Dünyanın aparıcı hissəsi – Qərb artıq dünyada gedən proseslərin çoxuna öz mövqeyindən baxmağa üstünlük verir və bunu normal hesab edir. Qərb bu cür mövqeni əsaslandırmağa belə ehtiyac duymur. Belə ki, beynəlxalq aləmdə bu gün baş verən hadisə və proseslərin bir-biri ilə əlaqəsi heç kimdə şübhə doğurmur. Lakin Qərb sıx bağlılığı olan proseslər arasında əlaqənin olmadığını deyib, bu mövqeyini hansı yolla olur-olsun qəbul etdirmək üçün açıq və kobud təzyiqdən belə çəkinmir.
Bu aspektdə bir məsələyə diqqət edək.1988-1993-cü illərdə havadarlarının birbaşa dəstəyi ilə erməni silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal etdilər. Bu torpaqları Ermənistan hətta BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsindən sonra da işğal altında saxladı. Onda Türkiyə hökuməti işğalın davam etməsinə etiraz edərək beynəlxalq hüquqa hörmət əlaməti kimi 1993-cü ildə Ermənistanla sərhədləri bağladı. O vaxtdan Türkiyə bu mövqeyində prinsipial olaraq qalır. Əslində, burada qeyri-adi heç nə yoxdur. Beynəlxalq münasibətlərdə müxtəlif səbəblərdən sanksiyalar tətbiq etmək ABŞ, Avropa İttifaqı tərəfindən sevimli və təsirli metod kimi tez-tez tətbiq olunur. Bu, məqsədə çatmaq üçün səmərəli yol hesab edilir.Düşünmək olardı ki, Azərbaycanın BMT və beynəlxalq birlik tərəfindən haqlı olaraq tanınan ərazilərini artıq 20 ildən çoxdur ki, işğal altında saxlayan Ermənistana Türkiyənin bu münasibəti normal sayılmalıdır.Görünür, bu cür düşünmək sadəlövhlükdür. Belə olmasaydı, 20 ildən artıq Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın əvəzinə Azərbaycan əsassız, qərəzli Azadlığı dəstək aktına 907-ci düzəlişlə blokada bəhanəsi ilə cəzalandırılmazdı.Amma, deyəsən, bu da azmış kimi Qərbin işğalçı Ermənistanı dəstəkləmək arsenalında başqa məqamları da müşahidə etməli oluruq. Məsələn, Ermənistan işğal altında saxladığı tarixi Azərbaycan ərazilərindən bir hissəsinə – Dağlıq Qarabağa iddia edir, lakin beynəlxalq hüququ formalaşdıran dünya dövlətləri Dağlıq Qarabağ və onun ətrafındakı rayonların azad edilməsi üçün konkret addım atmırlar. Əvəzində, işğalçı dövlətə – Ermənistana dəstək məqsədilə müxtəlif planlar hazırlamaqdan çəkinmirlər. Bu planlardan biri haqqında fikir yürütməzdən əvvəl başqa tarixi hadisəyə nəzər salaq.
Tarix təkrar olunur?
2010-cu il aprelin 4-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Ermənistan prezidenti Serj Sarqsyanın Vaşinqtonda görüşü oldu. Ondan əvvəl S.Sarqsyan ABŞ-ın 28-ci prezidenti Vudro Vilsonun məzarını ziyarət etmişdi. Erməni mətbuatının "Potomak sahillərində görüş" adlandırdığı Ərdoğan-Sarqsyan danışıqlarından qabaq, Ermənistan dövlətinin başçısı niyə V.Vilsonun məzarına təşəkkür və hörmət çələngi qoyurdu? Bu suala cavab vermək üçün bu görüşdən 90 il əvvəl dünya siyasətində baş verən bir hadisəyə qayıdaq.1920-ci il avqustun 20-də Fransanın Sevr şəhərində Türkiyənin zəif durumda olmasından istifadə edilərək bir müqavilə imzalandı. Müqaviləyə ABŞ prezidenti V.Vilsonun təşəbbüsü ilə "Ermənistan" bəndi salındı. Həmin bənddə göstərilirdi ki, Türkiyə Van, Muş və Bitlisin üçdə ikisini, bütövlükdə Ərzurumu və Tarabzonun böyük hissəsini ermənilərə verməlidir. Nəticədə, Ermənistanın ərazisi 150 min kv.km təşkil edir və Qara dənizə çıxışı yaranırdı...Şübhəsiz ki, Sevr sazişinin Ermənistanla bağlı maddəsi yerinə yetirilmədi. Bunun səbəbi haqqında bir çox araşdırmalar aparılıb. Onlardan biri Ermənistan Milli Təhlükəszilik Xidmətinin keçmiş əməkdaşı David Ohanyana məxsusdur.D.Ohanyan 1918-1920-ci illərdə Ermənistan məxfi orqanları üçün yazılmış bir hesabatı təhlil edib (1). O, belə qənaətə gəlib ki, həmin sazişdə erməni məsələsini Qərb dövlətləri Ermənistanın Rusiyanın tərəfinə keçməməsi üçün nəzərə alıblar. Paralel olaraq isə məqsəd Türkiyəni daim təzyiq altında saxlamaq, hər an ona parçalana bilinəcəyini xatırlatmaq olub. Bundan 1-ci və 2-ci dünya müharibələrindən sonra istifadə ediblər. Ermənilər Sevr sazişinə Ermənistan məsələsinin süni surətdə, əsassız olaraq daxil edildiyini bilirlər, lakin ümid edirlər ki, Türkiyə nə vaxtsa parçalanacaq və onlar yeni ərazilərə Sevr sazişi əsasında iddia edəcəklər.S.Sarqsyan bu ümidlə R.T.Ərdoğanla "Patomak sahilləri"ndə görüşə V.Vilsonu ziyarətdən sonra gedib. O, bununla Türkiyə tərəfə mesaj verib ki, biz sizin ölkənin parçalanacağı günü bayram edəcəyik.2010-cu ildə Sevr sazişinin 90 illiyi tamam oldu. Bu dəfə ermənilərə yeni bir hədiyyə təqdim edildi. 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində maraqlı bir hadisə oldu. Fransa, ABŞ, Rusiya, Ermənistan, Türkiyə və İsveçrənin xarici işlər nazirləri bir yerə toplaşıb, sanki qeyri-adi müdriklik və qətiyyət nümayiş etdirərək Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasını özündə təsbit edən protokolu böyük təntənə ilə imzaladılar. Bu prosesin ən maraqlı tərəfi onda idi ki, protokolun imzalanması üçün danışıqlar təxminən iki il ərzində İsveçrənin vasitəçiliyi ilə gizli aparılmışdı.Bunu Pandoranın sandığının açılmasına bənzəyən hadisə saymaq olar. Birincisi ona görə ki, məsələ ilə bağlı danışıqlar gizli aparılmışdı. Nə üçün gizli? Kimdən nəyi və niyə gizlədirdilər? Düzgün, əsaslı mövqeni niyə gizlətmək lazımdır? Məlumdur, adətən, hansı işlər gizli görülür...İkincisi, ən böyük "siyasi ixtira" o oldu ki, təntənəli surətdə sərhədlərin bağlı saxlanmasının münaqişə ilə əlaqəsinin olmadığı bəyan edildi. Yəni 20 il ərzində Türkiyə rəhbərlərinin öz mövqelərində qalmaları, sərhədi açmamaları reallığa əsaslanmamışdır.Həqiqət başqa yerdəymiş. Təbii sual yaranır: "Onda Türkiyə bu 20 ildə sərhədləri nə üçün bağlı saxlayırmış"? Bu sualda ifadə olunan adi məntiq, deyəsən, heç kim üçün vacib deyil. Gizli danışıqları təşkil edənlərin isə məntiqi çox süni görünür: "Həqiqət toplaşanların dediyindədir".
Yeni ssenari
Əslində, problemin kökü dərindədir. Məsələnin mahiyyəti dünyanın qlobal güclərinin hakimiyyət dəhlizlərinə və gizli arxivlərdəki faktlara gedib çıxır. 2010-cu ilin aprelində Ağ Evin mətbuat katibi Mayk Hammer bəyan etmişdi ki, "ABŞ üçün Ermənistanla ikitərəfli münasibətləri inkişaf etdirmək, xüsusilə, Vaşinqtonun alqışladığı erməni-türk protokollarını nəzərə alsaq, çox vacibdir" (2).Rusiya Elmlər Akademiyasının Qara dəniz və Aralıq dənizi problemləri mərkəzinin direktoru, tarix elmləri doktoru Alla Yazıkova təsdiq edir ki, "Arxivə atılan Sürix protokolları ABŞ-ı (yalnız ABŞ-ı yox) ciddi surətdə həyəcanlandırdı" (3).2011-ci ilin avqust ayında isə KİV-də diqqəti çəkən bir informasiya getdi. ABŞ-ın dövlət katibi Türkiyə rəhbərliyi ilə Dağlıq Qarabağ problemini müzakirə edib. Müzakirə zamanı H.Klinton Ermənistanın Qara dənizə çıxışını təmin etməyin vacib olduğunu deyib. H.Klinton bildirib ki, "biz hələ prezident V.Vilsonun ermənilərə verdiyi vədi yerinə yetirməliyik" (4). Yəni Ermənistanın Trabzon limanına çıxışı olmalıdır. Aydındır: Türkiyə-Ermənistan gizli danışıqlarının yenidən təşkil edilməsinin arxasında 92 illik tarixi olan bir siyasət durur.ABŞ dövlət katibi H.Klintonun bu ilin iyununda İrəvanda Türkiyəni Ermənistanla münasibətləri normallaşdırmamaqda təqsirli bilməsinin tarixçəsi olub. Okeanın o tayında köhnə Sevr sazişinin "yeni Sürix səhnəsi" üçün ssenari yazanlar var.Danışıqların gizli aparılması da dünyanın ən güclü dövlətinin gizli planlarını pərdələmək üçün imiş. Danışıqların aparılmasının Türkiyəyə heç bir xeyri yoxdur. Onun "qazancı" ərazisinin bir hissəsinin de-yure olmasa da, de-fakto itirilməsi və Azərbaycanı özündən kənar salması olacaqdır. Azərbaycan ictimaiyyətinin həmin protokollara etirazları yaddan çıxmayıb. Türk xalqı da Azərbaycanın mövqeyini dəstəkləmişdi.
Özlüyündə Türkiyəni hansı oyuna salmaq istədikləri aydındır. Azərbaycanın torpaqlarının 20%-i 20-ildən çoxdur ki, işğal edilib. Bununla bağlı Minsk qrupunun həmsədr dövlətləri səmərəli fəaliyyət göstərmirlər. Azərbaycan torpaqları işğal altında qala-qala Ermənistanın Qara dənizə çıxışının olması üçün geosiyasi planlar qururlar. Yəni Qərb Qafqazda Rusiyanın fəallaşmasından ehtiyatlanıb, region dövlətlərini təsir dairəsində saxlamağa çalışırlar.92 il bundan əvvəl olduğu kimi, Ermənistanı dəstəkləmək üçün Qərb geosiyasi planlar işləyib hazırlayır. Rusiya xarici siyasətinin yeni prioritetlərini elan edəndən sonra Qərbdə siyasi dairələr narahat olublar. Cənubi Qafqazda Rusiyanın ən yaxın müttəfiqi Ermənistandır. Onu Qərb öz təsiri altına almaq üçün çox vədlər verə bilər.Bir neçə aydır, erməni KİV-i Ermənistanın geosiyasi seçimini müzakirə edir. Səslənən təkliflərdə Ermənistanın Qərbə meyl etməsinin daha doğru olduğunu anlatmağa çalışırlar. Görünür, ermənilər bu dəfə Qərb dövlətləri tərəfindən aldanmayacaqlarına əmindirlər. Bəs Türkiyə nə üçün bu situasiyaya düşür?Ermənistan sözdə bəzi vədlər verə bilər, lakin sərhədlər açılan kimi öz bildiyini edəcək. Əslində, Ermənistan rəhbərliyi açıq bəyan edir ki, "soyqırımı" məsələsi müzakirə mövzusu ola bilməz. Əgər rəsmi Ankara ümid edirsə ki, gizli danışıqlarla erməniləri konstruktiv mövqeyə gətirəcək, "soyqırımı" məsələsini gündəmdən çıxaracaq və Ermənistan Türkiyə ərazilərinə Ana Yasasındakı iddialarını kənara qoyacaq, yanılır.Türkiyənin dövlət maraqlarına uyğun gələn bir çıxış yolu var: Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çəkiləndən, Türkiyə torpaqlarına iddialarından və soyqırımı kampaniyasından əl çəkəndən və mehriban qonşuluğa hazır olduqlarını bildirəndən sonra, onlarla danışmaq olar.
Newtimes.az