PDF Oxu

Araşdırma

  • 1 055

Eks prezidentlər haqqında qanunun qəbulu demokratik dəyərdir

Eks prezidentlər haqqında qanunun qəbulu demokratik dəyərdir

Tarixən hər bir ölkənin dünya siyasi səhnəsində özünə layiqli yer tutması, inkişafa nail olması və taleyi ilə bağlı qətiyyətli qərarlar vermək əzmi lider amili ilə şərtlənmişdir. Müxtəlif dövlətlərdə yaşamış bu cür xarizmatik liderlər xalqlarının müstəqil dövlətçilik ideallarının reallığa çevrilməsi və gələcək inkişaf yolunu düzgün müəyyənləşdirməsi naminə lazımi əzmkarlıq, iradə nümayiş etdirmişlər.

Məhz bu səbəbdən də, prezidentlik institutu hər bir demokratik dövlətin siyasi sistemində müstəsna yer tutur. Hər bir ölkənin prezidenti - konstitusiya və digər qanunlarla ona verilmiş səlahiyyətlər çərçivəsində ali dövlət idarəçiliyini həyata keçirir, xalqının, dövlətinin ərazi bütövlüyü, suverenliyi, təhlükəsizliyi, rifahı üçün mənəvi və siyasi-hüquqi məsuliyyət daşıyır. Eyni zamanda, hər bir xalq taleyini güvəndiyi prezidentə etibar edir, onu toxunulmazlıq və qürur rəmzi kimi qəbul edir.

Azərbaycan Respublikasında da ölkə prezidentinin statusu konstitusiya əsasında müəyyənləşdirilmişdir. Əsas Qanunun 99-cu maddəsinə əsasən, "Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur". 106-cı maddəyə görə, "Azərbaycan Respublikasının Prezidenti toxunulmazlıq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur". 109-cu maddə isə ölkə başçısının səlahiyyətinə aid məsələləri müəyyən edir.

Ümumilikdə, belə bir Konstitusiya Qanununun qəbulu ölkədə siyasi barış və etimad mühitinin formalaşdırılması, eks-prezidentlərə cəmiyyətdə ictimai münasibətin dəyişməsi baxımından son dərəcə vacib əhəmiyyətə malikdir. Bununla belə, kifayət qədər ciddi əsası olmadan sözügedən qanunun əleyhinə fikir söyləyənlərə də rast gəlinir. Bəziləri iddia edirlər ki, üzərində cinayət məsuliyyəti olan bir şəxsin bu qanundan yararlanması hüquqi nihilizm yaradar. Xüsusən də, qanunun eks-prezident A.Mütəllibova şamil olunmasının əleyhinə çıxanlar onun sovet dövrünün qanunları ilə prezident seçildiyini iddia edirlər. Eyni zamanda, A.Mütəllibovun guya bu qanundan istifadə edərək, beynəlxalq səviyyədə iddia qaldıracağını və Azərbaycandan təzminat tələb edəcəyi kimi absurd fikirlərə də rast gəlinir. Halbuki həm A.Mütəllibov, həm də mərhum eks-prezident Ə.Elçibəyin ailə üzvləri belə bir qanunun qəbuluna görə məmnun olmaya bilməzlər. Konstitusiya Qanunu onların hər hansı başqa iddia ilə çıxış etmələrinə hüquqi əsaslar vermir. Digər tərəfdən, unutmaq lazım deyil ki, qanun qüvvəyə mindikdən sonra A.Mütəllibov barəsində olan cinayət işinə xitam veriləcəyi hüquqi zərurətdir. Bu şərh etdiyimiz Konstitusiya Qanununun tələbidir. Konstitusiya Qanununun eks-prezidentlərin hamısına şamil edilməsi hüquq bərabərliyi və ədalət baxımından son dərəcə təqdirəlayiqdir. Bu, həm də Azərbaycan siyasətinə sivil meyarların, etik-mənəvi prinsiplərin getdikcə daha möhkəm əsaslarla nüfuz edəcəyini göstərir.

Bu qanun Azərbaycan Respublikasının hüquq siyasətində mühüm bir pozitiv addım olmaqla yanaşı, ölkəmizdə hüquqi dövlət və demokratik cəmiyyət quruculuğuna əhəmiyyətli bir töhfədir. Dövlətə rəhbərlik etmiş şəxsə, onun təmsil etdiyi siyasi qüvvəyə münasibətdə siyasi mədəniyyətin nümayişi bu qanunun fəlsəfi əsasını təşkil edir. Dövlət idarəçiliyinin tarixi keçmişinə hörmət, keçmiş səhvlərin bağışlanması, cəmiyyətin siyasi palitrasında antoqonist münasibətlərə yer verilməməsi, sağlam siyasi əqidənin formalaşdırılmasına cəhd, bütün siyasi qüvvələrin Azərbaycanın inkişafı üçün səfərbər edilməsi, siyasi barışın təmin edilməsi kimi yüksək mənəvi-siyasi dəyərlərə xidmət edən bu qanun bütövlükdə respublikamızın hüquq sistemini zinətləndirən hüquqi keyfiyyətə malikdir.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər