PDF Oxu

Araşdırma

  • 875

"Vahid namizəd" oyunu...

"Vahid namizəd" oyunu...

Son günlər müxalifət düşərgəsində "vahid namizəd" şousunun yenidən gündəmə gəlməsi diqqətdən yayınmır. Belə ki, növbəti prezident seçkilərinə bir ildən çox vaxt qalmasına baxmayaraq, destruktiv düşərgə mənsubları artıq bu məsələni müzakirə və spekulyasiya mövzusuna çeviriblər. Söhbət ondan gedir ki, özlərini "radikal" adlandıran bu düşərgənin təmsilçiləri illər öncə olduğu kimi, "x" günündən dəm vurur, ümidlərini onları "xilas" edə biləcək "vahid namizəd"in axtarışına bağlayırlar. Destruktiv düşərgənin ənənəvi ritorikası da dəyişməyib. Uğursuz komromat, şantaj, böhtan cəhdləri, absurd ittihamlar seriyası onların siyasi fəaliyyətinin əsas məzmununu təşkil edir.


Özündənrazı olmanın ifrat hədd...

Və ya "Ən yaxşısı mənəm" iddiası


İddialıların, hətta onların təbliğatını aparanların, ictimai rəyə müsbət obraz kimi, sırımağa çalışanların ənənəvi sırası da dəyişməyib. Məsələn, İsa Qəmbərovu ondan sonra partiyanı idarə etmək istəyən Arif Hacıyev "vahid namizəd olmağa ən layiqli şəxs" kimi təqdim edir. AXCP (i)-yə yaxınlığı ilə seçilən bəzi müxalif qəzetlərin isə "vahid namizəd"i, birmənalı olaraq, Əli Kərimovdur. Liberal Partiyanın təmsilçisi Əvəz Temirxanın da namizədi dəyişməyib. Bu, həmişəki kimi, Lalə Hacıyevadır. Üstəlik, eks-spiker Rəsul Quliyev də eyni iddia ilə çıxış edir və artıq onun da iddiasını müdafiə edən tapılıb. Bu, əski demokrat, sabiq müsavatçı, hazırda "ACP" sədri vəzifəsini icra edən Sülhəddin Əkbərdir.

Diqqəti çəkən odur ki, "vahid namizəd" oyununun start götürməsi ilə müvafiq siyasi qruplaşmalar arasında özünü göstərən ziddiyyətlər, çəkişmələr yenidən baş qaldırıb. Məsələn, eks-spiker R.Quliyev və onun "ACP"-yə sədr gətirdiyi Sülhəddin Əkbər açıq şəkildə keçmiş müttəfiqlərini - "İctimai Palata"ya daxil olan Müsavatı və AXCP (i)-ni ittiham edir, onları müxalifətin davamlı uğursuzluğuna və ardıcıl məğlubiyyətlərinə görə qınayırlar. Qarşı tərəfin buna reaksiyası isə bir qədər skeptik və ziddiyyətlidir. Onlar eks-spikerin ciddi fiqur olmadığını iddia edirlər. Məsələn, Müsavat başqanı İ.Qəmbərov açıq şəkildə bildirir ki, R.Quliyevin nə söylədiyi onu qətiyyən maraqlandırmır. Digər tərəfdən, Müsavata yaxın olan mediada R.Quliyevin fikirlərinə söylədiklərinə geniş yer verilir. Vaxtaşırı onun müsahibələri dərc edilir. Beləliklə, AXCP (i) ilə zahiri müttəfiqliyini davam etdirən Müsavatın "ACP" ilə ikili oyun oynadığı aydın olur.


Qarşılıqlı əks-təbliğat davam edir

Əli Kərimovun "uşaqları" isə daha çox internetdə, sosial şəbəkələrdə AXCP (i) sədrinin təbliğatını qurmağa çalışır, onu "vahid namizəd" kimi ictimai rəyə sırımağa səy göstərirlər. Eyni zamanda, onun potensial rəqibi İsa Qəmbərovun, əslində, çoxdan Müsavat rəhbərliyindən və siyasətdən getməli olduğu qabardılır.

Lalə Hacıyevaya gəldikdə, hələ ki, onu vaxtilə sədri olduğu ALP-dən kənarda "vahid namizəd" kimi görən yoxdur. Bu baxımdan, müvafiq partiyanın təmsilçiləri "İP" daxilində Müsavatla AXCP (i) arasında olan fikir ayrılıqlarından, ziddiyyətlərdən, birincilik, kompromat savaşından faydalanmağa çalışırlar. Başqa sözlə, ALP mənsubları həmişəkindən fərqli olaraq, bu dəfə firqə, qrup maraqlarına üstünlük verdiklərini heç də gizlətmirlər. Əksinə, vaxtilə 100 addım qoşa addımlaya bilmədikləri ilə indi 5 addım birgə yerimək niyyətində olmadıqlarını bəyan edirlər.

Həmişə olduğu kimi, artıq açıq müstəviyə keçən birincilik savaşında tərəflərdən hər hansı birinin geri çəkilməyəcəyi dəqiq bəllidir. Təcrübə və düşərgə daxilində indiyədək baş verənlərin retrospektiv təhlili göstərir ki, burada az-çox iddialı görünən fiqurlar öz korporativ maraqlarını hər şeydən üstün tuturlar. Bu mənada, hələ ki, onlardan birinin digərinə ciddi bir şəkildə güzəşt edib geri çəkildiyini görən olmayıb. Əksinə, destruktiv düşərgəyə daxil olan partiyaların sədrləri ayrılıqda öz rəqiblərindən daha üstün, nüfuzlu olduqlarını sübut etməyə çalışıblar, başqa sözlə, korporativ maraqlar naminə, "nəlbəkidə fırtına" effekti yaratmaqdan çəkinməyiblər.


Qeyri-sağlam rəqabətə aludə olanlar

Onların siyasi perspektivi yoxdur


Odur ki, həmişə olduğu kimi, bu dəfə də "vahid namizəd" məsələsində onlardan hər hansı birinin geri çəkiləcəyi inandırıcı görünmür. Bu mənada, nə Ə.Kərimov, nə İ.Qəmbərov, nə L.Hacıyeva, nə də R.Quliyev geri çəkilmək fikrində deyillər. Bəllidir ki, geri çəkilmək istəməyən, lakin hələlik, gözləmə mövqeyi tutan digər iddialılar da var. Belə vəziyyətdə onsuz da nihilist mövqeyi ilə seçilən dağıdıcı düşərgənin qeyri-sağlam rəqabətə aludə olduğu aydın görünür.


Bütün bunlar düşərgə daxilində yaranan gərginliyin daha da artmasına, dərinləşməsinə gətirib çıxarıb. Özlərini "İctimai Palata"da birləşən vahid güc kimi göstərmək istəyən AXCP (i) və Müsavat arasında bu mövzuda yeni bir savaşın başlaması isə onların şərti müttəfiqliyinin süni, saxta olduğunu bir daha təsdiqləyir.

Bəlli olan odur ki, məsələ gündəmə Müsavat partiyasının funksionerləri tərəfindən gətirilib. Partiyanın həbsdən yenicə çıxmış funksioneri Arif Hacıyev mətbuata müsahibəsində müxalifətin prezident seçkilərində "vahid namizəd"lə iştirakının vacib olduğunu açıq şəkildə bildirib, üstəlik, "vahid namizəd"in də İsa Qəmbərov olmalı olduğunu vurğulayıb. O, dolayısı ilə AXCP (i)-ni şantaj edərək, bu məsələdə razılaşma olmazsa, "İctimai Palata"nın dağılacağını söyləyib. Oxşar fikirlər Müsavatın digər funksonerləri, məsələn, Arzu Səmədbəyli tərəfindən də səsləndirilib.


Açıq savaş...

Və ya saxta müttəfiqlərin qərargah qalmaqalı


Ə.Kərimovun ətrafı isə heç də bu fikirlə razılaşmaq niyyətində deyil. AXCP (i) sədrinin dağıdıcı düşərgədə birincilik iddiasında olması heç kəsə sirr deyil. Bu səbəbdən, Ə.Kərimovun tərəfdarlarının müsavatçıların bu arzuları ilə hesablaşacaqlarını zənn etmək sadəlövhlük olardı. Bəllidir ki, AXCP (i) sədri uzun müddətdir müxalifətin "vahid lider"i olmaq arzusu ilə yaşayır. O, müəyyən məqamlarda geri çəkilsə də, müxalif düşərgədəki potensial rəqiblərinə heç zaman güzəştə getməyib. Əksinə, müxtəlif vaxtlarda fərqli taktiki oyunlarla AMİP və Müsavat üzvlərini AXCP (i)-yə cəlb etməyə çalışıb. O, bu oyunlarını indi də davam etdirir. Bu mənada, o, daha çox qeyri-sabit mövqeli, riyakar şəxs statusunu qazanıb. Odur ki, onun "vahid namizəd" ola biləcəyinə ən yaxın ətrafı belə ciddi şübhə ilə yanaşır.

Burada destruktiv müxalifətin iddialı simaları, xüsusən, Ə.Kərimovla İ.Qəmbərov arasında şəxsi münasibətlərin qaydasında olmaması da öz sözünü deyir. Müsavat başqanının AXCP (i) sədrini xoşlamadığı çoxlarına bəllidir. Eyni zamanda, Ə.Kərimovun da bir çox məqamlarda İ.Qəmbərovu qəbul etmədiyini xatırlatmağa ciddi ehtiyac yoxdur. Üzdə müttəfiq kimi davranmalarına baxmayaraq, onlar bir-birilərinə çox dözümsüz yanaşırlar. Tərəflər arasında baş verən məlum qərargah qalmaqalı da buna əyani misaldır. Bilənlər bilirlər ki, Müsavat başqanı heç vaxt onun "vahid namizəd" olmasına heç vaxt razılıq verməyəcək. Əgər belə olmasaydı, AXCP (i) sədrini cangüdənlərinin köməyi ilə müvəqqəti məskunlaşdığı Müsavat qərargahından qovdurmazdı.


"İP" də arxivə gedəcək


Doğrudur, burada AXCP (i) ilə Müsavatın birləşməsinə nail olub, sədrlik postunu ələ keçirməyə çalışan Ə.Kərimovun iddialı davranışı, qonaq olduğu yerdə özünü ev sahibi kimi aparması da müəyyən rol oynayıb. Başqa sözlə, onun belə münasibəti İ.Qəmbərovun səbr kasasını əməlli-başlı daşdırıb. Həmin vaxtdan sonra AXCP (i) sədri öz toplantılarını əsasən "İctimai Palata"da təmsil olunmayan ADP-nin qərargahında keçirməli olur.

Beləliklə, sonu görünməyən birincilik və ya "vahid namizəd"lik savaşı müxalif düşərgədə, xüsusən, "İP"-də yaranmış çatları daha da dərinləşdirə bilər. Bu isə destruktiv düşərgənin birlik modeli kimi təqdim etməyə çalışdığı "İctimai Palata"nın tam iflasa uğraması, dağılması deməkdir. Belə olan halda, növbəti seçkilərədək bu amorf qurumun buraxılması və ya siyasi arxivə göndərilməsi qaçılmaz görünür.

"Səs" Analitik Qrupu

Digər xəbərlər