PDF Oxu

Araşdırma

  • 945

Qondarma seçkilər status-kvonu saxlamaq üçün atılan növbəti addımdır

Qondarma seçkilər status-kvonu saxlamaq üçün atılan növbəti addımdır

Bu günlərdə ölkə, eləcə də, region və dünya ictimaiyyətinin diqqət mərkəzində olan və media vasitələrinin də diqqət çəkdiyi əsas məsələlərdən bir kimi Ermənistan dövlətinin Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda özbaşınalıqla məşğul olması göstərilə bilər. Ərazilərimizin işğal olunduğu vaxtdan bəri bu məsələ ilə bağlı bir sıra misallar göstərmək olar. Dağlıq Qarabağda müxtəlif qanunsuz işlərin görülməsi, bu ərazilərdən ermənilərin öz mənafeləri üçün istifadə edilməsi, qanunsuz narkotik əkilməsi və alveri, Xankəndidə aeroportun açılmasına cəhd kimi məsələlər müxtəlif vaxtlarda gündəmdə olmuşdur. Son günlərdə isə Dağlıq Qarabağın separatçı rejimi tərəfindən qondarma prezident seçkilərinin keçirilməsi məsələsi ortaya atılıb ki, bu da nəinki Azərbaycan, eyni zamanda, dünya birliyi tərəfindən də pislənən bəyanatlarla qarşılanıb. İşğal altında olan ərazilərin nəzarətsiz qalmasından istifadə edən ermənilər heç bir qurum tərəfindən tanınmayan qondarma respublikanın "prezident"ini seçməyə qərar veriblər. Bu seçkilərin keçirilməsinin beynəlxalq prinsiplərə uymadığı və heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən də tanınmayacağını göstərən bəyanatlar bir neçə gündür ki, nüfuzlu ali qurumlar tərəfindən verilməkdədir. Avropa Birliyi, NATO eləcə də, bir sıra dövlətlərin müvafiq idarələrinin məsələ ilə bağlı verdiyi bəyanatları buna misal göstərmək kifayətdir.

Əlbəttə, bu gün müzakirə mövzusu bu seçkilərin keçirilib, keçirilməməsi yox, ermənilərin belə bir separatçı addım atmaqla nəyə nail olmaq istəməsidir. Artıq məlum məsələdir ki, Ermənistan işğalçı tərəf olmaqla bərabər, məsələnin həllində də maraqlı olmayan tərəf kimi özünü göstərmişdir. Danışıqlar prosesində qeyri-ciddilik, qeyri-səmimilik göstərən ermənilər mövcud status-kvonun saxlanılmasına çalışırlar ki, bu da münaqişənin həlli üçün mənfi amillərdən sayılır. İndi isə Ermənistan öz qeyri-konstruktiv mövqeyini qondarma Dağlıq Qarabağ respublikasında "prezident seçkiləri" keçirməklə nümayiş etdirmək istəyir. O, bir növ münaqişənin həllində maraqlı tərəf olmadığını və bununla da bölgədə sülhün bərqərar olmasına qarşı çıxdığını göstərmiş olur ki, bu da Ermənistanın bir dövlət kimi cinayət törətmiş olduğunu təsdiqləyir.

Beynəlxalq aləmdən təcrid olunması, günü-gündən inkişafdan geri qalması məhz Ermənistanın işğalçılıq siyasətinin nəticəsidir. Artıq Ermənistanın yaşamaq və fəaliyyət göstərmək üçün yararsız bir ölkəyə çevrilməsi təsdiqlənib. Ölkənin sosial problemlər içərisində batıb getməsi artıq qarşısıalınmaz bir hala çevrilib. Ermənistanın bu və digər problemlərinin açarı isə Dağlıq Qarabağdadır desək, yanılmarıq. Daha doğrusu, Dağlıq Qarabağın işğalından əl çəkməklə Ermənistan dünyaya inteqrasiyaya nail ola bilər. Bunu Ermənistan rəhbərliyi də, ölkə əhalisi də, elə Dağlıq Qarabağda məskunlaşmış və orada dövlət qurmaq niyyətində olan ermənilər də yaxşı anlayırlar. Amma görünür, hələ də özü-özünü idarə etmək bacarığında olmayan və havadarlarından asılı vəziyyətdə qalan ermənilər özlərini bataqlıqdan çıxara bilmirlər. Bunun üçün kifayət qədər siyasi iradələri və səriştələri çatışmır. Odur ki, onlar prezident seçkiləri kimi məsələləri gündəmə gətirməklə vaxt udmaq məqsədi daşıyırlar. Bu vaxt isə, əksinə olaraq, Azərbaycanın xeyirinə işləyir. Ermənistan isə günü-gündən geriyə doğru addım atır. Bu vəziyyətdə onun Dağlıq Qarabağın işğalını uzun müddətə davam etdirməsi qeyri-mümkün görünür.


Murad İSMAYILZADƏ

Digər xəbərlər