PDF Oxu

Araşdırma

  • 1 302

Ermənistanı sülhə məcbur etmək taktikası

Ermənistanı sülhə məcbur etmək taktikası

Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun dəyişdirilməsi məsələsi, nüfuzlu beynəlxalq təşkilatların bəyanatlarında, eləcə də, Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə qeyd olunub. Bu halda, Ermənistan mövcud vəziyyətin dəyişməsi üçün konkret addımlar atmırsa, Azərbaycan tərəfi hərbi varianta üstünlük verə bilərmi? Məsələyə münasibət bildirən siyasi elmlər doktoru, politoloq Elman Nəsirlinin sözlərinə görə, Ermənistan tərəfi prinsip etibarı ilə müddətsiz danışıqlar yolunu seçib: "İşğalçı ölkə heç bir halda status-kvonun dəyişməsində maraqlı deyil. Demək olar ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu məsələnin fərqindədirlər. Prezident İlham Əliyev tərəfindən də dəfələrlə münaqişənin həllində status-kvo vəziyyətinin dəyişdirilməsi ilə bağlı fikirlər səslənib. Status-kvo vəziyyətinin saxlanmasının özü isə heç bir halda münaqişənin dinc yolla həll edilməsi məqsədlərinə xidmət göstərmir. Çünki bu danışıqların özünün də bir limiti olmalıdır. Yəni, heç bir halda danışıqlar naminə danışıqlara getməyin mənası yoxdur. Belə olan təqdirdə, həmsədrlər "status-kvo vəziyyəti dəyişməlidir" deyəndə, belə bir narahatlıq ifadə edirlər ki, heç bir halda bu şərait qorunub saxlanıla bilməz. Bir iks günündə bu vəziyyətin alternativi müharibə ola bilər".

Azərbaycan ərazilərinin işğalının son qoyulmasının həlli yolu kimi danışıqlar yox, müharibə variantı seçilə bilər deyən ekspertin sözlərinə görə, həmsədrlər də bunun fərqindədirlər: "Ona görə də, onlar hər zaman Ermənistan tərəfinə bunu bildirirlər. Amma məsələ ondadır ki, bu bildirmənin, yanaşmanın və mövqeyinin özünün bir kəsəri yoxdur. Əgər Ermənistan mövqeyini dəyişmirsə, onun sülhə məcbur etmək taktikası var.

Politoloq bəzi ölkələrin fərqli mövqelərini ikili standartların nəticəsi olaraq dəyərləndirib: "Təəssüf ki, beynəlxalq siyasətdə biz bunun dəfələrlə şahidi olmuşuq ki, beynəlxalq təşkilatlar, böyük güclər bu və ya digər prosesə və hadisəyə münasibətdə bəzən bir mövqe oxşar hadisəyə və ya prosesə münasibətdə isə fərqli yəni, başqa bir mövqe sərgiləyirlər ki, bu da nəticə etibarı ilə ədalətsizliyin yaranmasına gətirib çıxarır. Ermənistan tərəfi, yəqin ki, bütün bu məsələlərin fərqindədir. Əgər işğalçı ölkə hesab edirsə ki, bu müddət və taktika onları hər zaman qane edə biləcək, onlar yanılırlar. Demək olar ki, bu mövqeyi dəfələrlə Prezident İlham Əliyev Ermənistan tərəfinin nəzərinə çatdırıb. Yəni, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar heç bir nəticə verməyəcəksə və həmsədrlərin fəaliyyəti heç bir nəticəyə gətirib çıxarmayacaqsa, onda belə olan təqdirdə, heç bir tərəfin, eyni zamanda, Azərbaycanın da heç bir zaman istəmədiyi müharibə versiyasından qaçmaq mümkün olmayacaq. Yəni, o, labüd olacaq. Çünki istənilən dövlət oxşar vəziyyətdə məhz bu cür addım atır. Burada ATƏT-in Minsk Qrupunun həmsədrləri, ölkələrin üçünü də götürsək və onların əraziləri 20 il yox, 20 gün işğal altında qalsaydı, onlar çoxdan müharibə etməyə başlamışdı. ATƏT-in Minsk Qrupu bizi istəmədiyimiz hərbi versiyasına sövq etməsinlər. Yəni, Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı ölkə olan Ermənistanın mövqeyini dəyişə bilsinlər".


GÜLYANƏ

Digər xəbərlər