Azərbaycan milli iqtisadiyyatının strateji istiqaməti sayılan turizm özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkədə dövlət başçısı tərəfindən bu sahəyə ayrılan diqqət turizmin bazasını möhkəmlədib. Bunun nəticəsidir ki, müasir dövrdə Azərbaycan turizmi dünya turizm məkanı ilə açıq rəqabətə hazırdır. Ölkənin artan iqtisadiyyatı, infrastrukturun qurulması, abadlaşma və quruculuq işləri ilə yanaşı, turizm sənayesi üçün rəqabətə dözümlü mütəxəssislərin hazırlanması istiqamətində də əhəmiyyətli addımlar atılıb. Belə ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2006-ci ildə yaradılan Azərbaycan Turizm İnstitutu turizm sahəsi üçün peşəkar kadrların hazırlanmasında rola malikdir. Bu institutun tələbələri dünyanın müxtəlif ölkələrində təcrübə keçir, Azərbaycanın turizm sənayesinin inkişafına layiqli töhfələrini verirlər. Əsrarəngiz təbiət, əlverişli iqlim şəraiti turistlərin ölkəmizə marağını ildən-ilə artırır. Azərbaycanın tarixi, mədəniyyəti, milli adət-ənənələri turistlərin diqqətindədir. Belə bir turizm imkanlarına malik olan Azərbaycan ərazisindən bu günlərdə iyulun 21-də "Beaume Transasia-2012" Beynəlxalq avtoturizm ekspedisiyası keçəcəkdir. Ümumilikdə, beş ölkəni əhatə edəcək "Beaume Transasia-2012" avtoturizm ekspedisiyası Türkiyənin İstanbul şəhərindən start götürəcək və Gürcüstan, Azərbaycan, Rusiyanı əhatə etməklə, Çin Xalq Respublikasının Tyanjin vilayətində başa çatacaqdır.
Beynəlxalq ekspedisiyanın Azərbaycanı əhatə etməsi ölkəmizin turizm istiqaməti kimi tanıdılmasına və respublikamıza turist axınının sürətlənməsinə töhfə verəcəkdir.
NƏZAKƏT