PDF Oxu

Araşdırma

  • 1 224

Yeni dünya düzəni: Özbəkistanın qərarı və KTMT-nin gələcəyi

Yeni dünya düzəni: Özbəkistanın qərarı və KTMT-nin gələcəyi

Özbəkistanın Müstəqil Dövlətlər Birliyi (MDB) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini dayandırması barədə qurumun katibliyinə məlumat verməsi xəbəri bir neçə gündür post-sovet məkanındakı KİV-də müxtəlif aspektlərdən şərh olunur. Qeyd edək ki, KTMT SSRİ dağılandan sonra Rusiyanın Varşava Paktı yerinə qurmağa çalışdığı hərbi-siyasi təhlükəsizlik təşkilatıdır və 15 may 1992-ci ildən etibarən fəaliyyətdədir. Rusiya, Ermənistan, Belorus, Qazaxıstan, Qırğızıstan və Özbəkistan (Özbəkistan qurumda fəaliyyətini dayandırdığını bildirmişdir) quruma üzv dövlətlərdir.Rusiya Soyuq Müharibənin başa çatmasından sonra Şərqi Avropadakı üstünlüyünü itirməsi ilə barışmağa məcbur olsa da, post-sovet məkanındakı mövqeyini qoruyub saxlamağa çalışır. Bunun üçün müxtəlif siyasi, iqtisadi, hərbi-təhlükəsizlik qurumlarından yararlanmağa çalışsa da, hələlik istədiyi nəticələri əldə edə bilməmişdir.Rusiyanın bütün təşəbbüslərinə baxmayaraq, Baltikyanı dövlətlər birdəfəlik Rusiyanın orbitindən uzaqlaşıb Avropaya inteqrasiya olmuş, digər dövlətlər də Rusiya ilə münasibətlərdə məsafəli davranmağa çalışırlar. Bu nüans MDB-yə üzv olan ölkələrin müstəqilliklərini qoruyub saxlamaq narahatçılığı ilə yanaşı, Rusiyanın siyasi, iqtisadi və hərbi elitasının keçmiş sovet respublikalarına qarşı siyasətlərindəki anlaşmazlıqla da izah oluna bilər.Rus elitası hələ də post-sovet ölkələrinin müstəqil olmaları və Rusiyanın orbitindən uzaqlaşmaları ilə barışmır, bu ölkələrlə münasibətləri, xüsusilə də iqtisadi, enerji və hərbi təhlükəsizlik münasibətlərini əyalət-mərkəz prizmasından dəyərləndirirlər.Vladimir Putin yenidən prezident seçildikdən sonra post-sovet ölkələrini bir araya gətirərək, münasibətləri qaydaya salmaq istəyir. Rusiya SSRİ zamanındakı hegemoniyasını yenidən qazanmaq istəyirsə, post-sovet məkanı dövlətləri nəzarətində saxlamanın əsas şərt olduğunu bilir və buna cəhd edir.Ancaq son bir neçə ildir regionda və beynəlxalq aləmdə cərəyan edən geosiyasi proseslər onu göstərir ki, başda ABŞ olmaqla NATO üzvləri dünyada yeni hərbi və enerji təhlükəsizlik sistemi, daha doğrusu yeni dünya düzəni qurmağa çalışırlar. Bu proseslərə nəzər yetirdikdə isə ABŞ və NATO üzvü olan dövlətlərin bu planda Rusiyaya yer vermədikləri məlum olur.Özbəkistan baxımından region və beynəlxalq aləmdə cərəyan edən hadisələri bu cür təsnif etmək mümkündür:

-ABŞ-ın Yaxın Şərqdə yenidən dövlət mühəndisliyi təşəbbüsü;

-ABŞ-ın Çin ilə hər nə qədər iqtisadi münasibətləri qaydasında olsa da, siyasi və təhlükəsizlik anlayışlarında ciddi fərqlərin olması;

-Çin-Hindistan rəqabətinin artması;

-Şimali Koreyanın nüvə silahı proqramını daha da inkişaf etdirməyə çalışması;

-Buna qarşılıq Yaponiya-ABŞ hərbi-siyasi münasibətlərinin yeni mərhələyə qədəm qoyması;

-ABŞ-ın Çin və Şimali Koreya təhlükəsinə qarşı öz hərbi maliyyə xərclərinin azaldılması üçün Yaponiyanın yenidən hərbiləşdirilməsi;

-Cənub-Şərqi Asiyada təhlükəsizlik məsələlərinin daha ciddi şəkildə ortaya çıxması və qütbləşmə ehtimalı.

Bütün bu sadalananlar regiondakı böyük dövlətləri olduğu kimi kiçik dövlətləri də narahat edir. Böyük dövlətlər dünyanın müxtəlif bölgələrində yeni enerji və təhlükəsizlik sistemlərini formalaşdırmağa çalışarkən, kiçik dövlətlər də bu sistemdəki yerlərini və rollarının necə bölünəcəyi narahatçılığını yaşamaqdadır.Görünən odur ki, belə bir şəraitdə Özbəkistan seçim qarşısında qalıb. Dünyanın ən qeyri-sabit ölkəsi - Əfqanıstan ilə qonşu olan bu ölkə böyük dövlətlərin geosiyasi mübarizəsində yerini dəqiqləşdirməyə məhkumdur. Özbəkistanın KTMT-də fəaliyyətini dayandırdığını bildirməsi Rusiyanın Orta Asiyadakı hərbi təhlükəsizlik maraqlarına ciddi şəkildə zədə vura biləcək mahiyyətdə olmaqla bərabər, ABŞ və NATO-ya üzv olan dövlətlərin maraqlarına yaşıl işıq yandırmaq deməkdir.Əlbəttə, Özbəkistan Qərblə təhlükəsizlik məsələlərində əməkdaşlıq etməkdə tələsməyəcəkdir. Rusiyanın bundan sonrakı mövqeyi bəlli olduqdan sonra Özbəkistan regionda və beynəlxalq aləmdə cərəyan edən geosiyasi hadisələri dəyərləndirərək hansı təhlükəsizlik çətiri altında yer alacağına qərar verməli olacaq.

Özbəkistan bu barədə bir neçə istiqamətdə qərar vermə şansına sahibdir:

Birinci versiya ondan ibarətdir ki, Özbəkistan ABŞ və NATO üzvü olan dövlətlərlə hərbi-siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığını genişləndirə bilər, hətta uzaq gələcəkdə bu quruma üzv olma ehtimalı belə vardır.

Lakin Özbəkistan nəzərə almalıdır ki, Rusiyanın Orta Asiyada nüfuzunun azalması və ya artması, Özbəkistanın manevr sahəsi də buna paralel olaraq genişləməsinə və yaxud daralmasına səbəb olacaqdır.Özbəkistan bu siyasəti ilə eyni zamanda dünyanın ikinci qütbü olmağa iddialı olan Çinin Orta Asiya siyasətində özünün hərbi, siyasi və iqtisadi təhlükəsizliyini müəyyən qədər təminat altına ala bilər.

İkinci versiya ondan ibarətdir ki, Özbəkistan ABŞ və NATO üzvü olan dövlətlərlə hərbi-siyasi və təhlükəsizlik sahələrində münasibət qurmaz və beləliklə də hər keçən gün regionda və dünyada siyasi və iqtisadi olaraq güclənən Çin ilə münasibətlərini korlamaq istəməz.Bu durumda, regionda ağırlığını və mövqeyini qorumaq üçün Çin ilə hərbi-siyasi və təhlükəsizlik sahələrində əməkdaşlıq edə bilər. Çin ilə əməkdaşlıq isə Özbəkistan üçün uzun zamanda daha geniş perspektiv vəd edə bilər.

Üçüncü versiya ondan ibarətdir ki, bu zəif ehtimal olsa da, Özbəkistan Orta Asiya dövlətlərinin lideri ola bilərsə, (Özbəkistanın əhalisi ümumən Orta Asya dövlətlərinin əhalisi qədərdir) regionda daha müstəqil siyasət apara bilər.Bu zaman o, Çin-Hindistan, Hindistan-Pakistan, ABŞ-İran və Çin-ABŞ münasibətlərində yaşanan mübarizə və rəqabətdən istifadə edərək manevr sahəsini də əhəmiyyətli dərəcədə genişləndirə bilər.Lakin, bu ehtimalın həyata keçməsi üçün Özbəkistanın ilk əvvəl Orta Asiya dövlətlərini öz ətrafında birləşdirməsi və Əfqanıstandakı hakim güc ilə yaxşı münasibətlər qurması lazımdır.

yap.org.az

Digər xəbərlər