, üstünlüyünə kölgə salmaq. Hökumətin bu siyasəti əsasında xarici ölkələrdə yaradılan terror qrupları rejimin maddi və mənəvi dəstəyi ilə dünyanın müxtəlif yerlərində din adına terror aktları törətməyə başladılar. İndiyədək yüzlərlə sivil insanın öldürüldüyü çox sayda terror aktları törədilib. Lakin bütün ciddi-cəhdlərinə baxmayaraq, İran xarici siyasətində nəzərdə tutduğu hədəfinə nail ola bilmədi. İslam inqilabının ideyalarını ixrac cəhdləri sadəcə xülya olaraq qaldı və gerçəkləşə bilmədi. Çünki hökumət bunu sülh, humanizm və dostluq yolları ilə deyil, anti-demokratik və zorakılıq yolu ilə əldə etməyə çalışır. Odur ki, beynəlxalq aləmdə mənfi imic ilə tanınan İranda indiki rejimin varlığı və siyasəti dünyada sülh və əmin-amanlıq üçün təhlükə sayılır.
Köhnə təhlükə və yeni "təhlükə"
Sovet İttifaqının dağılması isə İranın şimal sərhədlərindən kommunizm təhdidini aradan qaldırdı. Lakin Tehran rejimi bu dəfə də müstəqil Azərbaycanda yaranan milli dövləti - Azərbaycan Respublikasını özünə qarşı yeni təhlükə kimi görməyə başladı. Yəni köhnə "şurəvi" təhlükəsi yenisi ilə əvəz olundu - müstəqil Azərbaycan "təhlükəsi" (?!)
Bölgənin geosiyasətində baş verən hadisələr neft və təbii sərvətlərə malik ölkələr arasında beynəlxalq səviyyədə rəqabəti daha da artırdı və bölgə siyasi mübarizə meydanına çevrildi. İran şimalda müstəqilliyini qazanan və öz dövlətini quran müstəqil Azərbaycanı özü üçün əsas "təhlükə" hesab edir. Odur ki, Azərbaycan Respublikası yaranan gündən İran bu dövlətə qarşı siyasət yürüdərək ölkədaxili məsələlərinə müdaxilə etməyə çalışır. Tehranın rəsmi Bakıya qarşı indiyə kimi yürütdüyü siyasəti bir neçə amilə söykənir: Cənub məsələsi - Şimal sərhədlərində baş verən proseslər və inkişaf İran əhalisinin 40%-dən çoxunu təşkil edən azərbaycanılara və oradakı təşkilatlara müsbət təsir edir və güclənməsinə səbəb olur. Təbii ki, bu da İranın əsasən panfarsist rejimini ciddi narahat edir və rəsmi Tehran müstəqil Azərbaycanda gedən inkişafı və tərəqqini müxtəlif qərəzli yollarla sapdırmağa cəhd göstərir.
Qarabağ problemi və İranın anti-müsəlmançılıq mövqeyi: Bu məsələdə İran hər zaman Ermənistana dəstək olaraq ona hər cür yardım göstərib. Bu məsələdə maraqlı olan İran heç zaman tərəfsiz mövqe nümayiş etdirməyib, həmişə təcavüzkar və xristian Ermənistana arxa, dost, qardaş çıxıb, müsəlman Azərbaycana qarşı isə xəyanətkar siyasət yürüdüb.
Xəzər dənizinin hüquqi statusu: İran tək Azərbaycanla deyil, başqa Xəzəryanı ölkələrlə də bu barədə indiyədək razılıq əldə edə bilməyib, bu ölkələrin neft və qaz ixracını müxtəlif məqsədli yollarla əngəlləməyə cəhd göstərib. Xatırladaq ki, hələ 2000-ci ildə İran rəsmiləri Azərbaycana təhdidli şəkildə "Xəzərdən qan iyi gəlir" mesajını göndərmişdilər.
Azərbaycanın Qərb və Avropa Birliyi, xüsusilə, ABŞ və İsraillə yaxın əlaqələri- İranda dinçi dövlət yaranan gündən Qərbi, ən başlıcası da ABŞ-ı və və İsraili birinci dərəcəli düşməni sayıb. Daim Qərb və onunla müttəfiq olan dövlətlərin milli maraqlarına müxtəlif yollarla zərbə vurmağa çalışaraq, zərər yetirmək istəyib. Demək olar ki, İran Azərbaycan Respublikası ilə cənub faktoru əsasında əlaqələrini tənzimləyir, digər faktorları bunun üçün bir vasitə olaraq istifadə edir. İranın daxili siyasətində də cənub faktoru önə çıxır. Bu ölkənin, hətta orta məktəb dərsliklərində rejimin irqçi təsəvvürlər və təhrif olunmuş tarixi yer alıb. Bununla da İranın molla rejimi Azərbaycanın İrandakı soydaşının oyanışına, haqları uğrunda mübarizəsinə təsirini azaltmağa çalışır. Bu məqsədlə də rejim Azərbaycan dövlətini müxtəlif yollarla zəiflətməyə və bölgədə gedən bütün demokratik prosesleri əngəlləməyə can atır. Bu işdə ETTELAAT-ın vasitəsilə narkotik maddələri xalq içində yaymaq, islam inqilabının ixracı doktrinası əsasında müxtəlif radikal dini qrupları maliyyələşdirmək, asayişi pozmaq yollarında istifadə olunur. İran hər vasitəyə əl ataraq müstəqil Azərbaycanda da İranda hökm sürən yalançı, qərəzli, şovinist və panfarsizm rejimin qurulmasını hər vəchlə arzulayır. Və bu iyrənc siyasətində heç bir nəticə əldə edə bilməyən İran indiyə kimi Azərbaycanın torpaqlarını işğal edən təcavüzkar Ermənistan dövlətinə hərtərəfli dəstək olmuş və yardım etmişdir. İran 1992-ci ildə törədilən Xocalı soyqırımında, Şuşanın və Laçının işğal edilməsində Ermənistana yardım göstərməklə Azərbaycana dəfələrlə xəyanət edib. Demək olar ki, tarix boyu İranla Ermənistanın əlaqələri "düşmənimin düşməni mənim dostumdur" prinsipi əsasında qurub. Bu yöndə İran hər zaman türklərə qarşı Ermənistanı bir vəsilə kimi istifadə edib. Sirr deyil ki, Ermənistanın dünyaya açılan tək qapısı İrandır.
İran - saxta müsəlman
İran üzdə Azərbaycana qarşı dostluq münasibətində olduğunu bildirsə də, əslində, pərdənin arxa üzü nifrət və düşmənçilik ipləri ilə hörülüb. İran hər fürsətdə Azərbaycanın daxili işlərinə qarışır, ölkəmizi nüfuzdan salmağa çalışır. İrandan fərqi olaraq, Azərbaycan dövləti hər zaman rəsmi Tehrana qarşı daha demokratik və diplomatik yollarla münasibət saxlayıb. Halbuki İranın kəşfiyyat orqanları müxtəlif xeyriyyə təşkilatları adı altında Azərbaycanda fəaliyyət göstərir, İran mədəniyyət mərkəzləri, din xadimləri rəsmi Bakıya qarşı çalışırlar. "Səhər" kanalı açıq şəkildə Azərbaycan xalqının və dövlətinin əleyhinə hər gün yalan və təxtibat xarakterli xəbərlər yayır. Halbuki Azərbaycanın heç bir media qurumu İranda fəaliyyət göstərmək üçün qeydiyyata alınmır. Güney Azərbaycanda hər gün haqlarını tələb edən milli fəallar həbs olunur və ağır işgəncələrə məruz qalır.
İran-Azərbaycan münasibətinə diqqət yetirsək, hər zaman uduzan ölkənin İran olduğunu görərik. İran hökuməti təzyiq və fırıldaq siyasətilə bir nailiyyət əldə edə bilməyib. Bütün təxribatlara baxmayaraq, Azərbaycan neft-qaz sektorunda fəaliyyətinə davam edərək, əsrin müqaviləsini - Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşasını tamamlayaraq, istehsal etdiyi neftin dünya bazarına ixracına nail olur. İranın Ermənistanla yaxın əlaqəsi və bu ölkəyə hər baxımdan dəstək olması Güney Azərbaycan türklərində milli oyanışa və türk kimliyi əsasında milli ruhun yüksəlişinə səbəb olur. Tehranın bu siyasəti rejimə və fars şovinizminə qarşı xalq içində nifrəti daha da artırır.
Hazırda Azərbaycan beynəlxalq səviyyədə tanınır, özünə güclü müttəfiqlər və dost ölkələr qazanmaqdadır. Bunun əksinə İran hökuməti dünya ictimayyətindən təcrid olunur, beynəlxalq təzyiqlərə və sanksiyalara məruz qalır. Müstəqil Azərbaycanın getdikcə müasirləşməsi, iqtisadi inkişafı və dünyada tanınması orada əzilən soydaşlarımıza da öz müsbət təsirini göstərir. Məhz bu baxımdan da nəzərə alsaq, görərik ki, əgər İran dövləti xam, qərəzli, düşmənçilik xülyasından əl çəkib ağıllı və real bir mövqedən çıxış etməsə, ən qısa zamanda dünyada sülhə və əmin-amanlığa təhlükə sayılan avtoritar və şovinist rejim kimi çökmək problemi ilə üz-üzə qalacaq.
QİSMƏT ZƏNGİBASARLI