İndi dünyanı qlobal geosiyasi sistem kimi qəbul etmək olar. Bu sistem çox həssas dövrünü yaşayır. Analitiklərin fikirlərində planetin geosiyasi güclərinin taleyi ilə bağlı bəzən ilk baxışdan təəccüb doğuran proqnozlar ifadə olunur. Dünyada tanınmış politoloqların hər bir təhlili özünəməxsusluğu ilə seçilir.Zbiqnev Bjezinskinin "Foreign Affairs" jurnalında dərc olunan "Şərqi tarazlaşdırmaq, Qərbi yeniləmək. Sarsıntılar əsrində ABŞ-ın milli strategiyası" ("Balancing the East, Upgrading the West. U.S. Grand Strategy in an Age of Upheaval") məqaləsinə münasibət də bu qəbildəndir. Məqalə bütövlükdə müasir geosiyasi vəziyyətə sistemli nəzər yetirir.Z.Bjezinski ABŞ-ın dünyadakı aparıcı strateji rolunun zəifləyəcəyi halda planetdə hansı zəncirvari geosiyasi proseslərin baş verə biləcəyini təhlil edir. O, bu proseslərin daxili məntiqini açmağa çalışır, bu zaman əsas tezisini ABŞ-ın liderliyinin pozitiv və neqativ tərəflərinin vəhdətini göstərmək üzərində qurur. Məhz bu bağlılıqda paradoksal görünən fikirlər irəli sürür.Onların sırasında ABŞ-ın tənəzzülə uğramasının Çin tərəfindən arzulanması diqqət çəkir. Məsələ ondan ibarətdir ki, müxtəlif təxminlərə görə, Çin 2020-ci ildə dünya lideri ola bilər və onun bu yolda ən böyük rəqibi ABŞ-dır. Ona görə də, normal məntiqlə Çin ABŞ-ın zəifləməsində maraqlıdır.Z.Bjezinski məqaləsində bir epizodu xadırladaraq yazır ki, bu yaxınlarda Çin məmuru özünün amerikalı həmkarından xahiş edib: "ABŞ-ın tezliklə iflasa düçar olmasına imkan verməyin". Əgər bu hadisə baş veribsə, onun geosiyasi maraqlar müstəvisində məntiqi izahında ziddiyyətli məqam yoxdur. Əslində, bu ideya Z.Bjezinskinin məqaləsinin mahiyyətini göstərir.Ümumiyyətlə, Z.Bjezinskinin apardığı təhlillərin əsas tezisi belədir: "Beynəlxalq arenada qeyri-müəyyənlik, qlobal rəqiblər arasında toqquşmaların kəskinləşməsi və açıq xaos ABŞ-ın tənəzzülünün nəticəsi olacaq". Yəni dünyanın geosiyasi dinamikasında qeyri-müəyyənliklər, geosiyasi güclərin toqquşması, xaotik proseslərin çoxalması kimi tendensiyaların üstünlük təşkil etməsi mühüm yer tutur. Əsas təhlükə bundadır.Belə olan halda konkret geosiyasi gücün kimliyi arxa plana keçir və prosesin müəyyən mərhələsində nəzarət hər kəsin əlindən çıxa bilər. Bu baxımdan, liderin ABŞ və ya Çin olmasının dünya üçün əhəmiyyəti yoxdur. Həmin məntiqlə Çin dünyadakı proseslərə nəzarət edəcək güclərin mövcudluğunda maraqlı olmalıdır. Çin üçün məsələnin başqa tərəfi "ABŞ olmasa, hansı dövlət Çinə rəqib ola bilər" sualına cavab tapmaqdır.Analitiklərin proqnozuna görə, bu siyahıda Rusiya, Braziliya, Hindistan və Türkiyə var. Bu dövlətlər, əslində, daha çox risk daşıyırlar. Rusiya, Hindistan və Türkiyə Çinə coğrafi olaraq daha yaxındır və bu, onlara ABŞ-ın malik olmadığı üstünlükləri verir. Braziliya isə dünyada liderlik potensialına malik deyil və bu, yaxın perspektivdə əlavə risklərin yaranması deməkdir.Bu məsələlərdə İslam amilini nəzərə almaq lazımdır. Çinin ərazisində müsəlman türkləri yaşayırlar, onların baş verə biləcək proseslərdə necə davranacaqları bəlli deyil. ABŞ xristian dövləti kimi, İslam məsələsində Çinlə ortaq maraqlara malik ola bilər.Lakin Z.Bjezinskinin arqumentində sətiraltı məqamlar yer alır. Belə ki, Çin yalnız müəyyən müddətə – dünyada təsirinin tam üstünlük təşkil edəcəyi vaxta qədər ABŞ-ın tənəzzülünü istəməyəcək. Hələlik rəsmi Pekini ABŞ-ın Uzaq Şərqin güclü dövlətləri arasında tarazlı geosiyasi mühit yaratmaq siyasəti qane edir.Z.Bjezinski məqaləsində Uzaq Şərqin nəhəng dövlətlərini bir-birinə qarşı qoymaq əvəzinə, onlar arasında münasibətləri ABŞ-ın xeyrinə yönəltməyin vacibliyini daha konstruktiv sayır. Bu, Pekini ona görə qane edir ki, güclü Hindistan və Yaponiya ilə düşmən mövqedə dayanmaq sərfləli deyil. Müəllif xüsusi vurğulayır ki, ABŞ həmin regionda Çinin geosiyasi prosesləri tənzimləyən dövlət olmasına etiraz etməyəcək. Çin isə sürətli inkişaf tempini saxlamaqla təhlükəsizliyini təmin etməkdə və regiondakı güclü dövlətlərlə tarazlı geosiyasi münasibətlər sistemi qurmaqda ABŞ-dan faydalana bilər.Bundan əlavə, ABŞ nəzərə almalıdır ki, Rusiyanın müstəqil geosiyasi güc olaraq Çinə qarşı siyasət yeritmək ehtimalı azdır. Z.Bjezinski "Böyük Qərb" layihəsinin reallaşacağı təqdirdə bu amilin ön plana çıxacağı fikrindədir. Bu isə Qərbin (ABŞ da daxil olmaqla) möhkəm birliyi nəticəsində mümkündür. Həm də bu birliyə nail olmaq üçün Rusiyanın Avropa İttifaqına üzv seçilməsi lazımdır.Z.Bjezinskinin bu ideyası kifayət qədər cəsarətlidir, bir sıra riskləri göz önünə alır. Belə ki, Qərb birləşə bilməsə, Almaniyanın və İtaliyanın Rusiya ilə Aİ-dən kənar ikitərəfli sazişlər imzalamaq istəyi yarana bilər. Lakin İngiltərə və Fransa Almaniyanın və İtaliyanın bu addımına yol verməzlər. Çünki həm Qərb zəifləyər, həm də Rusiya zəngin Çin qarşısında daha aciz duruma düşər.Z.Bjezinski bildirir ki, demokratiya haqqında arzular ABŞ üçün uğur qazanmaq modeli ola bilməz. Bu nailiyyətə millətsevərlik, güclü hakimiyyət və təmiz dini təsəvvürlərin vəhdətinə (sintezinə, orqanik birliyinə) əsaslanan milli təhlükəsizlik modelləri vasitəsilə çatmaq mümkündür.O, mühüm bir məsələyə diqqət yetirərək yazır ki, Hindistan, Yaponiya, Rusiya və bəzi Avropa ölkələri ABŞ-ın tənəzzülünün nəticələrini indidən hesablayırlar. Onlar gələcəkdə yarana biləcək vəziyyətdən çıxış yolları axtarırlar. Məsələn, Rusiya çox güman ki, Amerikanın qeyri-müəyyən perspektivi ilə əlaqədar planlar qurur. Rusiya, heç şübhəsiz, keçmiş SSRİ-nin yerində yaranan müstəqil dövlətlərə "göz yetirir". Əgər inadkar Çin millətçiliyi özünü göstərərsə, qonşularla münasibətlər kəskinləşər, "Asiya XX əsrin qana susamış və zorakı Avropasına oxşayar". Bu fikirlərdən ABŞ-ın nədən ehtiyat etdiyi aydın görünür.Z.Bjezinski daha sonra vurğulayır ki, ABŞ-ın tənəzzülü zəif dövlətlər üçün də təhlükəlidir. O, bununla bağlı aşağıdakı arqumentləri göstərir: "ABŞ-ın zəifləməsi Meksika ilə əməkdaşlığa son qoyar. Əgər Birləşmiş Ştatlarda millətçilik güclənərsə və təhlükəsizliklə bağlı qorxu yaranarsa, Meksika ərazi iddiaları irəli sürə bilər. Bu da həyəcan doğurur. Çünki ABŞ-ın dəniz yolları, kosmos, kiberfəza və ətraf mühit sahələrində, eləcə də münaqişələrin baş verdiyi hər yerdə sabitliyi təmin etmək üçün nəzarətini azaltmaq çox risklidir". Ona görə də politoloq ABŞ-ı ya "yeni xarici siyasət strategiyası həyata keçirməyə, ya da qlobal fəlakətə hazırlaşmağa" çağırır. Onun gəldiyi qənaətlərdən biri də "ABŞ-ın qlobal əhəmiyyətinin zəifləməsi nəticəsində regional münaqişələrin yaranacağıdır".
"Foreign Affairs" jurnalındakı məqalədə Z.Bjezinski xəbərdarlıq edir, Amerikanın tənəzzülündən sarsılacaq 8 ölkənin adını sadalayır.
Müəllif düşünür ki, Gürcüstan Rusiyanın "siyasi hədəsi və hərbi təcavüzü" qarşısında dayana bilməyəcək. Bu, "Avropanın neft-qaz təchizatının "cənub dəhlizi" üzərində Rusiyanın hökmranlığı, Avropaya təzyiqin güclənməsi, Azərbaycanda "domino effektini" Moskvanın siyasi məqsədlərinə görə sakitləşdirməklə bağlıdır".Tayvan Çinin təzyiqləri qarşısında zəifləyəcək və onun iqtisadi uğurlarının cazibəsi altına düşəcək. Yenidən birləşmə Pekin üçün faydalı olan şəraiti yaxınlaşdıracaq. Bu, Çinlə ciddi konfrantasiya riski ilə əlaqədardır.Dilemma qarşısında qalan Cənubi Koreya ya Çinin regional ağalığına tabe olmalı, ya da Yaponiya ilə münasibətləri möhkəmləndirməlidir. Belə vəziyyətdə Koreya yarımadasında hərbi-iqtisadi sabitlik üçün təhlükə yaranar, ABŞ-ın öhdəliklərinə Yaponiyanın və Cənubi Koreyanın inamı itər.Müəllifin fikrincə, Amerikanın tənəzzülü Rusiyaya Belarusu yenidən "udmaq" şansı verər, Baltik ölkələrinin, xüsusilə Latviyanın təhlükəsizliyi təhdid altına düşər.Hazırda Avropada Ukraynanın Qərb cəmiyyətinə inteqrasiya arzusu və imkanları zəifləyir. Bu, Rusiyanın imperiya ambisiyalarının yenidən oyanışı ilə bağlıdır.Əfqanıstan artıq xarabaya çevrilib. Əgər Amerika qoşunları bu ölkədən tələsik çıxarılarsa, Əfqanıstanın tənəzzülü və qonşularının nüfuz rəqabəti qaçılmazdır. Bu, "Taliban" hərəkatının yenidən dirçəlməsi, Hindistan-Pakistan arasında "özgə əli ilə müharibə", beynəlxalq terrorizm üçün sığınacaqların meydana gəlməsi deməkdir.Pakistan, hərbçilərin idarəçiliyi altında olan radikal islamçı ölkəyə, hərbçi-islamçı idarəçilərin kombinə edildiyi məkana və ya mərkəzi hakimiyyəti olmayan kvazidövlətə çevrilə bilər. Bu, nüvə silahına sahib səhra komandirləri, İran tipli anti-qərb hökumətinin formalaşması və Mərkəzi Asiyada regional qeyri-sabitliyin yaranması ilə əlaqədardır. Zorakılığın Çin, Hindistan, eləcə də Rusiyaya yayılması çox təhlükəlidir.Amerikanın tənəzzülü İsraildə və bütövlükdə, "Böyük Orta Şərq"də siyasi sabitliyi pozacaq əsl "tektonik dəyişikliklərə" səbəb ola bilər. Bu, ABŞ və ya İsrailin İranla birbaşa konfrantasiyasına, islam radikalizminin və ekstremizminin artmasına gətirib çıxarır. Həmin prosesə ümumdünya neft-qaz böhranının, Fars körfəzində ABŞ-ın müttəfiqlərinin zəifləməsinin ciddi təsirini nəzərə almaq lazımdır.Ümumilikdə bu ölkələrə Z.Bjezinskinin "yeni 8-liyi" deyə bilərik. Çünki diqqətlə nəzər salsaq, politoloq təkcə ölkələri sadalamır. Onun fikrinin əsasında "dünyanın geosiyasi güc mərkəzi Şərqə tərəf sürüşür" tezisi dayanır. Coğrafi baxımdan həmin ölkələr postsovet məkanını, Yaxın və Orta Şərqi əhatə edir, eyni zamanda, Çinə, Rusiyaya və Türkiyəyə yaxındırlar.
Beləliklə, Z.Bjezinskinin adıçəkilən məqaləsi dünyanın geosiyasi güc mərkəzinin dəyişməsi halında konkret olaraq hansı proseslərin baş verəcəyinin geosiyasi proqnozudur. Bu proqnozdan görünür ki, postsovet məkanı qeyri-müəyyənliklərə və mümkün xaotik proseslərə düçar ola bilər. Bu mənada, Z.Bjezinskinin məqaləsi mümkün risklərə diqqət yetirməyin vacibliyini bir daha ifadə edir.
Nevtimes