PDF Oxu

Araşdırma

  • 3 552

Müasir Azərbaycan ordusu: REALLIQLAR və PERSPEKTİVLƏR

Müasir Azərbaycan ordusu: REALLIQLAR və PERSPEKTİVLƏR

Son illər Azərbaycanda ordu quruculuğu ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər və ordunun peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində atılan fundamental addımlar bu gün onu deməyə əsas verir ki, Azərbaycan ordusu regionun ən güclü ordusudur. 1991-ci ildə Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ordu quruculuğuna lazımi diqqətin ayrılmaması nəticəsində dağınıq hala düşən orduda pərakəndəlik hökm sürürdü. Həmin vaxtlar səriştəsiz şəxslərin ölkəyə rəhbərliyi nəticəsində, nəinki orduda ümumilikdə bütün sahələrdə çatışmazlıqlar mövcud idi. Ölkədə xaos və anarxiya baş alıb getməkdə idi. Bütün bunların qarşısını almaq cəsarət, hünər tələb edir və səriştəli liderin hakimiyyətə gətirilməsinə zəmin yaradırdı. Böyük müsibətlərə düçar olan Azərbaycan xalqı nicat yolunu yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi Qayıdışında görürdü. 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyətli addımları xalqı firavanlıq yoluna yönləndirdi. Qısa zaman kəsiyində bütün anti-milli qüvvələrə öz ağıl və bacarığı ilə qalıb gələn Heydər Əliyev ölkədə islahatlara başladı. Həmin vaxtlar orduda özbaşınalığın olması, dağınıqlıq və qeyri-peşəkarlığın qarşısını qətiyyətlə almaq istiqamətində ciddi işlər gördü. Azərbaycanın bu gərgin vəziyyətindən sui-istifadə Ermənistan işğalçılıq siyasətini davam etdirir və mütamadi mövqelərimizi atəşə tuturdu. 1993-cü ildən etibarən Dahi Öndər Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. Onun yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələrini ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratması, eləcə də, ön xəttə səfər edərək, döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizami, ən müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə vahid və nizami ordu qurucUluğu formalaşdırılmağa başladı. Qarabağ və ətraf rayonlarda ciddi döyüşlərin getdiyi bir zamanda Ulu Öndərin mütərəqqi səriştəsi nəticəsində 1994-cü ildə Bişkek şəhərində imzalanan atəşkəs haqqında protokol önəmli addımlardan biri idi. Bu önəmli hadisədən sonra Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulmasını bütün beynəlxaq qurumlardan qətiyyətlə tələb edən Heydər Əliyevin haqq səsi bütün beynəlxalq təşkilatların arenalarını bürüdü. Tez-tez döyüş bölgələrinə səfər edən, səngərdəki əsgərlərin vəziyyəti ilə şəxsən maraqlanan Ulu Öndərin göstərdiyi etimad öz bəhrəsini verdi. Əgər əvvələr hərbçilərimiz başqa ölkələrə hərbi kurslara göndərilirdisə, artıq Azərbaycanda ən müasir hərbi tədris müəssisələri təsis edildi və mövcud olan hərbi tədris müəssisələrinin fəaliyyəti genişləndirilərək, dünya ölkələrinin təcrübəsi əsasən tənzimləndi.


Müasir Azərbaycan ordusu dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunub


Bu gün böyük məsuliyyətlə deyə bilərik ki, Azərbaycan ordusu istənilən vaxtda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Artıq Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası, intellektual potensialı inanılmaz dərəcədə inkişaf edib. Ordunun istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadir bir qüvvə kimi formalaşması məhz bu gün orduya göstərilən diqqət və qayğının nəticəsdir. Dövlət büdcəsindən mütamadi ayrılan müdafiə xərclərinin davamlı artımla müşahidə olunan statistik göstəriciləri ordunun inkişaf perspektivlərini daha da genişləndirmiş və ruh yüksəkliyi yaratmışdır. İstər yerli, istərsə də beynəlxalq hərbi ekspertlərin Azərbaycan ordusunu Cənubi Qafqazda ən mobil, ən yüksək döyüş hazırlığına malik bir silahlı qurum kimi dəyərləndirməsinə zəmin yaratmışdır. Keçən il Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümü münasibəti ilə keçirilən təntənəli hərbi parad ordumuzda əldə olunan uğurların nümayişi kimi yadda qaldı. Bu təntənəli mərasimdə çıxış edən ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bir daha ordu qurucUluğu məsələlərinə toxunaraq dedi: "Bu gün Azərbaycan ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Azərbaycanda ordu qurucUluğu prosesi bundan sonra da uğurla gedəcəkdir".

Təsadüfi deyil ki, hələ 2010-cu il 18 iyun tarixində Milli Məclisin növbədənkənar sessiyasında müdafiə və təhlükəsizlik xərcləri daha 400 milyon manat artırıldı və cari ilin bütün hərbi xərcləri 2 milyard 150 milyon dollara çatdırıldı. Əgər 2011-ci ildə müvafiq təyinat üzrə dövlət büdcəsindən təqribən 3 milyard 270 milyon dollar vəsait ayrılmışdırsa, 2012-ci ildə bu məbləğ daha da artırılaraq, 3 milyard 474 milyon dollara çatdırılmışdır. Bununla da, cari ildə müdafiə və təhlükəsizlik sektorunda, o cümlədən, Silahlı Qüvvələrdə iri həcmli təchizat məsələlərinin uğurla davam etdirilməsi perspektiləri köklü şəkildə gücləndirilmişdir. Orduda müdafiə xərclərinin ilbəil artırılması ilə yanaşı, həm də hərbi qulluqçuların maddi rifah halının, sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı görülən işlər ordu qurucUluğuna hesablanmış addımların tərkib hissəsidir. Azərbaycan Prezidentinin 23 iyun 2010-cu il tarixli Sərəncamı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün Bakı şəhərində xidməti yaşayış evlərinin tikintisini həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan beş milyon manat vəsaitin ayrılması xüsusilə əhəmiyyət kəsb edir. Bundan başqa, ölkə başçısının 20 sentyabr 2010-cu il tarixli Sərəncamı ilə Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, o cümlədən, Xüsusi Dövlət Mühafizə və Dövlət Sərhəd xidmətlərinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının dövlət büdcəsindən maliyyələşdirilən qurumlarında çalışan hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları da 10 faiz artırılmışdır. Belə ki, bu sahədə atılan addımların davamı olaraq Azərbaycan Prezidentinin 25 iyun 2011-ci il tarixli Sərəncamı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 25 faiz, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları isə orta hesabla 10 faiz artırılmışdır. Bütün bu nəzərəçarpan addımların və ordu qurucUluğu ilə bağlı həyata keçirilən tədbirlərin daha geniş, əhatəli miqyasda icrası Dağlıq Qarabağ probleminə münasibətdə dövlət rəhbərliyinin qətiyyətli mövqeyinin dəyişməz olduğunu və xalqımızın ümumi mövqeyilə birmənalı şəkildə uzlaşdığının məntiqi nəticəsidir. Xüsusilə, hər il dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin miqdarı əhəmiyyətli dərəcədə artırıldıqca, Silahlı Qüvvələrin maddi-texniki bazası müasir tələblərə uyğunlaşdırılır, şəxsi heyətin mənəvi-psixoloji və döyüş hazırlığında yeni naliyyətlər əldə olunur, davamlı olaraq hərbi qulluqçulara verilən imtiyaz və güzəştlərin miqyası genişlənir, hərbi qulluqçuların mənzil-məişət problemlərinin köklü şəkildə həll olunmasına əsaslı zəmin yaranır. Qeyd olunanların bariz nümunəsi Prezidentin 28 dekabr 2011-ci il tarixdə imzaladığı Fərmandır. Həmin Fərmana əsasən, Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin olunacaqlar. Atılan addımlar tək xidmət edənləri deyil, eyni zamanda, vaxtilə ərazi bütövlüyü uğrunda vuruşmuş ehtiyatda olan hərbi qulluqçulara və şəhid olanların ailə üzvlərinə də şamil olunur. Bu mənada, Azərbaycan Prezidentinin 9 may 2011-ci il tarixli Sərəncamı ilə Müharibə, Əmək, Silahlı Qüvvələr və bir qrup mühafizə Orqanları Veteranları Şurasının fəaliyyətini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan bu təşkilata iki yüz min manat vəsait ayrılması böyük əhəmiyyət kəsb edir. Bundan başqa, ölkə Prezidentinin 8 sentyabr 2010-cu il və 23 dekabr 2011-ci il tarixli fərmanları ilə şəhid ailələri üçün nəzərdə tutulan Azərbacan Prezidentinin təqaüdünün aylıq məbləğinin müvafiq olaraq 50 və 10 faiz artırılaraq, 165 manat məbləğində müəyyən edilməsini qeyd etmək vacibdir. 1941-1945-ci illərin müharibə iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə ölkə başçısının imzaladığı 3 may 2011-ci il tarixli Sərəncam orduda ruh yüksəkliyinin daha da artırılmasına hesablanıb. Ölkənin milli-strateji maraqlarının təmin olunmasına, xalqla dövlət arasında bağlılığın möhkəmləndirilməsinə xidmət edən bu mütərəqqi addımlar daim ardıcıl şəkildə həyata keçirilir. Bu gün regionda modern ordu quruculuğu siyasətinə görə nümunə hesab edilən Azərbaycan Respublikasının müasir tələblərə cavab verən ordusu ölkənin ərazi bütövlüyünü təmin etmək iqtidarındadır.

Azərbaycan ordusu ilə Ermənistan ordusu müqayisə oluna bilməz


İşğalçılıq niyyətindən əl çəkməyən Ermənistan, bu günkü Azərbaycan dövlətinin artan qüdrətini dərk edir. Ermənistan işğalda saxladığı 20 fazi Azərbaycan torpaqlarını gec-tez geri qaytaracaq. Bu gün Azərbaycanın regionda güc mərkəzinə çevrilməsi ərazi bütövlüyünün istənilən zaman bərpa etməsinə zəmin yaradır. Yerli və beynəlxaq səviyyəli hesabatlar göstərir ki, Ermənistan ordusu Azərbaycan ordusundan çox geridə qalıb. Son bir neçə ildə Azərbaycan ordusuna alınan silah-sursat, ümumilikdə, hərbi texnika Ermənistanın ordu qurucUluğu tarixindən bu yana təmin olunmuş hərbi təchizatdan qat-qat üstündür. Qürurverici haldır ki, Azərbaycan ordusunda mövcud olan bir sıra silah-sursat və hərbi texnikanı hələ Ermənistan ordusu görməyib. Statistik göstəricilərə nəzər salsaq, görərik ki, Azərbaycan ordusunun maddi-texniki təminatı, mənəvi-psixoloji hazırlığı Ermənistan ordusundan çox fərqlənir. Bunla bağlı mütamadi təhlil aparılır. Hətta ötən il Böyük Britaniyadakı Beynəlxalq Araşdırmalar İnstitutu "Hərbi Balans 2011" adlı hesabatında göstərilən rəqəmlər də Azərbaycan ordusunun işğalçı Ermənistan ordusu ilə müqayisədə böyük üstünlüklərə malik olduğunu təsdiq edir. "Hərbi Balans 2011" adlı hesabatda Azərbaycan və Ermənistanın silahlı qüvvələrə ayırdığı vəsaitin müqayisəli təhlili verilib. Bildirilib ki, Azərbaycan 2009-cu ildə hərbi büdcəyə 1 mlrd. 500 milyon, 2010-cu ildə 1 mlrd. 590 mln. 2011-ci ildə isə 3 mlrd. 200 milyon dollar vəsait ayırıb. Ermənistanda isə bu rəqəmlər müvafiq olaraq 401 mln., 434 mln. və 405 mln-dur. Açıq-aydın görünür ki, Ermənistan nəinki rəqabət apara bilmir, hətta orduya ayırdığı vəsaiti azaltmağa vadar olub. Ölkə Prezidenti İlham Əliyevin bütün çıxışlarında Dağlıq Qarabağla mövqeyi onu deməyə əsas verir ki, Ermənistan tərəfi torpaqları sülh yolu ilə qaytarmazsa, Azərbaycan tərəfinin real gücü işğal altında olan torpaqları hərbi yolla azad etməyə qadirdir. Bu ilin martında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyənin TRT televiziya kanalının Bakı təmsilçisinə müsahibəsi zamanı Dağlıq Qarabağla bağlı fikirləri xüsusilə diqqət çəkir: "İndi onlar qorxu içində yaşayırlar. Biz bunu bilirik. İnsanlar daim qorxu içində yaşaya bilməz. Çünki onlar da gözəl bilirlər ki, bu gün Azərbaycan ordusu Dağlıq Qarabağda öz suverenliyini asanlıqla bərpa edə bilər, asanlıqla! Sadəcə olaraq, biz istəmirik ki, yenə qan tökülsün, istəmirik yenidən müharibə başlasın. Biz çalışırıq ki, bunu sülh yolu ilə, danışıqlar yolu ilə edək. Kim istəyər ki, yenidən müharibə başlasın?! Ancaq biz bu vəziyyətlə də barışa bilmərik. Ümumiyyətlə, bu vəziyyət çox davam edə bilməz". Daha sonra ölkə başçısı qeyd edib ki, "gündən-günə güclənən Azərbaycan və gündən-günə zəifləyən, yoxsullaşan Ermənistan... Necə ola bilər ki, bizim torpaqlarımız işğal altında qalsın? Mümkün deyildir. Hər gün, hər ay, hər il Azərbaycan əhalisi artır, Ermənistan əhalisi azalır. Yəni, yenə də deyirəm, erməni rəhbərliyi bu məsələyə reallıq prizmasından yanaşmalıdır. Heç olmasa, bir beş il, on il qabağı proqnozlaşdırmalıdır ki, görsün, burada beş ildən, on ildən sonra güclər nisbəti necə olacaqdır?! Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Azərbaycan gəncləri bu vəziyyətlə barışmayacaqlar".

Artıq Ermənistan bilməlidir ki, Azərbaycan tək xarici ölkələrdən silah-sursat almır, eyni zamanda, orduya zəruri olan təchizatı özü istehsal edir. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ilin 16 dekabrında yaradılan Müdafiə Sənayesi Nazirliyi tərəfindən qısa müddət ərzində ölkədə 42 istehsal sahəsi yaradılıb ki, istehsal olunan müdafiə təyinatlı məhsulların çeşidləri 658-ə çatdırılıb. Bu il isə qarşıda duran əsas prioritet məsələlərdən biri də Azərbaycanda partlayıcılar istehsal edən zavodların tikintisidir. 2012-ci ilin sonuna qədər Müdafiə Sənayesi Nazirliyi 60 ədəd "Aerostar" və "Orbiter-2M" tipli pilotsuz uçuş aparatları təhvil verəcək. Bütün qeyd olunanlar Azərbaycanın hərbi potensialının yüksək olduğunu faktlarla sübut edir. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətin məğzini, məqsədini çox aydın və dürüst şəkildə belə ifadə edib: "Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq. Son illər ərzində maddi- texniki bazanın möhkəmləndirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda, ilk növbədə, ordu qurucUluğuna böyük diqqət göstərilməlidir". Ölkə Prezidenti İlham Əliyevin ordu qurucUluğunda qətiyyətli mövqeyi bu gün bütün mənalarda orduda ruh yüksəkliyinin daha da artırılmasına hesablanıb. Təsadüfi deyil ki, bu gün Azərbaycan ordusunda xidmət edən hər bir hərbi qulluqçu vətən, torpaq uğrunda şəhid olmağa hazırdır. Azərbaycan ordusunda Mübariz İbrahimov kimi oğulların rəşadəti və qəhrəmancasına şəhid olması bir daha sübut etdi ki, ordumuz hər zaman döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Azərbaycan ordusunun 1 hərbçisinin düşmən ordusunun bir bölüyünü məhv etməsi Ermənistana verilən ən böyük mesaj idi. Bu gün orduda Mübariz İbrahimov kimi hərbçilərin yetişməsi Ermənistanı təşvişə salıb. İnanırıq ki, mənfur düşmənlər gec-tez bunu anlayacaq və Azərbaycan torpaqlarından geri çəkiləcəklər.


Babək Hacıyev

Digər xəbərlər