PDF Oxu

Araşdırma

  • 1 154

Səfillər ordusu...

Səfillər ordusu...

Rüşvət müqabilində ordudan yayınma, cinsi zorakılıq, ölüm, yararsız, vaxtı keçmiş qidadan zəhərlənmə halları bu gün işğalçı Ermənistan ordusunu xarakterizə edən əsas əlamətlər sayılır. Diqqəti çəkən odur ki, artıq bu məqamı ermənilər özləri də etiraf edirlər. Erməni hüquq müdafiəçiləri orduda vəziyyətin acınacaqlı olduğunu bildirir, yerli ictimaiyyəti fəal etirazlara, hökuməti isə təcili tədbirlər görməyə çağırırlar.


Rüşvət, korrupsiya, iqtisadi cinayətkarlıq...


Hazırda rüşvət, korrupsiya, iqtisadi cinayətkarlıq Ermənistan dövlətinin və cəmiyyətinin simvoluna çevrilib. Bu mənada, erməni ordusunda vəziyyət daha dözülməzdir. İşğalçılıq siyasəti ucbatından faktiki olaraq, yarımhərbi rejimdə yaşayan bu ölkədə gənclərin çoxu müxtəlif vasitələrlə ordudan yayınmağa çalışır. Bu yerli çağırış məntəqələrinin işinə əməlli-başlı yarayır. Belə ki, böyük məbləğdə rüşvət və ya "zəhməthaqqı" müqabilində nəinki ordudan yayınmaq, hazır hərbi bilet əldə etmək, hətta "müharibə qəhrəmanı" olmaq mümkündür.

Yerli qeyri-hökumət təşkilatlarının hesablamalarına görə, hər il hərbi xidmətə çağırılan gənclərin 3000 nəfərindən çoxu rüşvət verərək, ordu sıralarından yayınır. Çağırışçıların əksəriyyəti isə bəhanələrlə çağırış zamanını uzatmağa, yubatmağa səy göstərir. Bir müddət əvvəl, Yerevanda əsgər valideynlərinin keçirdiyi etiraz aksiyası erməni ordusunda vəziyyətin həddən artıq dözülməz olduğunu bilavasitə təsdiqləyir.

Erməni ordusunda fərarilik, ölüm, döyülmə, rüşvət, intihar hallarının getdikcə artması buna əyani misaldır. Orduda daxili nizamnaməyə, demək olar ki, qətiyyən riayət edilmir, intizamsızlıq və özbaşınalıq hökm sürür. Belə vəziyyət ünsiyyətin, münasibətlərin "kim güclüdür" prinsipi ilə nizamlanmasına gətirib çıxarır.


Açıq silahlı insidentlər


İşğalçı erməni ordusunda əsgərlər arasında əxlaqsızlıq, zorlama halları da günü-gündən artır. Belə vəziyyət yerli ermənilərdə orduya qarşı narazılıq və açıq nifrət hissi oyadır. Bir çox valideynlər, belə ədəbsizlik hallarının aradan qaldırılmadığı təqdirdə, övladlarını əsgərliyə göndərməyəcəklərini deyirlər. Erməni əsgərləri arasında vaxtaşırı açıq silahlı insidentlərin baş verməsi, bir əsgərin digərlərini, xüsusən, hərbi rütbəliləri güllələməsi ordudakı narazılığın son həddə çatdığının göstəricisidir.

Əslində, belə vəziyyəti yaradan, formalaşdıran da elə əksərən əxlaqi naqis olan daimi hərbi qulluqçular, ermənilərin yerli zabit korpusudur. Təcavüzkarlıq xisləti ilə köklənən bu şəxslər sadə, sıravi əsgərlərə açıq qurban, potensial istifadə obyekti kimi baxırlar. Məhz bu səbəbdən, erməni ordusunda hər hansı vətənpərvərlik hissinin mövcudluğundan danışmaq mümkün deyil. Bu hiss artıq qalmayıb, çoxdan ölüb gedib.


Daimi təzyiq, zor, təhdid qorxusu, pis qidalanma


Daimi təzyiq, zor, təhdid qorxusu, pis qidalanma erməni əsgərlərinin mənəvi-psixoloji durumuna və fiziki sağlamlığırna da olduqca mənfi təsir göstərir. Heç də təsadüfi deyil ki, erməni ordusunda xidmət edən əsgərlərin səhhətlərində də tez-tez ciddi problemlər meydana gəlir.

Yerli QHT-lərin araşdırmaları nəticəsində, o da bəlli olub ki, orduda əsgərlər üçün ayrılan ərzağın çoxu və az-çox keyfiyyətli hissəsi qeyri-qanuni şəkildə satışa çıxarılır. Əldə edilən gəlir isə ordunun korrupsiyalaşmış yüksək rütbəli zabitlərinin cibinə axır. Bunun nəticəsində, orduda ciddi ərzaq qıtlığı hiss olunur, əsgərlər normal, kalorili, keyfiyyətli şəkildə qidalana bilmirlər.

Vəziyyəti gərginləşdirən məqamlardan biri də əsgərlər arasında özünü göstərən ciddi ayrı-seçkilikdir. Xüsusən, Ermənistandan məcburi şəkildə erməni işğalı altında olan Qarabağda xidmət etməyə gətirilən əsgərlər yerli yaraqlılar və ya "DQR" hərbçiləri tərəfindən incidilir, döyülür, təhqir edilir, ən dözülməz işləri görməyə vadar olunurlar.

Bu mənada, Ermənistan ordusunda vəziyyət həddən artıq kritik hal alıb. Orduda baş alıb gedən qanunsuzluqların sırası isə heç də bununla bitmir. Əsgərlərin qidalanması ilə bağlı yaranan çətinliklərlə yanaşı, "dedovşina" problemi də gündən-günə aktuallaşır. Ermənilərin cəbhə xəttində təxribatlar törətməklə vəziyyətdən çıxmaq cəhdləri isə əks-bumeranq effekti ilə onların öz əleyhinə işləyir. Hər dəfə belə cəhdlər olanda, Azərbaycan ordusu düşmənin layiqli cavabını verir və erməni yaraqlıları itkiyə məruz qalaraq, geri çəkilməli olurlar.


"Orduda ədalətsizliyə son qoyaq"

Narazıların sayı getdikcə artır


Belə təxribatlara rəvac verən Ermənistan hakimiyyətinin davranışı isə yerli erməni ictimaiyyəti arasında narazılıq doğurur. Beləliklə, hakimiyyətin yürütdüyü yarıtmaz siyasətdən narazıların sayı bir qədər də artır. Bu baxımdan, Ermənistanda fəaliyyət göstərən "Orduda ədalətsizliyə son qoyaq" ictimai birliyi yerli KİV-ə müraciəti diqqəti çəkir. Qurumun koordinatoru Ovanes Sarkisyan qondarma "DQR" ərazisində yerləşən hərbi hissələrdə Hindistandan gətirilmiş, mənşəyi bilinməyən ətdən istifadə edilməsi faktını aşkarladığını bildirib. Sarkisyan qeyd edib ki, ilk belə fakt işğal olunmuş Xocavənd rayonu ərazisində yerləşən "Martuni-2" hərbi hissəsində aşkarlanıb. Sonradan bəlli olub ki, bu tip ət məhsullarından əksər hərbi hissələrdə istifadə edilir. O, vurğulayıb ki, Hindistandan gətirilən ət keyfiyyətsiz və çox vaxt iylənmiş vəziyyətdə olur.

Bütün bunların fonunda işğalçılıq siyasətini davam etdirən Ermənistanın artıq bir dövlət olaraq varlığının təhlükə altında olduğu aydın görünür. Artıq ara-sıra keçirilən hərbi təlimlər də vəziyyəti dəyişməyə qadir deyil. Əksinə, belə tədbirlər, yalançı "güc" nümayişi erməni ordusundakı ciddi qüsurları tam aşkara çıxarır, qeyri-rəsmi şəkildə səfillər ordusu adlandırılan erməni silahlı qüvvələrinin döyüş və müdafiə potensialının çox aşağı olduğunu təsdiqləyir. Artıq


Rüsvayçı təlimlər

Və ya məzhəkəni xatırladan paradlar


Ermənistanın güc strukturları da orduda baş verənləri gizlədə bilmirlər. Belə təlimlər zamanı yüzlərlə əsgərin xəsarət alması erməni ordusunda hərbi hazırlıq səviyyəsinin yarıtmaz olmasının əyani sübutudur. Ermənilərin keçirdiyi hərbi paradlar isə, sözün həqiqi mənasında, məzhəkəni xatırladır. Belə paradlarla nəinki "güc" nümayiş etdirmək, heç ordunun varlığından da danışmaq mümkün deyil. Odur ki, onlar nəyə qadir olduqlarını belə biabırçı hərbi paradlarla vaxtaşırı bütün dünyaya nümayiş etdirirlər.

2011-ci il və bu ilin əvvəlində Ermənistan ordusunda 200-ə yaxın hərbi qulluqçu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Bu da 2010-cu illə müqayisədə 86 hadisə çoxdur. Aparılan araşdırmalar nəticəsində, müəyyənləşdirilib ki, Ermənistan ordusunda baş verən intihar və intihara cəhd hallarının 91,47%-i ordudakı ağır hərbi xidmət və məişət şəraitinin acınacaqlı vəziyyətdə olması, təhqir etmə, döyülmə, zorlama, təcavüz və "dedovşina" hallarının hələ də davam etməsi nəticəsində baş verib. Bütün bunlar işğalçı ölkədə təcavüzkarlıq meyilinin bilavasitə ordunun daxilinə sirayət etdiyini təsdiqləyir.


306 qətl, 228 ölüm...


2005-ci ildən 2012-ci ilin ilk aylarına kimi orduda 306 qətl, 228 ölüm halı, 2007-ci ildən 2012-ci ilin əvvəlinədək atəşkəsin pozulması nəticəsində, 32 ölüm hadisəsi qeydə alınıb. Hüquq müdafiəçiləri bildirirlər ki, Ermənistan Müdafiə Nazirliyi heç də bütün insidentlər haqda məlumat vermir, bəzi hallar naməlum olaraq qalır, baş verənlərlə bağlı dolğun, obyektiv informasiya əldə etmək olmur. Bunu sübut etmək üçün ekspertlər ABŞ Dövlət Departamentinin 2010-cu il hesabatını misal göstərirlər. Həmin sənədə əsasən, erməni ordusunda ölüm xarakterli 54 insident qeydə alınıb. Müvafiq məlumat ABŞ Dövlət Departamentinə məhz Ermənistan Müdafiə Nazirliyi tərəfindən göndərilib. İctimaiyyətə isə yalnız 44 belə hal barədə məlumat verilib. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi əksər hallarda həqiqəti gizlədir, reallığı ictimaiyyətə çatdırmaqdan yayınırlar.

Ekspertlər qeyd edirlər ki, orduda hərbçilərin ölüm halları intihar faktları kimi təqdim olunur, illərlə bu cinayət işləri açılmamış qalır. Ermənistan ordusunda baş verənlər, orduda yüksək rütbəli zabitlərin nizamnamədən kənar hərəkətləri, intihar hallarının artması, nizam-intizamın olmaması, əsgərlərin öz silahdaşlarını öldürmələri gənclərin hərbi xidmətdən yayınmasının əsas səbəblərindən sayılır. Dünya mətbuatında Ermənistan ordusunda baş verənlər barədə müxtəlif məlumatlar dərc olunur. Müvafiq məlumatlarda erməni gənclərinin hərbi xidmətə getmək istəmədikləri, müxtəlif bəhanələrlə hərbi xidmətdən yayınmağa çalışdıqları bildirilir.


Rüşvət müqabilində "aylıq istirahət"

Bu, 200 dollara başa gəlir


Ermənistan ordusunda hərbi qulluqçuların maddi vəsait müqabilində "aylığa buraxılma" halları isə bir "ənənə" olaraq qalır. Məlumatlara əsasən, 2011 və 2012-ci ilin əvvəlində 220 belə hadisə qeydə alınıb. Bu, 2010-cu illə müqayisədə 11,22% çoxdur. Bunlardan 176-nı əsgər və müqavilə əsasında xidmət edən hərbi qulluqçular, qalan 32 nəfərini isə zabit-gizirlər təşkil edir. Aşkar edilmiş 220 "aylığa buraxılma" faktının reallığı əks etdirmədiyini qeyd edən monitorinq qrupları, bildirirlər ki, bu say mövcud reallığı qismən - 50-60% əks etdirir. Erməni KİV-in məlumatlarına əsasən, valideynlər övladlarını hərbi xidmətdən yayındırmaq məqsədilə komandir heyətinə hər ay evə buraxılmaq üçün 200 ABŞ dolları həcmində rüşvət verirlər.

Qeyd edək ki, son vaxtlar işğalçı erməni ordusunun bərbad vəziyyəti ilə bağlı belə informasiyaların sayı və həcmi kifayət qədər artıb. Belə ki, tibbi yardım tələb edən Suren Kirokosyan adlı erməni əsgəri yalnız aclıq aksiyasından sonra xəstəxanaya yerləşdirilib. Məlumata görə, Ermənistan Ədliyyə Nazirliyinin Gorus rayon təcridxanasında olan sıravi əsgər Suren Kirokosyan müxtəlif xəstəliklərdən şikayətlənərək, tibbi yardım tələb edib. Əsgər tibbi yardım almadıqda, aclıq aksiyasına başlayıb. Erməni əsgər 51 gün ac qaldıqdan sonra, nəhayət ki, onu tibbi müayinə üçün xəstəxanaya yerləşdiriblər. Əsgərin anası Zvart Kirakosyan bildirib ki, oğlu hərbi xidmətə başladığı gündən müxtəlif xəstəliklərdən şikayət edirmiş. Hüquq müdafiəçiləri qeyd edirlər ki, Ermənistan hakimiyyəti hələ də orduda sülh şəraitində həlak olmuş və ya öldürülmüş hərbçilərin dəqiq sayını açıqlamır: "Bu gün orduda xidmət etmək post və ya mövqelərdə durmaqdan daha təhlükəlidir".


"Səs" Analitik Qrupu

Digər xəbərlər