Son bir ayda dünya bazarında neftin birja qiymətlərinin ucuzlaşması beynəlxalq maliyyə institutlarının proqnozlarının da dəyişməsinə səbəb olub. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu günlərdə tərtib etdiyi dünya ölkələrinin iqtisadi vəziyyətinə dair icmalında dünya dövlətlərinin neftin təsiri nəticəsində ciddi itkilərə məruz qalacağını, xüsusilə də, Avropada davam edən borc böhranının dərinləşəcəyini qeyd edir. İcmalda bildirilir ki, neft bazarında yaşanan gərginliklər, ümumilikdə, iri enerji-sənaye komleksinə də mənfi təsir edəcək, nəticədə, dünyada iqtisadi fəallıq aşağı düşəcək. Bu tendensiya Avropanın inkişaf etməkdə olan ölkələri iqtisadi artımının ciddi azalması ilə nəticələnə bilər. Xüsusilə də, Mərkəzi və Şərqi Avropa ölkələrində böhran şəraitində qiymətli kağızlar və səhm bazarının zəifləməsi də iqtisadi aktivliyə təsir göstərən amil kimi qiymətləndirilir.
"Fitch Ratings"in apardığı qiymətləndirmələrə görə, son bir ayda ABŞ və Avropanın iri sənaye sektorlarında baş verən proseslər neft bazarına ciddi təsir etməkdədir. Dünyanın superölkəsinin birinci yarımillikdə iqtisadi göstəriciləri də göstərir ki, enerji-sənaye komlekslərinin rentabelliyi aşağı düşüb, bunun fonunda dünya bazarında yanacaq məhsullarının istehlakının da azalması baş verib. Xüsusilə də, sənaye sektorunda iş yerlərinin sayının azalması və ABŞ üçün ənənəvi olmayan işsizliyin qeydə alınması investorların sərmayə proqramlarına mənfi təsir göstərib. Bu amillər ivestisiyaların yatırılmasının azalmasına gətirib çıxarıb. Amerika ilə yanaşı, bir sıra Qərb ölkələrində neftə olan tələbat və istehlak azaldıqca neftin dünya bazar qiymətində də azalmalar baş verib. ABŞ daxil olmaqla, gündəlik neft istehlakının 40 faizindən artığına malik olan Avropanın inkişaf etmiş iri neft istehlakçısı olan dövlətlər may ayından başlayaraq, tələbatın aşağı düşməsini son birja əməliyyatlarında da nümayiş etdiriblər.
Reytinq agentliyi baş verən bu proseslərin fonunda neftin dünya bazar qiymətinin aşağı düşəcəyini istisna etmir və Avropa iqtisadiyyatında canlanmanın olmadığı halda, bu tendensiyanın davam edəcəyini proqnozlaşdırır. Eyni zamanda, neft bazarındakı durğunluq paralel olaraq avrozonada böhran meyillərini dərinləşdirəcək. ABŞ-ın nüfuzlu reytinq agentliyi 2012-ci ildə Avropada bir çox ölkələrin iqtisadi inkişaf göstəriciləri ilə bağlı o qədər də nikbin proqnozlar səsləndirmir. Qurumun proqnozları bir sıra maliyyə institutlarının oxşar proqnozlarına uyğundur. Cari ildə dünya bazarlarında neft və əmtəənin təxminən 5-7% ucuzlaşması, avrozona üzrə ümumi daxili məhsulun artım tempinin 1,4% təşkil edəcəyi gözlənilir. Amma qurum Mərkəzi Avropanın bəzi bölgələrində, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda neft-qaz ixracatçısı ölkələrində bu göstəricinin müvafiq olaraq 5,6% və 6,4% təşkil edəcəyini proqnozlaşdırır.
"Fitch Ratings" icmalında bildirilir ki, avrozonada baş verən borc böhranı Avropanın inkişaf etməkdə olan ölkələrinin reytinqləri üzrə proqnozlara endirici təsir göstərir və ümumiyyətlə, reytinqlərinə mənfi təsir göstərə bilər. Avrozonada baş verən neqativ amillər MŞA-nın inkişaf etməkdə olan ölkələrinə, ilk növbədə, ticarət kanalları ilə təsir edir, çünki bu ölkələrin ixracatının əsas hissəsi avrozonaya istiqamətlənir. MDB ölkələrinə mənfi təsir əsasən neftin və digər xammalların ucuzlaşması ilə bağlıdır. "Fitch" qeyd edir ki, neftin ucuzlaşmasının davam edəcəyi halda, MDB-nin neft ixrac edən ölkələri üçün böyük risklər yaranacaq. Digər MDB ölkələri, o cümlədən, Ermənistan və Baltikyanı ölkələr üçün agentlik Rusiyadan pulköçürmələrin azalacağını proqnozlaşdırır. "Fitch" onu da bildirir ki, bir sıra ölkələrin banklarında avrozona banklarının payları böyükdür, bu isə, öz növbəsində, həmin ölkələrinin maliyyə bazarları üçün ciddi təhlükələr daşıyır. Lakin bu, əsasən, MŞA ölkələrinə aiddir, çünki həmin ölkələrin banklarında avrozona banklarının, o cümlədən, Yunanıstan banklarının payları var.
Son bir ayda Avropanın aparıcı fond birjalarında keçirilən hərraclarda əksər ölkələrin indeksləri 5 faizdən çox ucuzlaşıb, eləcə də, səhmlərin qiyməti kəskin şəkildə aşağı düşüb. Dünyanın nüfuzlu birja agentliklərinin hesablamlarına görə, qiymətli kağızların indekslərinin qiymətinin aşağı düşməsi bir gündə Avropa iqtisadiyyatına 10 milyard dollardan artıq ziyan vurur. Qiymətləndirmələrə görə, avrozonanın təkcə bank sisteminin bərpası üçün ən azı 259 milyard avro lazımdır. Avropanın nüfuzlu bank qurumlarından olan "Societe Generale"nin mütəxəssislərinin qiymətləndirmələrinə əsasən, bank və qiymətli kağızlar bazarı son aylarda daha çox itkilərlə üzləşib və hazırda bu sahələrin bərpası üçün 360 milyard avro tələb olunur.
Yunanıstan və İspaniyanın Avropa Birliyi üçün ağırlıq mərkəzi olaraq qalması və hər iki ölkənin borc böhranın ağır fəsadlarını dəf etmək üçün vaxtaşırı maliyyə yardımları istəməsi regionda əlavə problemlərə səbəb olub. Proqnozlara görə, İspaniya iqtisadiyyatını bərpası üçün 150-160 milyard avro maliyyə yardımı lazımdır. İspaniyanın baş naziri Mariano Raxoy banklara sərmayələrin mərkəzləşdirilmiş sistem üzrə göstərilməsi ideyasını dəstəklədiyini bildirib. Yunanlara isə ispanlardan təxminən 2 dəfə çox maliyyə yardımı tələb olunur. Avropa Birliyi artıq Yunanıstana maliyyə ayırmalarından təngə gəldiyini də gizlətmir, qurum bu ölkənin avrozonadan uzaqlaşdırılması ilə bağlı hələ də tərəddüdləri yaşayır.
Bir müddət əvvəl, Avropa Stabilləşmə Fondunun dəstəyi ilə Yunanıstana kredit tranşı ayırmağa razılıq verən Beynəlxalq Valyuta Fondu isə ölkədəki siyasi qeyri-müəyyənliyə görə, narazılığı bəyan edib. Qeyd edək ki, Yunanıstanda keçirilən parlament seçkilərindən ötən 2 həftədən artıq bir müddətdə yeni hökumətin qurula bilməməsi AB-nin də narahatlığına səbəb olub. Avropa Birliyi və Valyuta Fondu sosialist və yeni demokratları koalisyon hökumətin yaradılmasına dəvət edib, əks halda, bu maliyyə institutu kreditlərin davamının gəlməyəcəyini bəyan edib.
Avropadakı borc böhranı, ümumilikdə, dünya iqtisadiyyatında mənfi tendensiyaların artmasına səbəb olub. Son 3 ayda Avropa Birliyi ölkələri ilə yanaşı, dünyanın bir çox dövlətlərində həm işsizliyin və inflyasiyanın səviyyəsi yüksəlib, həm də kredit reytinqləri aşağı salınıb. Almaniya, Böyük Britanyia, Kanada və Braziliyada işsizliyin səviyyəsi ilin əvvəlləri ilə müqayisədə sabit qalsa da, digər ölkələrdə, xüsusilə də, İspaniya, Yunanıstan, Fransa, Portuqaliya, İtaliyada bu göstərici xeyli yüksəlib. Ümumiyyətlə, son aylarda avrozona da daxil olmaqla, dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətinin kredit reytinqləri aşağı düşüb. "Mudz" "Standart ənd Purs" və "Fitc Reytinq" agentliklərinin hər birinin ayrı-ayrılıqda hazırladığı reytinq şkalasında qeyd olunan dövlətlərin investisiya və maliyyə-kredit indikatorları üzrə reytinqləri aşağı salınıb.
Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün nə vəd edir? Büdcədə neftin baza qiymətinin artırılmasından sonra yanacağın ucuzlaşması büdcə gəlirlərinə təsir edəcəkmi? Tam qəti əminliklə demək olar ki, hazırda neftin ortaillik qiyməti büdcədə nəzərdə tutulmuş səviyyədən aşağı deyil və bu ölkəmizin maliyyə-büdcə-fiskal siyasəti üçün heç bir qorxulu tendensiya vəd etmir. Neftin qiymətinin büdcədəki real qiymətdən, yəni 100 dollardan aşağı düşməsi büdcə öhdəliklərinin yerinə yetirilməsinə təsir edə bilməz. Birinci rübdə neftin baza qiymətindən yüksək satılması sayəsində kifayət qədər vəsait toplanıb ki, bu da büdcənin icrası üçün heç bir problem yaratmır.
"Səs" Analitik Qrupu