"Sülh və Demokratiya İnstitutu"nun rəhbəri, daim Azərbaycan dövləti və xalqı əleyhinə etdiyi çıxışları ilə erməni lobbisinin sifarişlərini həyata keçirən Leyla Yunusova bu dəfə mətbuat konfransı düzənləyərək, AŞPA-ya qarşı hücuma keçib. "Hüquq müdafiəçisi" AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilər olan Qrex və Arqamuntun dəyişdirilməsi və hesabatlarının keçməməsi üçün kampaniyaya başladığını bəyan edib. Məhz həmin bəyanatdan da bəlli olub ki, Azərbaycanla bağlı məruzələrini hazırlayan Jozef Debono Qrex və Pedro Aqramunt həmin hesabatlarında L.Yunusovaya, eləcə də, onu maliyyələşdirən erməni lobbisinə bütövlükdə sərf etməyən müddəalar yerləşdiriblər.
Leyla Yunusovanın məlumatları ilə erməni lobbisinin maraqları tamamilə üst-üstə düşür
Nəticədə, L.Yunusovanın avropalı deputatlara qarşı "od püskürməsi" onu deməyə əsas verir ki, "hüquq müdafiəçisi"nin yenidən haray-şüvən qaldırmasının məqsədi erməni ağalarının qarşısında götürdüyü vədlərini yerinə yetirməməsi və lobbiçilərin ondan razı qalmaması ilə əlaqədardır. Bu baxımdan, ağaları qarşısında özünü təmizə çıxarmağa səy göstərən L.Yunusova bunu təsdiq etmək üçün aqressiv çıxışlar etməyə başlayıb.
Onu da qeyd edək ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramuntun Bakıya sonuncu səfərləri zamanı L.Yunusova Azərbaycanda demokratiyanın, söz və ifadə azadlığının inkişafını əks etdirən hesabata qarşı arqumentsiz, qərəzli itihamlarla çıxış edib. O bildirib ki, guya hər iki həmməruzəçinin Azərbaycanla bağlı hazırladığı ilkin hesabat ölkədəki vəziyyətə və onların AŞPA-ya göndərdikləri məlumatlara adekvat deyil (?-R.R.) Və həmin etirazlardan da bəlli olur ki, L.Yunusovanın AŞPA-ya göndərdiyi məlumatların arxasında anti-Azərbaycan meyilli qüvvələrin dayanması şübhəsizdir. Çünki onun məlumatları ilə erməni lobbisinin tamamilə üst-üstə düşür.
Bu nəzərdən, bütövlükdə, Azərbaycanda demokratik dəyərləri, insan hüquqlarının qorunmasını, müdafiəsini, təminatını tam reallığı ilə əks etdirən sözügedən hesabatda L.Yunusovanın və ona himayədarlıq edən erməni lobbisinin qondarma faktları yer almayıb. Ona görə də
Korrupsiyaya və rüşvətə boğulmuş "hüquq müdafiəçisi"
Azərbaycanda baş verən demokratik inkişafa öz təbirincə, qərəzli, böhtan xarakterli don geyindirməyə cəhd göstərən L.Yunusovanın AŞPA kimi mötəbər bir quruma, bu qurumun həmməruzəçilərinə qarşı çirkin kampaniyaya başlaması ictimaiyyətdə daha bir fikrin formalaşmasına şərait yaradır. Belə ki, sözügedən çirkin kampaniya çərçivəsində Azərbaycan üzrə keçmiş həmməruzəçilər olan Qross və Herkelin xatırlanması, onların fəaliyyət dövrlərində ölkəmiz haqqında qeyri-ciddi, arqumentsiz, həqiqətlərə söykənməyən hesabatlarının bu gün də L.Yunusova tərəfindən dəstəklənməsi, əslində, onun fəaliyyət prinsipini ifşa edir. Bu məqsədlər bahasına çirkli, sifarşli erməni pullarına yiyələnmiş "hüquq müdafiəçisi"nin hakimiyyəti və yeni həmməruzəçiləri korrupsiyada ittiham etməsi yalnız bir şeydən xəbər verir ki, L.Yunusovanın bu kimi davranışları onun rüşvət və korrupsiya burulğanında boğulmasını təsdiq edir.
Niyə Leyla Yunusova həmməruzəçilərin suallarını cavablandırmayıb?
"Hüquq müdafiəçisi" L.Yunusovanın böhtanlarla dolu ittihamları, həmməruzəçiləri hakimiyyətə satılmaqda ittiham etməsi barədə sualı cavablandırarkən, P.Aqramunt bildirib ki, deyilənlər heç bir məntiqə sığmır və böyük yalandır. Onun fikrincə, L.Yunusovanın bunu söyləməyə haqqı yoxdur: "Leyla Yunusla mən burada görüşdüm. O, mənə deyib ki, 60 min insan evlərinin sökülməsindən əziyyət çəkir. Amma nə qədər insanın evinin sökülməsinə görə kompensasiya aldığını soruşanda, o, cavab verdi ki, sual düzgün qoyulmayıb. Ona görə də, daha bu xanıma deməyə sözüm yoxdur".
Yəni həmməruzəçinin də etdiyi çıxışından məlum olur ki, əslində, "əziyyət çəkən 60 min insan" yoxdur, çünki onların hər birinə kompensasiyalar verilib və onlar yaşayış sahəsi ilə təmin ediliblər. Sadəcə, L.Yunusova erməni lobbisinin pullarından yararlanmaqla özünü, yuxarıda bildirdiyimiz kimi, təmizə çıxarmağa çalışır. Ona görə də P.Arqamuntun ona ünvanladığı arqumentli suala qarşı öz arqumentini qoya bilməyib. Nəticədə, çıxış yolunu böhtan atmaqda görüb. Bu isə L.Yunusovanın köhnə sifətlərindən biridir. Azərbaycandakı fəaliyyətindən danışarkən P.Aqramunt deyib: "Demokratik ölkələrdə vəziyyət necədirsə, biz də Azərbaycanda öz fəaliyyətimizi o səviyyəyə çatdırmağa çalışırıq. Hər ikimiz Azərbaycanda gördüyümüz işdən qürur duyuruq".
Qeyd edək ki, Cosef Qrex də korrupsiya ilə bağlı ittihamların yalan olduğunu deyib: "Mən 42 il parlament üzvü olmuşam və heç kim məni korrupsiyada ittiham etməyib. Heç kimin agenti deyiləm. Biz Azərbaycana kömək etməyə gəlmişik. Gəlmişik Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü vəzifə və öhdəliklərin yerinə yetirməsinə nəzarət edək. Biz öz işimizi görürük. Gördüyünüz kimi, bu işimizin nəticələri də var. Bir daha qeyd edirəm ki, deyilənlər yalandır".
Heç kimin agenti olmadığını deməklə C.Qrex reallıqda L.Yunusovanın başqa ölkələrə agent kimi satıldığına işarə edib və tam əminliklə söyləmək mümkündür ki, L.Yunusova hər zaman Azərbaycanın maraqlarını ölkəmizdə qaranlıq maraqları olan xarici qüvvələrə satıb və satılıb. Ona görə də onun hakimiyyətə, dövlətçiliyə qarşı ittihamverici çıxışları məntiqə söykənməməklə yanaşı, haqqında araşdırmalara başlanmasını da labüdləşdirir. Çünki L.Yunusovanın xəyanətkar fəaliyyəti bütün çərçivələri aşır və milli maraqlara xidmət etmir. Hər halda, ümid etmək olar ki, L.Yunusovanın qaranlıq, məkrli və xəyanətkar davranışları müvafiq orqanlar tərəfindən nəzarətə alınacaq.
RÖVŞƏN RƏSULOV