PDF Oxu

Araşdırma

  • 873

Həmsədrlərin növbəti səfəri nəyi dəyişəcək?

Həmsədrlərin növbəti səfəri nəyi dəyişəcək?

ATƏT-in baş katibi Lamberto Zanyerin Azərbaycana səfəri çərçivəsində Azərbaycanla ATƏT arasında əməkdaşlığın bütün spektrləri üzrə məsələlərin müzakirə olunacağı gözlənilirdi.


Təmas xəttində baş verənlər ciddi narahatlıq doğurur


Bakıda jurnalistlərlə ilk görüşü zamanı Zanyer özü də etiraf etdi ki, ATƏT-in Minsk Qrupu 20 il ərzində münaqişənin tənzimlənməsi istiqamətində uğur əldə edə bilməyib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündən sonra keçirilən birgə mətbuat konfransında L. Zanyer Azərbaycana ATƏT-in baş katibi qismində ilk dəfə səfər etdiyini xatırladıb. O, nazirlə ATƏT-Azərbaycan əməkdaşlığının bütün spektri üzrə müzakirə apardıqlarını söyləyib. L. Zanyer Ermənistana səfəri zamanı da Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirəcəyini bəyan edib. Baş katib qeyd edib ki, iyulun 10-da həmsədrlər bölgəyə növbəti səfər edəcəklər: "Təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlər ciddi narahatlıq doğurur. İnsanların ölümü ilə nəticələnən bu cür insidentlər yolverilməzdir və belə hadisələrin qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir. Mövcud status-kvo qəbuledilməzdir".


Ermənistan öz ordusunu geri çəksə...


Təmas xəttindəki insidentlərin araşdırılması üçün ATƏT-in irəli sürdüyü təklifləri şərh edən E. Məmmədyarov isə bildirib ki, problem mexanizmlərdə deyil, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalındadır: "Ermənistan öz ordusunu geri çəksə, onda snayperlərə də ehtiyac qalmaz".


Tərəflərin mövqeyi dəqiqləşdirilir

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Jak For da artıq Azərbaycandadır. Digər həmsədrlər Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) da Bakıya gəldikdən sonra iyulun 10-da vasitəçilər Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparacaqlar.

Bakıda danışıqlar başa çatdıqdan sonra həmsədrlər qoşunların təmas xəttindən qarşı tərəfə keçərək, Xankəndinə gedəcəklər. Xankəndində separatçı Dağlıq Qarabağ rejiminin başçıları ilə də görüşəcək vasitəçilər oradan Yerevana yollanacaqlar.

Qarabağ danışıqlarına yaxın diplomatik qaynaqlardan bildirildiyinə görə, həmsədrlər Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iyunun ortalarında Parisdə apardıqları danışıqlarda müzakirə olunan məsələlər barədə tərəflərin mövqelərini dəqiqləşdirməyə çalışacaq, həmçinin, uzun fasilədən sonra prezidentlər arasında görüşün təşkili imkanlarını araşdıracaqlar.

Lakin bu görüşün hansı formatda baş tutacağına dair heç bir məlumat yoxdur, bununla belə tərəflər prezidentlər səviyyəsində yeni görüşün mümkünlüyünə müsbət yanaşırlar. İstisna deyil ki, bu dəfə İlham Əliyevlə Serj Sarkisyanın Qərb ölkələrinin birinin paytaxtında görüşməsi məsələsi gündəmə gələcək.


Cabir

Digər xəbərlər