ATƏT-in Minsk Qrupunun həmsədrləri konkret olaraq faktlara istinad etməklə, demək olar ki, tam fəaliyyətsizdir. Bu baxımdan, qurumun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olması nə dərəcədə düzgündür? Dünya siyasətinin müəyyənləşdirilməsində xüsusi rola və çəkiyə malik olan ABŞ, Fransa və Rusiya kimi dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllində ikili mövqe nümayiş etdirməsi, bu dövlətlərin ermənipərəst mövqeyindən xəbər verir.
Politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan tərəfinin dəfələrlə mövqeyi səsləndirilib: "Ümumiyyətlə, hər hansı bir məsələ ətrafında aparılan müzakirənin nəticəsi olmalıdır. Əgər bu nəticə yoxdursa, bu, faktiki olaraq, gedən prosesə vasitəçilik edən tərəflərin fəaliyyətsiz olduğunu sübuta yetirir. Dağlıq Qarabağ münaqişəsinə yanaşmaqda istər beynəlxalq təşkilatlar, istərsə də, münaqişəyə vasitəçilik edən tərəflər ədalətsiz bir mövqe sərgiləyir. Dünyada buna oxşar münaqişələrlə bağlı, konkret olaraq, işğal faktı ilə bağlı beynəlxalq hüquq normalarına söykənən ənənələr var. Bu da işğalçı ölkəyə qarşı sanksiyaların tətbiq olunmasıdır".
Politoloq onu da diqqətə çatdırıb ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinə vasitəçilik etdiyi müddət ərzində işğalçı Ermənistana qarşı hər hansı bir təsir göstərilməyib: "Bununla yanaşı, həm də işğala məruz qalan tərəflə işğalçı tərəflə eyni səviyyədə qəbul olunur. Yəni, hər iki tərəfə razılığa gəlmək təklif olunur. Halbuki burada Azərbaycan tərəfindən hər hansı bir razılığın istənilməsinin özü belə beynəlxalq hüquq normalarına ziddir. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Dünyada qəbul olunmuş normalara uyğun olaraq, ilk növbədə, işğalçı ölkə olan Ermənistana qarşı iqtisadi və diplomatik sanksiyalar tətbiq olunmalı idi. Əgər bu, nəticə verməzdisə, onda da hərbi sanksiyalar tətbiq olunmalı idi. Amma bütün bunların heç biri baş verməyib. Əksinə, bəzi hallarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ədalətsiz bir münasibət səsləndirilərək, ortaya qoyulur".
ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmorun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi açıqlamalara münasibət bildirən siyasi ekspert qeyd edib ki, ATƏT-in sədri olan E.Gilmor həm də İrlandiyanın xarici işlər naziridir: "Eymon Gilmor İrlandiya ilə İngiltərə arasında olan problemlərin 75 ildən sonra çözüldüyünü bildirdi. Halbuki Dağlıq Qarabağ münaqişəsi ilə İrlandiya-İngiltərə münaqişəsinin arasında heç bir oxşarlıq yoxdur. Yəni, tamamilə fərqli problemlərdir. Bu baxımdan, indiki şəraitdə əgər ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmor sözügedən münaqişə ilə bağlı bu cür açıqlama səsləndirirsə, bütövlükdə, nə ATƏT-dən, nə də ATƏT-in Minsk Qrupunun həmsədrlərindən ciddi bir addımın atılmasını gözləməyə dəyməz".
E.Mirzəbəyli bildirdi ki, ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ münaqişəsinə olan münasibəti göz önündədir: "Sözügedən dövlətlərin bu cür münasibət sərgiləməsinin də səbəbləri var. Təbii ki, Fransa, ABŞ və Rusiyanın regionda olan maraqları buna diqtə edib. Bu ölkələrin hər birinin Dağlıq Qarabağ münaqişəsinə yanaşmasında öz maraqları var. Rusiya Ermənistanı özünün forpostu hesab edir. Yəni, Cənubi Qafqazda Ermənistan Rusiyanın maraqlarını ifadə edən bir ölkədir. Bir sözlə, işğalçı ölkədə Rusiyanın hərbi bazaları yerləşir. Rusiya Ermənistan vasitəsilə öz siyasətini Cənubi Qafqazda həyata keçirir. Eyni zamanda, digər qonşu dövlətlərə də təzyiq üçün bu qondarma ölkədən istifadə edir. Rusiya status-kvonun mövcud vəziyyətdə qalmasında maraqlıdır. Çünki mövcud status-kvonun qalması Rusiyaya imkan verir ki, regionda münaqişə vasitəsilə həm münaqişə tərəflərinə təzyiq göstərsin, həm də müharibəni istədiyi an alovlandırmaq amilini gündəmə gətirməklə beynəlxalq birliyi də hədələmək imkanı əldə etsin. Bildiyiniz kimi, Fransa və ABŞ-da güclü erməni diasporu var. Onlar bu ölkənin hakimiyyətdə olan siyasətçilərinin seçki kampaniyalarında iştirak edirlər. Bəzən Fransa və ABŞ siyasətçilərinin bir hissəsi erməni diasporunun maliyyəsindən asılı olur. Bu da, faktiki olaraq, sözügedən ölkələrin mövqelərinə təsir göstərir. Digər tərəfdən isə, demək olar ki, həmin dövlətlərin də regionda maraqları var. Yəni, onlar da Dağlıq Qarabağ münaqişəsindən istifadə etməklə Rusiya ilə MDB məkanından kənardakı maraqlarını uzlaşdırmaq prosesində müəyyən razılığa gəlirlər və yaxud da manevr etmək üçün imkanlar əldə edirlər. Aparıcı dövlətlər bu məsələyə beynəlxalq hüququn çərçivəsindən yanaşmır. Bir sözlə, güc tətbiq olunmaması üçün Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmasında beynəlxalq təşkilatlar və aparıcı dünya dövlətləri də maraqlı olmalıdırlar. Bunun üçün də işğalçı ölkə olan Ermənistana qarşı müvafiq sanksiyalar tətbiq olunmalıdır".
GÜLYANƏ AĞAKƏRİMOVA