PDF Oxu

Araşdırma

  • 986

Avropa və Asiyanın kəsişməsində sabitlik və tərəqqi adası...

Avropa və Asiyanın kəsişməsində sabitlik və tərəqqi adası...

Məlum olduğu kimi, Filippində nəşr olunan həftəlik "BizNewsAsia" jurnalının Azərbaycan həsr olunmuş xüsusi buraxılışında ölkəmizin inkişafını əks etdirən materiallara geniş yer verilib. Jurnalda respublikamızdakı siyasi və iqtisadi sabitlik fonunda davam edən inkişaf layihələrinin mühüm təsirləri, sosial proqramların müsbət nəticələri, ictimai-sosial intibah və digər pozitiv məqamlar öz əksini tapıb. Jurnaldakı məqalələrdə Azərbaycanın son illər ərzində əldə etdiyi siyasi, iqtisadi, sosial və digər istiqamətli nailiyyətlərindən bəhs olunur, iqtisadiyyatın diversifikasiyası ilə bağlı mühüm təhlillərə yer verilir. Xüsusi buraxılışda Azərbaycan iqtisadiyyatının inkişafı, siyasi-sosial sahədə baş verən mühüm dəyişikliklər, ölkəmizin dünya dövlətlərinin enerji təminatında mühüm rolu və digər məsələlər barədə məqalə və müsahibələr dərc olunub. Jurnal respublikamızın dünyada artan nüfuzundan, iqtisadi və siyasi cəhətdən əldə etdiyi nailiyyətlərdən, həyata keçirilən kompleks islahatların səmərəliliyindən bəhs edən məqalələrə də geniş yer verib.

"BizNewsAsia" iqtisadi nəşrində qeyd olunur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən və gələcək inkişafa hesablanmış ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasət bütün sahələrdə davamlı inkişafa stimul verməkdədir. Son illər neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı strateji istiqamətlərə yönəldilməsi qeyri-neft sektorunun aparcı mövqeyə çıxmasına səbəb olub. Neftdən kənar sahələr kimi sənaye, informasiya-kommunikasiya texnologiyaları, turizm daha perspektivli və gələcək tərrəqi üçün mühüm sektorlar sayılır. Bundan başqa, özəl sektorun yüksək inkişafı qarşıdakı onillik üçün güclü investisiya axınına yol açır.

Nəşrin analitiklərinin qənaətinə görə, hər bir ölkənin yüksək inkişafı onun azad biznes mühiti və sahibkarlıq sektorundakı vəziyyətlə bağldır. Bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi faktorları ümumi inkişafın göstəricisinə çevrilir. Yəni dövlətin təmin etdiyi sərbəst biznes atmosferası ölkədəki azad sahibkarlığın inkişafın stimullaşdırır, ona geniş meydan verir. Bu mənada, bazar iqtisadiyyatını əsas meyar seçən Azərbaycan hökumətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət kəsb edir. Respublikamızda azad sahibkarılığın inkişafının göstəriciləri birbaşa dövlətin yaratdığı biznes mühitinin vəziyyəti ilə sıx bağlıdır. Eyni zamanda, iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri ölkədəki xariici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsindən asılıdır.

Jurnalın ölkəmizdəki iqtisadi inkişafa geniş yer ayırması təsadüfi deyil. Azərbaycanın düşünülmüş iqtisadi siyasət həyata keçirməsi sayəsində əldə etdiyi mühüm uğurlar, yüksək makroiqtisadi nailiyyətlər, sistemli və köklü islahatların reallaşması nəticəsində bütün sektorlarda əldə olunan müsbət meyillər, şəffaf biznes mühiti, rəqabətliliyin möhkəmlənməsi, insan inkişafı indeksi, həmçinin, digər parametrlər bu jurnalın xüsusi tədqiqat mövzusuna çevrilib və ölkəmiz haqqında real qiymət verilib. Nəşrdə qeyd olunur ki, Azərbaycanda həyata keçirilən davamlı iqtisadi islahatlar respublikamızın beynəlxalq miqyasda nüfuzunun və reytinqinin yüksəlməsinə əhəmiyyətli dərəcədə zəmin yaradıb. İslahatların dinamikliyi sayəsində ölkəmizin beynəlxalq kredit reytinqi son illər davamlı olaraq artır.

Ümumiyyətlə, "BizNewsAsia" öz xüsusi buraxılışını dünyanın ən nüfuzlu və inkişaf etmiş ölkələrinə həsr edir. Jurnal dünyada ciddi biznes və iqtisadi tərəfdaş, sosial, mədəni, turizm, İKT və digər sahələrdə sanballı inkişafa nail olmuş dövlətlərin ictimai-siyasi, iqtisadi-sosial həyatına böyük yer verir. Nəşr, həmçinin, dünyanın ən mötəbər iqtisadi tədqiqat mərkəzlərinin, reytinq agentliklərinin hesabatlarını, rəy sorğularını nəzərə alaraq, hansısa ölkə barədə xüsusi buraxılış hazırlayır. Son bir ildə "Moody`s", "Fitch", "Standard&Poors" kimi beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycana verilmiş yüksək investisiya reytinqi və digər müsbət rəylər də "The Business Year"in ölkəmizin inkişafına xüsusi yer ayırmasında müstəsna rol oynayıb.

"BizNewsAsia" jurnalının əməkdaşlarının qənaətinə görə, Azərbaycan hökuməti ölkədə makroiqtisadi sabitliyin saxlanması, milli-iqtisadi potensialın artırılması, neft sektoru amilinin azalması və qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya və biznes mühitinin yaradılması siyasəti yürüdür. Azərbaycan iqtisadiyyatı dünya maliyyə-iqtisadi böhranına uğurla tab gətirib və artım tendensiyasını saxlayıb. Son illər ərzində məhz qeyri-neft sektorunun artımı neft hasilatının və dünyada neftin qiymətlərinin azalması fonunda ümumi iqtisadi artımı təmin edib. Həyata keçirilən praqmatik, təmkinli və düşünülmüş iqtisadi strategiya respublikamızın siyasi və iqtisadi sabitliyi üçün dərin əsaslar yaradıb, inkişafı sürətləndirib. Ölkəmizdə güclü maliyyə resursları formalaşıb. Respublikamızın xarici ticarət dövriyyəsindəki pozitiv meyillər, neft ixracının coğrafiyasının genişlənməsi, yeni nəql marşrutlarının istifadəyə verilməsi və yanacaq resurslarının nəqlinin çoxalması, qeyri-neft sektorunun valyutatutumlu sahəyə çevrilməsi Azərbaycanın orta gəlirli ölkələr statusuna malik olmasını möhkəmləndirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən mükəmməl iqtisadi strategiya milli valyuta ehtiyatlarının artım dinamikasına əlverişli zəmin yaradıb. Hazırda öz milli gəlirlərini artıran Azərbaycan güclü maliyyə-valyuta rezervlərinə malik dövlət kimi qəbul olunur. Dövlət başçısının qeyd etdiyi kimi, neft-qaz sektorundan daxil olan milli gəlirlərin yüksək peşəkarlıqla idarə olunması həm inkişafı sürətləndirir, həm də valyuta ehtiyatlarımızın artmasına əlverişli stimul verir. Hazırda strateji valyuta ehtiyatları 43 milyard dolları ötən ölkəmizin maliyyə rezervləri uzunmüddətli iqtisadi inkişaf üçün güclü zəmin yaradır. Respublikamızın valyuta ehtiyatlarının həcmi dövlət borcunu dəfələrlə üstələyir ki, bu da davamlı və uzunmüddətli layihələrin maliyyələşməsini təmin edir. Güclü maliyyə ehtiyatları respublikamızda bütün iqtisadi və sosial hədəflərə çatmağa imkan verir.

"BizNewsAsia" nəşrində qeyd olunur ki, Azərbaycan bölgədə potensial sərmayədar ölkə kimi çıxış edir. Bütün bunlarla yanaşı, Azərbaycanın əlverişli sərmayə mühitini təmin etməsi xarici dövlətlərin investorlarının ölkəmizə axınını da sürətləndirib. Respublikamızda şəffaf biznes mühitinə və xarici sərmayədarların fəaliyyəti üçün təmin edilmiş cəlbedici sərmayə mühiti investisiya fəallığına əlverişli zəmin yaradıb. Jurnalın analitiklərinin fikrincə, Azərbaycanın investisiya imkanları çox cəlbedicidir. Bu, xarici sərmayə qoyuluşlarının artım dinamikası üçün əlverişli imkanlar yaradır. Analitik qrupun şərhində qeyd olunur ki, investisiya sahəsində həyata keçirilən tədbirlər və bu bölmədə sərmayə cəlbediciliyinin yüksəldilməsi Azərbaycanın maliyyə sabitliyinin möhkəmlənməsinə təkan verib, xarici investorların ölkəyə marağının artmasına zəmin yaradıb. Dünyanın ən inkişaf etmiş dövlətləri Azərbaycanda dəyəri milyard dollarla ölçülən iri layihələr həyata keçirir. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizindən çoxunu təşkil edir.


"Səs" Analitik Qrupu

Digər xəbərlər