Ermənistanda 2008-ci il böhranından sonra yaranmış gərgin daxili siyasi vəziyyət, tənəzzülə uğramaqda olan iqtisadiyyat hakimiyyət və xalq arasında olan münasibəti qarşıdurmanın son həddinə çatdırmaqdadır. Bu qarşıdurma demək olar ki, 2008-ci ilin prezident seçkilərindən sonra formalaşmış və bu günə kimi davam etməkdədir.Beynəlxalq analitiklər Ermənistanda mövcud olan vəziyyəti şərh edərkən, ölkə daxili hər hansı bir siyasi hadisə ilə bağlı proqnoz verilərkən sabiq prezident Robert Koçaryan və hazırkı prezident Serj Sarkisyan qarşıdurmasının prizmasından baxırlar.İlk öncə hər iki siyasi fiqurun ölkə parlamentində mövqelərinə nəzər yetirək. Başlanğıc üçün fors-major vəziyyətin baş verdiyi şəraiti dəyərləndirək. Ölkə başçısının istefaya getdiyi və ya vəzifə borcunu yerinə yetirə bilmədiyi bir vəziyyətdə respublikada hakimiyyət mövcud Konstitusiyaya uyğun olaraq parlament sədrinə keçir. Son parlament seçkilərindən sonra belə fors-major vəziyyətin baş verə biləcəyi halda hazırkı dövlət başçısının mövqeyini müəyyən mənada normal hesab etmək olar. Lakin bu ilk baxışda belə görünür. Nəzərə alsaq ki, "Çiçəklənən Ermənistan" partiyası R.Koçaryanın siyasi layihəsidir, eyni zamanda sabiq prezidentə Daşnaqsütyun Erməni İnqilab Federasiyasının rəhbərlərinin bir hissəsi rəğbət bəsləyir, onda vəziyyət belə bir şəkil almağa başlayır: ehtiyac olduğu halda Koçaryan nəinki "Çiçəklənən Ermənistan" partiyasından olan deputatların, hətta Daşnaqsütyun fraksiyasından olan deputatların dəstəyini ala bilər. Bura müstəqil deputatları da əlavə etmək olar.Belə isə bir sıra deputatların istəklərini nəzər almasaq hazırkı prezidentin və sabiq ölkə başçısının parlamentdə imkanlarının bərabərliyini vurğulamaq mümkündür. Buna əlavə olaraq qeyd etmək gərəkdir ki, Koçaryan həmçinin parlamentin sədri Ovik Abramyanın da dəstəyinə güvənə bilər. Lakin bütün bunlar fors-major halın baş verdiyi təqdirdə həyata keçə bilər.Serj Sarkisyan və Robert Koçaryanın maddi imkanlarını da eyni hesab etmək olar. Ancaq burda bir nüans var ki, bunu qeyd etmək mütləqdir. Maddi imkanlar nəzərdə tutulduqda təkcə hər iki şəxsin yox onların arxasında dayanan oliqarxların imkanları da nəzərə alınmalıdır.İnformasiya, televiziya sektorunda isə S. Sarkisyanın R. Koçaryanı üstələdiyi açıq aydın görünür. Belə ki, Sarkisyan nəinki İctimai televiziyanı, həmçinin "Ermənistan2", "ArmenAkob", "Ay Tv"-ni və bir sıra digər radio stansiyaları, mətbəələri öz nəzarətində saxlayır. R. Koçaryanın bu sektorda imkanlarının məhdud olduğunu söyləmək də yanlış olardı. Onun "H2", "Şant", "Kentron" və daşnaq kanalı olan "Erkir" ilə əlaqələri vardır.Xarici dəstək məsələsinə baxdıqda isə burada vəziyyətin informasiya sektorunun tam əksinə olduğunu görürük. Əgər Koçaryanı Moskvada hökumət başçısı səviyyəsində qəbul edirlərsə və bu Ermənistanda onun Rusiya rəhbərliyi tərəfindən dəstəklənməsi kimi qəbul edilirsə, eyni sözləri Sarkisyan üçün səsləndirmək çox çətindir. Sarkisyanın Rusiya rəhbərliyi ilə bir sıra problemlərinin olduğu vurğulanır. Bu problemlər Sarkisyan və onun əhatəsinin sıx əməkdaşlıq etdikləri Moskva meri Yuri Lujkovun istefaya getməsindən sonra daha da artmışdır.Qərbin dəstəyinə gəldikdə isə, Koçaryanın 2008-ci il 1 mart hadisələrindən sonra ciddi problemlərinin olduğunu söyləmək gərəkdir. Eyni halı hazırkı ölkə başçısına da şamil etmək olar. Belə ki, Sarkisyan hakimiyyətinin Qərb və Vaşinqton qarşısında öz üzərinə götürdüyü öhdəliklərin öhdəsindən gələ bilmədiyindən son zamanlar bu münasibətlərdə müəyyən durğunluğun olduğunu aydın şəkildə müşahidə edirik.Bütün bu imkanları, müəyyən mənada xarici dəstəklərə baxmayaraq istər Koçaryan istərsə də Sarkisyan Ermənistan xalqının dəstəyini qazanmamış, etimadlarını doğrultmamışlar. Bu isə onların ölkədə baş verən hadisələrə təsir etmək imkanlarını dəyərləndirildikdə nəzərə alına biləcək ən vacib amildir.
Xalq hakimiyyətdən, hakimiyyətin xalqa olan münasibətindən, hakimiyyətdə təmsil olunanlardan narazıdır. Həllini gözləyən problemlər, ağır sosial-iqtisadi durum, ölkədə geniş şəkildə vüsət alan mühacirət dalğası, siyasi çəkişmələr, seçki sistemindəki boşluqlar, məhkəmə sisteminin ölkə rəhbərliyi tərəfindən idarə olunması və bütün bunların fonunda respublika rəhbərliyinin işğalçı siyasətinin nəticəsində ölkənin müharibə şəraitində yaşaması xalqın səbir kasasının dolub daşmasına gətirib çıxartmaqdadır.
Newtimes