Böyük Britaniyanın nüfuzlu "Total Politics" jurnalının 50-ci yubiley nömrəsində "Azərbaycan: dünyaya yeni qapı" sərlövhəli geniş məqalə dərc edilib. Məqalədə Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe, ölkəmizin tarixi, zəngin mədəniyyəti haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, Azərbaycan rəhbərliyinin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkə son illər sürətlə inkişaf edir. Son səkkiz ildə Azərbaycanda ümumi daxili məhsulun üç dəfə artdığı qeyd olunan məqalədə ölkədə həyata keçirilən uğurlu layihələrin əhalinin rifah halını daha da yaxşılaşdırdığı vurğulanır.
Yazıda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın aşağıdakı sözləri sitat gətirilir: "Azərbaycanın uğurları göz qabağındadır. Dövlət büdcəsi 16 dəfə artmış, ölkədə minlərlə məktəb, yüzlərlə səhiyyə müəssisəsi, onlarla idman kompleksi tikilmişdir. Yoxsulluğun səviyyəsi beş dəfə azalaraq, 49 faizdən 9 faizə enmişdir. Sevimli paytaxtımız Bakı şəhəri çox dəyişib. Bütün bunlar Azərbaycanda inkişafın səviyyəsini aydın şəkildə nümayiş etdirir. Bu gün bütün dünya Azərbaycanı neft və qaz ixracatçısı kimi tanıyır, lakin bizim tariximiz və mədəniyyətimiz milli irsimizin mühüm aspektləridir".
Məqalədə o da diqqətə çatdırılır ki, Azərbaycanın xarici siyasəti beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də, dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət, daxili işlərinə qarışmamaq prinsiplərinə söykənir.
Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də ətraflı bəhs edilir. Bildirilir ki, bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, bir milyondan artıq azərbaycanlı doğma torpaqlarında qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, işğal hələ də davam edir.
Regional sülh və təhlükəsizliyin təmini, uğurlu əməkdaşlıq və mühüm layihələrin həyata keçirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Məqalədə göstərildiyi kimi, regional və qlobal səviyyələrdə ikitərəfli və çoxtərəfli əlaqələrini getdikcə daha da genişləndirən Azərbaycan demokratik inkişaf yolu ilə irəliləyir. Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumların fəal üzvü, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın təsisçilərindən biridir. Əfqanıstanda sülhməramlı əməliyyatlara mühüm töhfə verən Azərbaycan NATO və Avropa Birliyi ilə də əlaqələrini inkişaf etdirir.
Yazıda qeyd edilir ki, Azərbaycanın uğurlu daxili və xarici siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz onun dövlətçilik bacarığı, uzaqgörənliyi mürəkkəb regionda yerləşən Azərbaycanın xarici siyasətdə uğurlarını reallaşdırmışdır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanın uğurlu neft strategiyasının reallaşmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərinin xüsusi vurğulandığı yazıda "Əsrin müqaviləsi"nin imzalanması müasir tariximizin ən parlaq səhifələrindən biri kimi qiymətləndirilir, neftimizi dünya bazarlarına çıxaran Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan boru kəmərlərindən geniş bəhs edilir. Bu gün Azərbaycan dünyaya təkcə xam neft deyil, həm də neft məhsullarını ixrac edən ölkə kimi tanınır.
Müəllif yazıda Azərbaycanın həm də zəngin mədəniyyəti ilə bütün dünyada məşhur olduğunu göstərir. Ölkəmizdə xalçaçılıq sənətinin tarixinin çox qədim olduğu bildirilən müəllif, xalq tətbiqi incəsənətinin bu sahəsinin turistlərin diqqətini xüsusilə cəlb etdiyini göstərir. Azərbaycanın rəngarəng və əntiq xalçaları hələ orta əsrlərdən bütün dünyada məşhurdur. Azərbaycan xalçalarının nümunələrinə dünyanın ən məşhur muzeylərində - Parisdəki Luvr, Nyu-Yorkdakı Metropolitan, Londondakı Viktoriya və Albert muzeylərində də rast gəlmək mümkündür. Təsadüfi deyildir ki, Azərbaycan xalçaları YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Məqalədə Azərbaycanın zəngin musiqi mədəniyyətinin incisi olan muğam haqqında da ətraflı məlumat verilir. Bildirilir ki, 2003-cü ildə muğam YUNESKO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri" siyahısına daxil edilmişdir.
ZÜMRÜD