Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə riayət edilməsi əssında diplomatik vasitələrlə həlli, ölkə Prezidenti İlham Əliyevin xarici siyasətinin əsas prioritetidir. Politoloq Rüstəm Məmmədovun "Səs" qəzetinə verdiyi açıqlamasına görə, dünya birliyinin tanıdığı və qəbul etdiyi Azərbaycanın ərazi bütövlüyünü Ermənistan da tanımağa məcbur olacaq:
- Prezident İlham Əliyev öz səlahiyyətlərinin icrasına başladığı ilk gündən bəyan etmişdir ki, biz informasiya hücumuna keçməliyik, beynəlxalq birliyin müniaqişənin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə riayət edilməsi əsasında həlli variantını dəstəkləməsi və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını pisləməsi istiqamətində səylər davam etdirilməlidir. Mübaliğəsiz demək olar ki, informasiya mübarizəsində Prezidentin fəal və hücumçu mövqeyi hamıya nümunə göstərilə bilər. İstər xarici ölkələrə rəsmi və işgüzar səfərlərində, istərsə də, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərində Prezident Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ və qaçqın-köçkün məsələsinə diqqəti yönəldir.
Azərbaycan Prezidentinin AŞPA, Avropa Birliyində, NATO, BMT Baş Assambleyasında və digər nüfuzlu qurumlardakı çıxışlarında, dünyada tanınmış kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində Ermənistanın işğalçılıq siyasəti önə çəkilir, Dağlıq Qarabağ və qaçqın-köçkünlər probleminin həllinə yönələn çağırışlar səslənir. Prezidentin özünün də qeyd etdiyi kimi, bu çıxışların məqsədi təkcə problem haqqında məlumat vermək yox, həm də Ermənistanın işğalçılıq siyasətinin doğurduğu təhlükəni bir daha diqqətə çatdırmaqdır.
- Rüstəm müəllim, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınması Azərbaycanın diplomatik uğuru sayıla bilərmi?
- Bildirmək istərdim ki, Azərbaycan Prezidentinin Ermənistana qarşı diplomatik hücum siyasəti öz nəticələrini verməkdədir. Münaqişə ilə bağlı məsələnin BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınması aparılan düzgün, məqsədyönlü siyasətin nəticəsidir. Düşünürəm ki, Türkiyənin Təhlükəsizlik Şurasına sədrlik müddətində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyişlərə nail olunacaqdır. Xatırlamaq lazımdır ki, dövlət rəhbəri İlham Əliyev ən yüksək səviyyələrdə, dəfələrlə bəyan etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bu, həm də prezidentlərin son görüşündə bir daha əyani şəkildə ortaya qoyuldu. Bu fakt Azərbaycan dövlətinin, onun Prezidentinin prinsipial mövqeyidir. Azərbaycan xalqı sülh tərəfdarıdır və problemi sülh yolu ilə həll etmək niyyətindədir. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi problemin sülh yolu ilə həllinə imkan vermir, danışıqlar hər dəfə dalana dirənir.
Ümumiyyətlə, qeyd etməliyəm ki, biz nəyin bahasına olursa-olsun, istər sülh, istərsə də hərb yolu ilə torpaqlarımızı azad etməliyik. Belə vəziyyətdə, orduya, əsgərə qayğı dövlətin, hər bir vətəndaşın müqəddəs vəzifəsi olmalıdır. Çünki biz azərbaycanlılar üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli yalnız milli maraq yox, həm də milli qürur məsələsidir. Hər bir şüurlu və namuslu Azərbaycan vətəndaşının borcu Azərbaycanın haqq işinin qələbəsinə yönələn, ölkəmizin tam suverenliyinin, ərazi bütövlüyünün təmin olunmasına, onun gələcək siyasi və iqtisadi tərəqqisinə xidmət edən bu prosesdə Prezident İlham Əliyevə dəstək vermək, hər an Onun yanında olmaqdır.
Aytən Səmədova