"Jamanak" qəzeti: "Sarkisyan cəbhədəki süni gərginlikdən şəxsi dividendləri üçün istifadə edir"
"Jamanak" qəzeti son günlər Qarabağ ətrafında artan ümumi gərgin vəziyyəti təhlil edərək, bundan zərərli tərəfin Ermənistan olacağını bildirir. Qəzet yazır ki, Ermənistan-Azərbaycan münaqişəsi və danışıqlar prosesinin uğursuzluğu nəticəsində müşahidə edilən gərginlik parlament seçkilərindən sürətlə prezident seçkiləri mərhələsinə köçürülüb: "Şübhəsiz ki, bu, seçkilər kontekstində Ermənistandakı siyasi vəziyyətə olduqca ciddi təsir edir. Siyasi qüvvələr Qarabağ məsələsini əsas tutaraq, bundan öz maraqları üçün faydalanmaq istəyirlər. Qarabağ probleminin yenidən aktivləşməsi ən çox hazırkı prezident Serj Sərkisyana xeyir verə bilər".
"Qraparak" qəzeti: "Ağır şəraitdə yaşayan xalqın sosial problemləri ikinci plana atılıb"
Erməni qəzetinin yazdığına görə, Sarkisyan Qarabağda hərbi vəziyyəti süni şəkildə gərginləşdirməklə, bütün xalqı öz ətrafında toplamağa çalışır: "Bununla da həm ağır şəraitdə yaşayan xalqın sosial problemlərini ikinci plana atır, həm də müharibə qorxusu ilə seçicilərin səsini oğurlamaq istəyir. Bu vəziyyət başa düşüləndir. Çünki Serj Sarkisyan prezident seçkiləri qabağı xalqa apardığı daxili siyasətin olmayan və heç bir zaman olmayacaq uğurlarını təqdim etməlidir".
Məhz belə bir situasiyada, o, Qarabağ problemini bəhanə gətirərək, daxili siyasətdəki uğursuzluqları bu süni problemlə əsaslandıra bilər: "Sarkisyan deyə bilər ki, Qarabağda hazırkı vəziyyət gərgindir və bu, hakimiyyətə daxili problemləri həll etmək üçün zaman və resurs məhdudiyyəti yaradır".
Yeri gəlmişkən, ehtiyatların belə bir çatışmazlığı ideyasını baş nazir Tiqran Sarkisyan bir müddət əvvəl Brüsseldə mətbuat konfransı zamanı həmin kontekstdə səsləndirmişdi. O bildirmişdi ki, Ermənistan öz ehtiyatlarını müdafiə məsələlərinə sərf etməyə məcbur olduğundan, ölkənin tərəqqisi çox aşağıdır. Hakimiyyət bu bəhanəni dünyaya deyibsə, deməli, heç bir şübhə yoxdur ki, o, bundan daxili siyasətdə də istifadə edəcək.
"Qolos Armenii" qəzeti: " Bu həqiqətlər onu deməyə əsas verir ki, prezident seçkilərində də vəziyyət dəyişməyəcək və yenə qazanan tərəf "Ermənistan Respublikaçı" partiyası və "Çiçəklənən Ermənistan" olacaq"
Rus dilində nəşr olunan "Qolos Armenii"qəzeti isə yazır ki, görünür, Qarabağ münaqişəsindəki son vəziyyət xalqın adından çıxış edən və hakimiyyəti dəyişmə sözü verən müxalifət üçün də sərfəlidir. Çünki parlament seçkilərindən sonra bu siyasi partiyalar olduqca sönük fazaya keçiblər: "Bu həqiqətlər onu deməyə əsas verir ki, prezident seçkilərində də vəziyyət dəyişməyəcək və yenə qazanan tərəf "Ermənistan Respublikaçı" partiyası və "Çiçəklənən Ermənistan" olacaq. Onlar kəskinləşən Qarabağ problemindən istifadə edərək, öz uğursuz siyasətlərini ört-basdır edəcəklər".
"Panorama.am" saytı: " Bu imkandan yararlanmamaq müxalifətin avantürist maraqlarından xəbər verə bilər"
Erməni saytının analitik bölməsində qeyd edilib ki, müxalifət bu vəziyyətdə taktiki gediş edərək, iqtidarın Qarabağ uğursuzluğunu qabardaraq, prezident seçkilərində gözlənilməz bir nəticə əldə edə bilər. Lakin bu imkandan yararlanmamaq müxalifətin avantürist maraqlarından xəbər verə bilər: " Belə olan halda ictimai maraqları müdafiə etdiyini iddia edən siyasi qüvvələr yeni və alternativ gedişlərdən, modellərdən istifadə edərək, həm xalqın, həm də dünya ictimaiyyətinin qarşısında problemin həllində maraqlı olan siyasi subyekt kimi öz etibarlılğını sübut etməlidir. Amma bu da inandırıcı görünmür".
QİSMƏT ZƏNGİBASARLI