PDF Oxu

Araşdırma

  • 1 668

Avropada böhran dərinləşir və işsizlik artır

Avropada böhran dərinləşir və işsizlik artır

Avropanın nüfuzlu iqtisadi qurumlarından olan "Avrostat" statistika təşkilatı avrozonada işsizliyin vəziyyətinə dair araşdırmalar aparıb və yekun məlumatları dərc edib. Qurumun məlumatına əsasən, hazırda avrozonada işsizliyin səviyyəsi 10,8 təşkil edir. Hazırda Avropada 17,4 milyon insan iş axtarışındadır. İşsizlik bütün avrozona ölkələrini bürüyüb və artmağa doğru gedir. Almaniya, Fransa, İtaliya, İspaniya kimi inkişaf etmiş dövlətlərdə də iş yerləri axtaran insanların sayı durmadan artır. "Avrostat" qeyd edir ki, mövcud vəziyyət 2012-2013-cü illərdə avrozonada işsizliyin səviyyəsinin daha da artacağından xəbər verir.

Avropadakı bu durumdan fərqli olaraq Azərbaycanda işsizliyin səviyyəsi davamlı şəkildə azalmağa doğru gedir. Azərbaycan hökumətinin əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirdiyi sistemli tədbirlər əhalinin iqtisadi fəallığının yüksəlməsinə səbəb olmaqdadır. 2012-ci ilin birinci yarısının sosial -iqtisadi inkişaf göstəricilərinə əsasən, hazırda ölkəmizdə işsizlik səviyyəsi 5,4 faiz təşkil edir. Bu göstərici ümümdünya göstəricisinə tam uyğundur, hətta bir çox inkişaf etmiş dövlətlərlə müqayisədə daha yaxşıdır. Xüsusilə də, Avropa ölkələrinin əksəriyyətinin işsizlik üzrə göstəricilərindən aşağıdır.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlər işsizliyin səviyyəsinin azalmasında mühüm rol oynamaqdadır. Hökumətin bölgələrdə əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirdiyi sistemli tədbirlər əhalinin regionlarda yeni iş yerləri ilə təmin olunmasına, onların iqtisadi fəallığının yüksəlməsinə səbəb olub. Son 9 ildə regionlarda 1 milyondan artıq yeni iş yerlərinin yaradılması işsizlik səviyyəsinin 6 dəfəyə yaxın azalmasına səbəb olub ki, bu da dünyada ən yüksək göstərici sayıla bilər. Hazırda iqtisadi fəal sayı 4 milyon 300 min nəfərə yaxındır. Bu, onu göstərir ki, ölkədə əhalinin həyat səviyyəsi və onun keyfiyyətinin yüksəldilməsi üçün mövcud insan resurslarından, ilk növbədə, əmək qabiliyyətli əhalinin potensialından səmərəli istifadə edilir. Regional inkişaf və digər məqsədli dövlət proqramlarının həyata keçirilməsi ölkədə işsizlik səviyyəsinin yaxın 5 ildə 3 faizədək azalmasına səbəb olacaq.

Nəzərə almaq lazımdır ki, məşğulluğun yüksək səviyyədə təmin olunması, öz növbəsində, ölkədə olan məhsuldar qüvvələrdən səmərəli istifadəyə gətirib çıxarır. İşsizliyin yüksək səviyyədə olduğu ölkələrdə işçi qüvvəsindən yarımçıq istifadə nəticəsində iqtisadi ststem özünün istehsal imkanlarından tam istifadə edə bilmir. İşsizlik, həmçinin, insanların həyati vacib maraqlarına ciddi zərbə vurur və onları yaşayış uğrunda mübarizə aparmaq hüdudlarına gətirib çıxarır. Beləliklə, işsizliyin səviyyəsi hər bir ölkədə iqtisadiyyatın ümumi vəziyyətinin əsas göstəricilərindən biri kimi çıxış edir.

Hazırda Azərbaycanda düşünülmüş iqtisadi siyasətin alt komponentlərindən biri kimi məşğulluq siyasəti mövcuddur və bu siyasət ölkəmizin oturuşmuş iqtisadi sistemə əsaslanır. Respublikamızda məşğulluğun təmin olunması baxımından ciddi tədbilər həyata keçirilir. Prezident İlham Əliyev məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin müəllifi kimi çevik və operativ addımlar atmaqla insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail oldu. Azərbaycanda ümumi makroiqtisadi artım templəri əyani şəkildə istehsal müəssisələrinin rentabelli fəaliyyətini göstərir, eyni zamanda, insanların məşğulluğunun təmin olunduğunu şərtləndirir. Bu amillər isə, son nəticədə, işsizliyin səviyyəsinin aşağı düşdüyünü ifadə etmiş olur. Son illərdə milli sosial və iqtisadi müdafiə sisteminin və yoxsulluğun azaldılmasına və yeni iş yerlərinin yaradılması, işçi qüvvəsinin hazırlıq və rəqabətliliyini, və nəticədə, məşğulluğunun artırılması məqsədilə təkmil mexanizmlərin tətbiq olunması, regionlarda reabilitasiya mərkəzlərinin təşkili məşğulluq strategiyasının çox uğurlu nəticələrə səbəb olduğunu şərtləndirir.

Prezident İlham Əliyev insanların məşğululuğuna xüsusi diqqət ayırdığından, davamlı olaraq, bölgələrə səfərləri zamanı insanların iş yerləri ilə təmin olunmaları ilə maraqlanır, işsiz olan bütün insanların işlə təmin olunması üçün yeni müəssisələrin yaradılmasını tövsiyə edir. Dövlət başçısının qəsəbə və kəndlərə səfərləri ölkə vətəndaşlarının sosial vəziyyəti, onların arzu və istəkləri, qayğıları ilə tanış olmaq baxımından mühüm fayda verir. Prezident hər bir vətəndaşla, sosial təbəqənin üzvü ilə birbaşa sıx ünsiyyət quraraq, onların hər bir probleminə həssas yanaşır, çatışmazlıqların aradan qaldırılması yollarını müzakirə edir, lazımi tövsiyələrini verir. Cəmiyyətin hər bir təbəqəsinin sosial şəraiti ilə maraqlanan, açıq fikir mübadiləsi yürüdən dövlət başçısının bu addımları insanlara olan səmimiyyətinin, doğma münasibətinin, vətəndaşların hər bir istək və arzusunun yerinə yetirilməsi üçün bütün səylərini əsirgəmədiyinin bariz nümunəsidir.

Prezident İlham Əliyevin, mütəmadi olaraq, davamlı xarakter alan bu səfərləri Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən edilməsini və həyata keçirilməsini təmin edir.

Əhalinin məşğulluğunun artımında icrası başa çatan və hazırda icra olunan digər dövlət proqramlarının da rolunu xüsusi vurğulamaq lazımdır. Məsələn, son illər əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digər vacib sənədlər imzalanaraq, həyata keçirilir. Vətəndaşların əmək hüquqlarının qorunması, sosial müdafiə sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi istiqamətində daha bir vacib addım 2011-ci il 15 noyabr tarixində "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın təsdiqlənməsidir.

Bu proqram əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edəcək - "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər)" ikinci mərhələsini reallaşdıracaq. Sənəd bir sıra strateji məqsədləri özündə ehtiva edir. Makroiqtisadi sabitliyin və qeyri-neft sektorunun tarazlı inkişafının təmin edilməsi, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi, təhsil və səhiyyə sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi məsələləri Dövlət Proqramında dəqiqliklə əksini tapıb. Bu tədbirlər nəticəsində 2015-ci ilədək ölkədə işsizlik səviyyəsinin 3-4% həddinədək, yoxsulluğun səviyyəsinin isə 2 dəfə azaldılması nəzərdə tutulur.


"Səs" Analitik Qrupu

Digər xəbərlər