PDF Oxu

Araşdırma

  • 1 084

İlham Əliyev: \"Azərbaycan əməkdaşlıq üçün açıq ölkədir\"

İlham Əliyev: \"Azərbaycan əməkdaşlıq üçün açıq ölkədir\"

İqtisadi resurslardan səmərəli, rasional, effektli istifadə müasir dövrdə milli iqtsadiyyatın, eləcə də, qlobal dünya iqtisadiyyatının davamlı inkişafını şərtləndirən mühüm amillərdən sayılır. Mövcud imkanların, sosial-iqtisadi alternativlərin düzgün qiymətləndirilməsi, iqtisadiyyatda insan amilinin həlledici xarakterinin ciddi şəkildə nəzərə alınması sosial-iqtisadi tərəqqinin qüvvətləndirən vacib məqamlardır. Sözsüz ki, insan kapitalı, zəngin əmək resursları ilə yanaşı, təbii ehtiyatların, mövcud iqtisadi potensialın hərtərəfli inkişaf prosesində önəmli rolu var. Bu rol sosial-iqtisadi amillərin rasional, səmərəli, məqsədyönlü əlaqələndirilməsi şəraitində kifayət qədər pozitiv, mütərəqqi xarakter daşıyır.


Uğurlu sosial infrastruktur layihələri həyata keçirilir


Koreya Respublikasının nüfuzlu \"Diplomacy\" jurnalına verdiyi müsahibədə Prezident İlham Əliyev bununla bağlı qeyd edir ki, Azərbaycan əlverişli coğrafi mövqeyə və zəngin təbii sərvətlərə malik olan bir ölkədir: \"Azərbaycan XXI əsrə sürətli iqtisadi inkişaf templəri ilə qədəm qoymuşdur. Azərbaycan əməkdaşlıq üçün açıq olan bir ölkədir. Ölkəmizin güclü iqtisadiyyatı və neft-qaz sənayesinin inkişafı resurslarımızı insan kapitalına yönəltmək üçün bizə əlverişli imkan yaradır. Bütün sahələri əhatə edən uğurlu sosial infrastruktur layihələri həyata keçiririk və bu gələcəkdə də davam etdiriləcəkdir\".

2001-2012-ci illərdə Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasına nəzər saldıqda, ölkə iqtisadiyyatının böyük uğurla və getdikcə artan sürətlə inkişaf etdiyi aydın görünür. Bu müddət ərzində Azərbaycanın iqtisadiyyatı 12 dəfədən artıq böyüyüb, Dövlət Büdcəsinin həcmi 14 dəfədən çox artıb. Hazırda Azərbaycanın iqtisadi gücü Cənubi Qafqaz iqtisadiyyatının 80 faizindən çoxunu təşkil edir. Yaxın 3-4 ildə bu göstəricinin daha 10 faiz artaraq, Azərbaycanın xeyirinə dəyişəcəyini göstərir.


Böyük, mütərəqqi inkişaf məqsədlərinə yönələn, planlı, sistemli fəaliyyət


Bu, o deməkdir ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazda 90 faizdən artıq xüsusi çəkiyə malik olmaqla, ümumilikdə, digər iki respublikanı - Gürcüstanı və işğalçı Ermənistanı 9 dəfədən artıq üstələyəcək. Bu uğurlar ölkəmizin zəngin enerji resurslardan əldə etdiyi kapitaldan maksimum səmərəli istifadə etməsi hesabına əldə edilir. Söhbət ondan gedir ki, irimiqyaslı enerji layihələri ilə yanaşı, ölkəmizdə neft-qaz sektorundan əldə edilən böyük həcmli gəlirlərin investisiya kimi, qeyri-neft sektoruna, davamlı, strateji perspektiv vəd edən digər sahələrə yönəldilməsi strategiyası həyata keçirilir.

Bu baxımdan, milli iqtisadiyyatın mobilləşdirilməsi, informasiyalaşdırılması, çoxvariantlı, elmi-intellektual inkişaf modelinə söykənməsi dövlət və cəmiyyət qarşısında duran başlıca hədəflərdən hesab edilir. Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyaya görə, Azərbaycan yaxın 10-15 ildə informasiya-kommunikasiya texnologiyaları sahəsindən gələn gəlirlərin həcminin neft ixracından əldə edilən gəlirlərə çatdırılmasına nail olmağı planlaşdırır. Belə bir strateji təşəbbüsünün ortaya çıxması bilavasitə böyük, mütərəqqi inkişaf məqsədlərinə yönələn, planlı, sistemli fəaliyyət deməkdir. Azərbaycan Prezidenti hələ 2003-cü ildə Cenevrədə, informasiya cəmiyyəti qurulması problemlərinə həsr edilmiş dünya sammitindəki çıxışında vurğulayırdı ki, Azərbaycanın əsas məqsədi özünün \"qara qızıl\"ını insan kapitalına çevirməkdir və bu işdə aparıcı rollardan biri informasiya texnologiyaları sahəsinə məxsusdur.


İnformasiyalaşmış, innovasiyalı, mobil iqtisadiyyat

Bu, strateji əhəmiyyət kəsb edir

İKT artıq bu gün Azərbaycanda öz həcminə və potensialına görə, energetika sahəsindən sonra ikinci yeri tutur, lakin inkişafın perspektivləri və dinamikası baxımından, bu sektor şəriksiz liderdir. Bəlli olduğu kimi, yüksək, informasiyalaşmış, çoxşaxəli inkişaf etmiş ölkə o dövlət sayılır ki, orada əhalinin 51 faizdən çoxu məhz informasiya-kommunikasiya texnologiyaları (İKT) sferasında çalışır. Bu mənada, Azərbaycanın 2003-cü ildən bəri bu istiamətdə əldə etdiyi böyük tərəqqi göz qarşısındadır. Müvafiq sahədə orta illik artım sürəti son 9-10 il ərzində 30-32 faiz səviyyəsində olub.

Azərbaycan müvafiq inkişaf sürəti baxımından, dünya ölkələrini 3 dəfədən çox qabaqlayır. Son 9 ildə İKT sektorunun həcmi 6 dəfə artıb və hazırda 1,8 milyard ABŞ dolları həcmində dəyərləndirilir. Bu isə Azərbaycanda bütövlükdə ÜDM-in 1,9 faizinə və qeyri-neft sektorunda ÜDM-in 4,3 faizinə bərabərdir. Hər il büdcədən bu sahəyə ayrılan birbaşa vəsait 60-70 milyon dollardan çoxdur. Ümumiyyətlə, son illərdə rabitə və informasiya texnologiyaları sahəsinə 800 milyon dollardan çox sərmayə qoyulub. Son bir neçə ildə Azərbaycan bazarlarına və regiondakı digər bazarlara 500-dən çox yeni İT - şirkət çıxıb. Bu baxımdan, Davos Dünya İqtisadi Forumunun \"The Global Information Technology Report 2010-2011\" hesabatında göstərilir ki, şəbəkə hazırlığının səviyyəsinə (The Network Readiness Index) görə Azərbaycan dünyanın 138 ölkəsi arasında 70-ci yeri tutur.


Sosial-iqtisadi və siyasi-hüquqi islahatlar prioritet təşkil edir

Azərbaycan Prezidentinin müəyyən etdiyi strategiyaya görə, Milli iqtisadiyyatın daha da inkişaf etməsi üçün \"Virtual zona\" layihəsinin həyata keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində güzəştlər konkret əraziyə deyil, İT fəaliyyətinin müəyyən növlərinə şamil ediləcək. Vergi və gömrük güzəştləri, ucuz kreditlər, bütün zəruri infrastruktur - bunların hamısı İKT sahəsində biznes fəaliyyətini asanlaşdırmağa, sosial-iqtasadi fəaliyyəti daha çevik, səmərəli etməyə yönəlib. Ölkəmizin milli inkişafını şərtləndirən fundamental faktorlardan biri də güclü siyasi iradənin fonunda həyata keçirilən rasional islahatlardır. Bu sırada uğurlu sosial-iqtisadi fəaliyyətlə yanaşı, praqmatik daxili və xarici siyasət kursu, özəlliklə də siyasi-hüquqi islahatlar prioritet təşkil edir. Bu, ölkədə əldə olunan makroiqtisadi sabitlik və müvəffəqiyyətlə həyata keçirilən davamlı inkişaf strategiyası ilə qırılmaz şəkildə bağlıdır.

Hazırda Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik ölkəmizin hərtərəfli, yüksələn xətlə inkişafına əlverişli zəmin yaradır. Dövlət səviyyəsində bütün prioritet fəaliyyət sahələrində uğurla həyata keçirilən islahatlar, ciddi əsaslandırılmış şəkildə tətbiq edilən yeniliklər nailiyyətlərin daha böyük olmasını şərtləndirir. Konkret fəaliyyət sahələrinin tərəqqisinə yönələn variasiyalı inkişaf modelləri ölkənin sosial-iqtisadi infrastrukturunu möhkəmləndirir, mütərəqqi biznes təfəkkürünü, iqtisadi təşəbbüskarlığı stimullaşdırır.


Azərbaycan ən sürətlə inkişaf edən ölkələrdəndir

Azərbaycan bu gün dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında ön sıralarda gedir. Bu, məhz ölkəmizdə uğurla həyata keçirilən, sosial-iqtisadi və ictimai fəaliyyətin bütün sferalarını əhatə edən dərinləşdirilmiş çoxpilləli islahatların nəticəsidir. Sosial-siyasi islahatların mütəmadi surətdə həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, rasional iqtisadi inkişaf strategiyasının tətbiq edilməsi və digər bu kimi istiqamətlər dövlətimizin qarşısında duran prinsipial öhdəlikləri təşkil edir. Bu gün sivil, demokratik, çiçəklənən dünyəvi dövlət kimi tanınan Azərbaycan müvafiq qarşılıqlı öhdəliklərə layiqincə əməl edir. Ölkəmizdə insan hüquqlarının qorunmasına, möhkəmləndirilməsinə, söz, fikir, düşüncə, vicdan azadlığının yüksək səviyyədə təmin edilməsinə xüsusi diqqət yetirilir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə gerçəkləşdirilən strateji inkişaf və fəaliyyət xətti Azərbaycanın güclü, nüfuzlu, beynəlxalq təhlükəsizliyə və qlobal inkişafa mühüm töhfə verən dövlət kimi tanınmasını, formalaşmasını şərtləndirir. Bəllidir ki, milli inkişaf strategiyasının uğurla tətbiq edilməsi üçün iqtisadi əsaslar möhkəm, dayanıqlı olmalı, ardıcıl şəkildə gücləndirilməli, bununla yanaşı, həyata keçirilən sosial-iqtisadi islahatlar davamlı xarakter almalıdır. Prezident İlham Əliyev bu vacib məqamı daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının rəhbərliyi həyata keçirilən çoxşaxəli islahatlar milli iqtisadiyyatımızın, əhalinin sosial-iqtisadi rifahının daha da möhkəmlənməsinə xidmət edir.

Naib NİFTƏLİYEV

Digər xəbərlər