PDF Oxu

Araşdırma

  • 1 167

Azərbaycan: geosiyasi sıçrayış məqamı

Azərbaycan: geosiyasi sıçrayış məqamı

Azərbaycan milli inkişaf strategiyasının mühüm bir mərhələsinə daxil oldu. Qarşısına qoyduğu məqsədlərinə tədricən çatan ölkə, bölgənin ən uğurlu dövləti imicini qazanmışdır. Dostları ona baxıb qürur duyur, qısqanclıqlarını gizlədə bilməyənlər də var. Obyektiv düşünənlər üçün isə daha əhəmiyyətlisi Azərbaycanın bu yüksəlişə necə nail olmasını dərk etməkdir. Doğrudan da, Azərbaycanın əldə etdiyi təcrübə öyrənilməlidir. Böhran vəziyyətindən 20 ilə mürəkkəb bir regionun aparıcı dövləti səviyyəsinə qalxmaq, səmərəli inkişaf kursunun müəyyənləşdirildiyini göstərir. İndiki mərhələdə Azərbaycan Cənubi Qafqazın yeganə ölkəsidir ki, geosiyasi fəaliyyət sahəsini genişləndirmək məqamına gəlmişdir. Strateji məqsədə çatmaq üçün hər mərhələdə qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək lazımdır. Azərbaycan növbəti mərhələni keçmişdir. Prezident İlham Əliyevin son aylardakı çıxışlarında konkret istiqamətlər üzrə əldə edilən uğurlar və onların geosiyasi tutumu dəqiq ifadə edilmişdir.


Avropaya inteqrasiya strategiyası: dörd prioritet istiqamət


Prezident İlham Əliyev Avropa İttifaqı Şurasınını prezidenti Herman Van Rompuyla birlikdə mətbuata verdiyi bəyanatda mühüm strateji əhəmiyyətli fikirlər söyləmişdir. Dövlət başçısı Azərbaycanla Avropanın əlaqələrinin "tərəfdaşlığın yeni formasına çevrildiyini" vurğulamışdır. Bu mərhələdə regional miqyaslı məsələlərə daha çox diqqət yetirilir. Onlar siyasi inkişaf, iqtisadi əməkdaşlıq, enerji və regional təhlükəsizliklə bağlıdır. Əməkdaşlığın bu cür transformasiyası ciddi hadisədir. Faktiki olaraq, Avropa İttifaqı Azərbaycanla regional səviyyədə prinsipial əhəmiyyəti olan problemləri müzakirə edir. Dörd istiqamət cəm halında regional inteqrasiyanı şərtləndirir. Ancaq bu prosesin təməlində regional təhlükəsizliyin təmin edilməsi durur. Təhlükəsizlik əməkdaşlığa şərait yaradır. Regional əməkdaşlıq isə inteqrasiyanı stimullaşdırır. Azərbaycan Prezidenti inteqrasiya prosesini həmin şərtlər daxilində mümkün sayır.Prezident fikirlərini inkişaf etdirərək, regional təhlükəsizliyin əsas məqamını açıqlayır. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində yaranmış status-kvonun dəyişməsindən ibarətdir. Bölgədə yığılıb qalmış problemlərin həlli baxımından olduqca vacib tezisdir. Həmin tezisi ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin başçıları Los-Kabosda verdikləri bəyanatda ifadə etmişdilər. Əslində, eyni fikir Soçi bəyanatında da bildirilmişdi. Həmin bəyanatların heç birində status-kvonu dəyişmənin hansı konkret məzmuna malik olduğu göstərilmir.Ermənistan rəhbərliyi də məhz bu boşluqdan istifadə edərək, status-kvonun dəyişməsi məsələsinin təhrif olunmuş izahını verirlər. Onlar bundan Azərbaycanı ittiham etmək üçün yararlanırlar. İlk dəfə olaraq Prezident İlham Əliyev status-kvonun dəyişməsinə konkret məzmun verdi. O, H.V.Rompuyla mətbuat üçün verdiyi açıqlamada dedi: "Status-kvonun dəyişməsi işğal altında olan torpaqların azad edilməsinin başlanması deməkdir". Dəqiq, obyektiv və aydın mövqedir. Yəni regional miqyasda əməkdaşlıq, inteqrasiya və təhlükəsizliklə bağlı bütün müsbət proseslərin başlanğıcı status-kvonun bu cür dəyişməsindən ibarətdir. İlham Əliyevin bu tezisi arxasında Azərbaycanın dövlət siyasətinin nailiyyətləri durur. Daha dəqiq ifadə etsək, bu ideyanı reallaşdırmaq üçün Azərbaycanın kifayət qədər imkanı vardır. Faktlara baxaq.

Azərbaycan Cənubi Qafqazda Avropaya enerji dəhlizi açan yeganə ölkədir. Ölkənin iki neft boru xətti Qara dənizə, bir boru xətti isə Aralıq dənizinə çıxır. Transandolu qaz layihəsi Avropa ilə Asiya qitəsini birləşdirən güclü enerji-nəqliyyat dəhlizi olacaq. Bunun Avropanın enerji təhlükəsizliyi üşün strateji əhəmiyyəti vardır. Onu nəzərə almaq lazımdır ki, Azərbaycan nefti Avropa İttifaqının bəzi üzv dövlətlərinin enerji balansının təqribən 30 faizini təşkil edir. Deməli, Azərbaycanın enerji resurlarının həcmi ilə onun Avropaya nəqli arasında uzlaşmaya nail olmaq Qərb üçün strateji məna kəsb edir. Bu vəziyyət Azərbaycanın neft siyasətinin həyata keçməsi nəticəsində yaranmışdır. Dolayısı ilə söhbət Azərbaycanın geosiyasi rolunun yeni səviyyəyə qalxmasından gedir.Geosiyasi əhəmiyyəti olan digər məqam Azərbaycan Dövlət Neft Şirkətinin Avropaya sərmayə qoyması prosesinin başlamasıdır. Sərmayə qoyuluşu deyəndə, ilk ağıla gələni Qərbdən dünyanın müxtəlif regionlarına olan yatırımlar olur. İndi Azərbaycan özü dünyanın inkişaf etmiş ölkələrinə sərmayə qoyursa, məsələ ciddi irəliləyişdən ibarətdir. Bu, bərabərhüquqlu tərəfdaşlığın mühüm şərtidir. Həmin faktorun digər vacib aspekti enerjinin şaxələnmiş formada nəqlidir.Prezident İlham Əliyev şaxələnmə məsələsinə də konkret məzmun verir. Burada ilk növbədə enerji mənbələrinin şaxələnməsi nəzərdə tutulur. Yəni Azərbaycan indi təkcə neft yox, həm də qaz sahəsində Avropanın enerji təhlükəsizliyinə töhfə verə bilər. Enerji mənbələrinin şaxələnməsi Azərbaycanın əməkdaşlıq imkanlarını genişləndirməsi anlamına gəlir. Yaxın gələcəkdə neft və qaza başqa mənbələr də daxil ola bilər. Təbii ki, bu, artıq Azərbaycanın daha yüksək geosiyasi status almasını təmin edəcəkdir.Bütün bunlar Prezident İlham Əliyevin Bakıda XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılışında söylədiyi nitqində ifadə etdiyi bir prinsipial tezisi təsdiqləyir: "Enerji təhlükəsizliyi enerji müstəqilliyini şərtləndirir. Enerji müstəqilliyi isə bütövlükdə ölkələrin iqtisadi müstəqilliyinə böyük töhfə verir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz". Deməli, region səviyyəsində siyasi inkişaf enerji təhlükəsizliyinə birbaşa bağlıdır. Enerji təhlükəsizliyi enerji müstəqilliyini təmin edir, sonuncu isə iqtisadi müstəqilliyin mühüm şərtidir. Bütün bunlar sintez halında siyasi müstəqilliyi müəyyənləşdirir. Azərbaycan məhz bu şərtlərə əməl etdiyinə görə müstəqil xarici siyasət yeridə bilir!Cənubi Qafqazın digər dövlətləri həmin şərtlərə tam əməl edə bilmir. Ona görə də onların siyasətində hansısa geosiyasi gücə tərəf meyl müşahidə edilir. Ermənistan daha çox asılı olduğundan forpost statusundan çıxa bilmir. Onun xilası Azərbaycanın əlindədir. Prezident İlham Əliyevin gətirdiyi arqumentlər Ermənistanın gerçək durumunu tam aydınlaşdırır. Ona görə də münaqişənin həll edilməməsi ən çox Ermənistan dövlətçiliyinə zərər verir.


Regional təşkilatlarda fəaliyyət və mədəniyyətlərarası dialoqun təşkili


Prezident İlham Əliyevin çıxışlarında Azərbaycanın geosiyasi uğurunun digər iki aspekti ifadə olunmuşdur. Onlardan biri ölkənin regional miqyaslı təşkilatlarda fəaliyyətini keyfiyyətcə yeni səviyyəyə qaldırmaqdan ibarətdir. Bu məqam iyunun 26-da İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 20 illik yubiley sammitində Prezidentin söylədiyi nitqdə əksini tapmışdır. İlham Əliyev həmin çıxışında Azərbaycanın QDİƏT-dəki fəaliyyətinə sosial-iqtisadi aspektdən daha geniş məkanda baxdığını çatdırmışdır. Burada regional təşkilat çərçivəsində inteqrasiya və əməkdaşlığın təhlükəsizliyin təmini ilə əlaqələndirilməsi potensialının olduğunu vurğulamışdır. Azərbaycan regional miqyasda əməkdaşlığın dərinləşməsində maraqlıdır. Bunun üçün o, yeni layihələr irəli sürür və onları reallaşdırır.

Lakin bu potensialın bütün region səviyyəsində faydalı olması üçün münaqişələr həll edilməlidir. Prezident həmin məqamla bağlı demişdir: "İlk növbədə, münaqişənin səbəbi aradan qaldırılmalıdır, işğala son qoyulmalıdır. Ondan sonra bölgədə həm sabitlik bərqərar olunacaq, həm də iqtisadi əməkdaşlıq üçün yeni, gözəl şərait yaradılacaqdır". Münaqişənin səbəbinin aradan qaldırılması Ermənistanın təcavüzkar siyasətindən imtina etməsi deməkdir. Ona görə də QDİƏT-ə daxil olan bütün dövlətlər Ermənistanı aqressiv xarici siyasətə son qoymağa məcbur etməlidirlər. Azərbaycan həyata keçirdiyi enerji layihələrinin regiona verə biləcəyi faydanı nəzərə alaraq bu tələbi qoya bilir.Bu proses Azərbaycanın qlobal miqyasda fəaliyyət göstərən Krans Montana Forumunda irəli sürdüyü ideyalarla tam səsləşir. Azərbaycan Prezidenti 2008-ci ildə "Bakı prosesi" adlanan lahiyə təklif etmişdir. Həmin layihə mədəniyyətlər və dinlərarası dialoqun təşkil edilməsi ilə bağlıdır. Krans Montana Forumunun iyun ayının 29-u iyul ayının 3-ü tarixində Bakıda keçirilən toplantısı göstərdi ki, İlham Əliyevin bu təklifi beynəlxalq miqyasda böyük dəstək qazanmışdır. Artıq Azərbaycanı müxtəlif mədəniyyətlərin birgə mövcud olduğu, fərqli dinlərə mənsub insanların mehriban yaşadığı məkan kimi qəbul edirlər. Prezident İlham Əliyev bununla bağlı forumdakı çıxışında vurğulamışdı: "...Azərbaycan tarixən, əsrlər boyu müxtəlif mədəniyyətlərin, müxtəlif millətlərin sülh şəraitində yaşadığı bir məkan olmuşdur. Ona görə də bizim ölkədə belə tədbirlərin keçirilməsi, müxtəlif millətlərin, mədəniyyətlərin nümayəndələrinin bir araya gəlməsi, birlikdə işləməsi, müzakirələrin, debatların keçirilməsi bizim üçün çox təbii bir haldır". Bu fikirlər Azərbaycanın mədəniyyətlərin dialoquna böyük önəm verdiyini ifadə edir. Azərbaycanın tarixi və bu günkü reallıqları onun bu sahədə dünyaya nümunə olduğunu sübut edir. Daha əhəmiyyətlisi ondan ibarətdir ki, beynəlxalq miqyasda Azərbaycanın sivil və tolerant bir olkə olması qəbul edilir.Beləliklə, ölkə Prezidenti çıxışlarında Azərbaycanın faktiki olaraq yeni inkişaf mərhələsinə daxil olduğunu təsdiq etmişdir. Müxtəlif istiqamətlərdə həyata keçirilən proqramlar ölkənin geosiyasi statusunu yüksəltmişdir. Bu reallığın bütövlükdə regionda geosiyasi mənzərəni dəyişəcəyini proqnozlaşdırmaq olar.

Newtimes.az


Digər xəbərlər