Region ölkələri ilə qarşılıqlı maraqlara söykənən, bir çox sahələri əhatə edən və ölkələrimizin inkişafına xidmət edən çoxşaxəli əlaqələrin inkişaf etdirilməsi Azərbaycan dövlətinin xarici siyasət konsepsiyasının əsas elementlərindəndir. Bu mənada, regionun və bütövlükdə, dünyanın böyük dövlətlərindən biri olan Rusiya ilə mehriban və səmimi dostluq münasibətlərinin daim inkişaf etdirilməsi rəsmi Bakının xarici siyasət platformasında ön planda durur. Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri arasında yüksək etimadın mövcudluğu və siyasi dialoqun davam etdirilməsi iki dövlət arasında əlaqələrin inkişafına möhkəm zəmin yaradır. İki dövlətin rəhbərlərinin görüşləri və danışıqları zamanı müəyyən edilən məqsədlər və əməkdaşlıq istiqamətləri müvafiq hökumətlərin, o cümlədən, iqtisadi idarəetmə orqanlarının fəaliyyətinin məzmununu təyin edir. Hər iki ölkənin dövlət başçılarının davamlı xarakter alan qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yeni təkan verib.
Qarşılıqlı əlaqələri möhkəmləndirən digər bir detal isə tərəflərin bütün istiqamətlər üzrə müsbət dialoq içərisində olmasıdır. Deməli, Rusiya ilə Azərbaycanı həm də oxşar maraqlar və ideyalar bir araya gətirir. Ümumiyyətlə, bugünkü reallıqlar, onu deməyə əsas verir ki, Rusiya ilə Azərbaycan arasında mövcud olan sıx əməkdaşlıq gələcəkdə də inkişaf edən dinamika ilə davam etdiriləcək. Ən azından ona görə ki, tərəflər özləri bunda maraqlıdırlar. Bu da bir sıra problemlərin həlli və qarşılıqlı münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətlidir.
Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə xarakterik olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşma və strateji əməkdaşlıq ruhu ikitərəfli iqtisadi əlaqələrin də inkişafı üçün əlverişli şərait yaradır.Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə münasibətləri kifayət qədər çoxşaxəlidir. Eyni zamanda, iki dövlət arasında diplomatik əlaqələr ölkəmizin xarici siyasətində mühüm yer tutur. Bu münasibətlər strateji xarakter daşıdığından, təkcə hər iki tərəf üçün deyil, regionda sülhün və əmin-amanlığın təminatı üçün də önəmli rol oynayır. Ona görə də, regionda mövcud vəziyyət iki ölkə arasında səmimi qarşılıqlı əlaqələrdən, səylərin əlaqələndirilməsindən, təhlükəsizliyin möhkəmləndirilməsi naminə fəal işləməkdən, əməkdaşlıqdan, iqtisadi və humanitar əlaqələrimizdən çox asılıdır.
"Beynəlxalq mədəni sərhədləri dövlətlər çəkir, mədəni qarşılıqlı əlaqələr isə onları genişləndirir. Xalqların bir-birini daha yaxşı başa düşməsi çox vacibdir. Bunun üçün hər iki ölkənin ziyalıları tez-tez görüşməli, problemləri həll etməli, gələcək layihələr barədə razılığa gəlməlidirlər".
Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri humanitar sahədə əməkdaşlığın inkişafına göstərdiyi diqqətdən qaynaqlanır. 2007-ci ildə Azərbaycanla Rusiya arasında humanitar sahədə əməkdaşlığa dair üçillik proqramın təsdiq olunması da sübut etdi ki, bu sahənin inkişafı ölkə ictimaiyyəti üçün böyük əhəmiyyət daşımaqdadır. 2009-cu ildə respublikamızda Rusiya İnformasiya - Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması, Azərbaycan ictimaiyyətini Rusiyanın müxtəlif sahələrdə qazandığı uğurlarla, onun mənəvi irsi, zəngin elmi və mədəni potensialı ilə tanış etməyə, eləcə də, ikitərəfli mədəni, təhsil, elmi-texniki proqramların, işgüzar əlaqələrin genişlənməsinə kömək məqsədi daşıyır. Bu mədəni hadisə rus dilinin tədrisinin dəstəklənməsinə, qeyri-hökumət təşkilatları və dostluq cəmiyyətləri ilə qarşılıqlı əlaqələrin inkişafı üçün ən əlverişli mühitin yaranmasına səbəb olub.
Bu mənada, Bakıda keçirilən "Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu bir daha 2 qonşu ölkənin münasibətlərinin dinamikliyinin, yüksək inkişaf zirvəsinə çatmasının təzahürüdür. Forumun birbaşa Rusiya Federasiyası və Azərbaycan Respublikası Prezidenti Administrasiyalarının dəstəyi ilə təşkil olunması tədbirin siyasi-iqtisadi əhəmiyyətini artırır, beynəlxalq tipli miqyas aldığını şərtləndirir. Qeyd etdiyimiz kimi forum həddindən artıq çox geniş miqyas daşıyır və burada iqtisadi-siyasi, sosial-ictimai, mədəni-humanitar sahələrin hər biri üzrə əməkdaşlığın komponentləri müzakirə mövzusu olub, həmin sahələrin konkret koordinasiya olunmuş strukturları üzrə birgə əməkdaşlığın istiqamətlərinə yer verilib. Məsələn, forumda hər iki ölkənin prezidenti administrasiyalarının, parlamentlərinin, mərkəzi və regional hakimiyyət orqanlarının, elm və təhsil müəssisələrinin, biznes strukturlarının, KİV və QHT-lərin çoxsaylı nümayəndəsinin iştirakı onu göstərir ki, artıq bu tədbirdə ölkə həyatının təmsil olunmayan hansısa sahəsi kənarda qalmır. Bu isə Rusiya və Azərbaycanın əməkdaşlıq layihələrində hər bir element üzrə birgə addımlar atmağa siyasi qətiyyət nümayiş etdirmələrini göstərir. Məlum olduğu kimi, bu tipli forumların keçirilməsində məqsəd Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları arasında iqtisadi, elmi-texniki və humanitar əməkdaşlığın vəziyyətini araşdırmaq, mövcud əlaqələrin daha da genişləndirilməsi üçün təklif və tövsiyələr hazırlamaqdan ibarətdir. Rusiya ilə Azərbaycan artıq bölgədə geniş humanitar əməkdaşlıq forumu keçirməkdə 2009-cu ildən humanist bir ənənənin əsasını qoyublar və bu missiya xeyirxahlıq xarakteri daşımaqla yanaşı, regional təhlükəsizliyə və çoxşaxəli əməkdaşlıq platformasının dərinləşməsinə xüsusi töhfə verir.
Hazırda Rusiya Federasiyasının 83 subyektindən 70-i Azərbaycan ilə əməkdaşlıq edir ki, bu, MDB-nin heç bir ölkəsi ilə birbaşa əlaqələrdə təsadüf oluna bilən hal deyil. Yəni Rusiya hökumətinin federal səviyyədə, iqtisadi ərazi subyektlərinin birbaşa təmas qurduğu əsas tərəfdaş dövlət Azərbaycandır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, hər iki dövlətin rəhbərləri ölkələrimiz arasında tərəfdaşlığın daha da dərinləşdirilməsində, həm siyasi, həm də iqtisadi və mədəni sahələrdə əməkdaşlığın miqyasının genişləndirilməsində maraqlıdırlar. "Son illər ərzində biz birgə səylərimizlə hər iki tərəf üçün çox vacib olan məsələlərə dair optimal, qarşılıqlı məqbul və qarşılıqlı faydalı həll yolları tapmağa nail olmuşuq". Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bizim ikitərəfli münasibətlərdə təxirəsalınmaz həllini tələb edən hər hansı məsələ yoxdur.
Ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsinin həcminin 3 milyard dollara çatması birgə əlaqələrin dinamikasının yüksək tempindən xəbər verir. Hazırda respublikamızın ərazisində Rusiyanın 457 müəssisə və təşkilatı fəaliyyət göstərir. Onlardan 219-u 100 faiz Rusiya kapitalı əsasında yaradılıb.
2011-ci ilin oktyabr ayında Bakıda keçirilən Beynəlxalq Humanitar Forum ölkələr arasında humanitar əməkdaşlıq, mədəniyyətlərarası və konfessiyalararası dialoqun güclənməsinə öz mühüm töhfəsini verib. Rusiya Azərbaycana 400 milyon ABŞ dolları məbləğində sərmayə yatırıb. Azərbaycan 10 il ərzində Rusiyaya 570 milyon ABŞ dolları məbləğində sərmayə qoyub.
Rəsmi Bakı ilə Moskva arasında enerji sahəsində mövcud olan əməkdaşlıq bütün digər sahələrlə müqayisədə daha əhatəli və genişdir. Neft və qaz ehtiyatlarına sahib bir ölkə kimi Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycan həyata keçirdiyi nəhəng enerji layihələri ilə bu missiyanı yerinə yetirməyə nə qədər hazır olduğunu bütün dünyaya nümayiş etdirib. Təsadüfi deyil ki, Azərbaycanın bu sahədəki xidmətləri bütün dünya dövlətləri tərəfindən təqdir olunur. Eləcə də, Bakının bu imkanları və ondan yararlanmaq şansı Moskva üçün də olduqca cazibədar görünür. Rusiya tərəfi Azərbaycanın enerji siyasətində öz rolunu artırmağa, həmçinin, Bakının təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrdə pay almağa səy göstərir. Son dövrlər ərzində iki dövlət arasında münasibətlərin daha da inkişaf etməsi Rusiyanın Azərbaycanın enerji siyasətində daha fəal rol oynamasını şərtləndirib. Onu da qeyd etmək lazımdar ki, hazırda Rusiya ilə Azərbaycan arasında mövcud olan əlaqələri bir sıra dövlətlər üçün gözəl örnək hesab etmək olar.
"Səs" Analitik Qrupu