AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramuntun Bakıya son səfərləri hazırda mediada və ictimai dairələrdə fəal şəkildə müzakirə edilən mövzulardandır. Bəlli olduğu kimi, Avropa Şurası Azərbaycanın yaxından əməkdaşlıq etdiyi, üzvü olduğu nüfuzlu beynəlxalq qurumlardan biridir. Bu qurum ümumilikdə Azərbaycana, ölkəmizin problemlərinin həllinə, xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivinə münasibətdə açıq, qətiyyətli, pozitiv reaksiyası ilə seçilib.
Avropa Şurası Azərbaycanı nüfuzlu, demokratik dövlət sayır
Artıq bu qurumda Azərbaycan nüfuzlu, sayılıb-seçilən, qlobal təhlükəsizliyə, demokratik tərəqqiyə mühüm töhfələr verən dövlətlər kimi qəbul edilir. Bu mənada, həmməruzəçilərin səfər proqramı kifayət qədər geniş, çoxcəhətli olub, keçirilən rəsmi-işgüzar görüşlər mühüm dövlət qurumlarının təmsilçilərini, ictimai təşkilatları, eləcə də, ictimaiyyət fəallarını əhatə edib. Onlar səfər çərçivəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş prokuror Zakir Qaralov, Ali Məhkəmənin rəhbərliyi, Milli Məclisdə təmsil olunmayan siyasi partiyaların, vətəndaş cəmiyyətinin, kütləvi informasiya vasitələrinin, dini konfessiyaların nümayəndələri ilə görüşlər keçiriblər.
AŞPA nümayəndələrinin söylədiklərindən və yayılan müvafiq məlumatlardan aydın olur ki, görüşlər kifayət qədər səmərəli, faydalı olub, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ciddi, konstruktiv müzakirələr aparılıb. Parlamentarilər Milli Məclisdə də maraqlı görüşlər keçirdiklərini, Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı müzakirələr apardıqlarını qeyd ediblər. Onlar bildiriblər ki, səfərlərinin əsas məqsədi Azərbaycana Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməyə kömək etməkdir. Həmməruzəçilərin verdikləri açıqlamalardan aydın görünür ki, onlar ümumilikdə Azərbaycana münasibətdə nikbin əhval-ruhiyyədədirlər, ölkəmizdə baş verən inkişafı, demokratik tərəqqini çox yüksək qiymətləndirirlər.
Hesabat obyektiv, tərəfsiz, qərəzsiz hazırlanacaq
Bu baxımdan, məruzəçilərin müvafiq açıqlamaları maraqlı məqamları ilə diqqəti çəkir. Belə ki, Azərbaycana səfər edən həmməruzəçilər ölkəmizlə bağlı hesabatı ilin sonuna kimi təqdim etmək niyyətində olduqlarını söyləyiblər. Bu isə, o deməkdir ki, keçmiş həmməruzəçi Andreas Qrossun xoşagəlməz, bir sıra hallarda subyektiv, qərəzli xarakter daşıyan davranışı təkrarlanmayacaq. Müvafiq hesabatın təqdimatı isə bürokratik şəkildə uzadılmayacaq, əksinə, təqdim olunacaq sənəd obyektiv, tərəfsiz, qərəzsiz, dolğun xarakter daşıyacaq. Eyni zamanda, hesabat kifayət qədər operativ bir şəkildə təqdim ediləcək.
AŞPA həmməruzəçiləri səfər əsnasında keçirdikləri kifayət qədər geniş diapazonlu görüşlər məhz belə söyləməyə əsas verir. Bəllidir ki, səfər zamanı onlar Azərbaycandakı vəziyyəti hərtərəfli öyrənməyə çalışıblar. Onların görüşdükləri sırasında müxalifət partiyalarının rəhbərləri, radikal hüquq müdafiəçiləri də olub. Başqa sözlə, onlar bütün maraqlı tərəfləri, şəxsləri dinləyiblər.
Leyla Yunusova niyə narazıdır?
Həmməruzəçilərin maraq dairəsində olan məsələlər, qaldırdıqları problemlər də əvvəlki həmkarlarından çox da fərqlənməyib. Sadəcə olaraq, onlar əvvəlki həmkarları ilə müqayisədə Azərbaycandakı reallıqları olduğu kimi görməyə çalışıblar, problemləri həddən artıq siyasiləşdirməməyə cəhd ediblər. Bu isə bəzi şəxslərin, məsələn, anti-Azərbaycan mövqeyi ilə seçilən "Sülh və Demokratiya İnstitutu"nun direktoru Leyla Yunusova narazı salıb. Bu narazılığın yeganə səbəbi yeni məruzəçilərin mümkün qədər obyektivliyi qorumağa çalışması, L.Yunusova və onun kimi qeyri-sağlam, qərəzli mövqedə olanların fikirlərini bölüşməmələridir.
"Hüquq müdafiəçisi"nin söylədiklərindən aydın görünür ki, o, xəyalən hələ də Qross və Herkel əyyamında yaşayır: "Qross və Herkelin vaxtında heç bir problemimiz yox idi. Bu adamlar situasiyaya real qiymət verirdilər". Bu açıqlamalardan aydın olur ki, L.Yunusova məqsədli şəkildə yeni məruzəçiləri qeyri-obyektivlikdə, vəziyyətə real qiymət verməməkdə günahlandırır. Səbəbi isə ondan ibarətdir ki, məruzəçilər L.Yunusovadan fərqli düşünürlər, onun cılız fikirlərini, iddialarını bölüşmürlər".
"Ümumi sözlər" ifadəsinə aludəçilik...
Təbii ki, o, AŞPA təmsilçilərinin hazırladığı hesabatın tamam fərqli məzmuna malik olacağının fərqindədir. Bu isə L.Yunusova kimilərinin dezinformasiya xarakterli məlumatlarının hesaba alınmaması deməkdir. Onu narazı salan həmməruzəçilərin Azərbaycanla bağlı hazırladığı ilkin hesabatın ölkədəki vəziyyətə və onların AŞPA-ya göndərdikləri məlumatlara adekvat olmamasıdır. L.Yunusova iddia edir ki, hazırlanan hesabat ümumi sözlərdən ibarətdir.
Paradoksal məqamlardan biri də budur ki, faktiki olaraq, müvafiq sənəd hələ ki, hazırlanmayıb, tamamlanmayıb, işlənilmə mərhələsindədir. Bu mənada, müvafiq sənədin nə özündən, nə də məzmunundan danışmaq mümkün deyil. Görünür, hüquq müdafiəçisi "ümumi sözlər" ifadəsinə o qədər aludə olub ki, onu yerli-yersiz işlətməkdən böyük zövq alır.
Vərdişə, stereotipə çevrilən dözümsüz, aqressiv davranış
Açıqlamalardan da göründüyü kimi, adını hüquq müdafiəçisi qoyan bu xanımı narahat edən əsas məqam onun cəfəng iddialarına hazırlanacaq hesabatda qətiyyən yer olmamasıdır. Başqa sözlə, AŞPA həmməruzəçilərinin hazırladıqları hesabatın ilkin layihəsinin onun istədiyi kimi olmaması L.Yunusova yetərincə məyus edib. Demə, həmməruzəçilər hesabat hazırlayarkən, ilk növbədə, bu xanımla məsləhətləşməli, onun qərəzli-mərəzli fikirlərindən yetərincə faydalanmalı imişlər. Amma bunu etmədiklərindən onun qəzəbinə tuş gəliblər. Yəni alternativ fikrə barışmaz müxalifliyi ilə seçilən L.Yunusova öz ampluasındadır. O, bu dəfə də eyni mövqedən çıxış edir.
Əslində, L.Yunusovanın belə dözümsüz, aqressiv davranışı artıq vərdişə, stereotipə çevrilib. Vaxtilə özünü "demokrat" adlandırmağı sevən bu şəxsin indi hər hansı alternativ fikri həzm edə bilməməsi onun məhdud, qeyri-sağlam təfəkkürlü birisi olduğunu ortaya qoyur.
"Səs" Analitik Qrupu