Yoxsa gizli planın bir hissəsi?
Dünən "Səs" qəzetində, eləcə də, ölkə KİV-ində Ukrayna dövlətinin Ermənistana gizli silah satması ilə bağlı verilən xəbərlərə bu gün aydınlıq gətirildi. Belə ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Sergey Qmızın prezident Viktor Yanukoviçə ünvanladığı məxfi məktubda Ermənistana gizli və qeyri-qanuni silah satılması ilə bağlı məqamlar yer almışdı. Məlumat yayıldıqdan bir gün sonra isə Ukraynanın Azərbaycandakı səfirliyi məsələ ilə bağlı açıqlama yaydı.
Ukraynanın 2011-ci ildə gizli yolla Ermənistana silah satması haqqında məlumatlarla bağlı bu ölkənin Azərbaycandakı səfirliyi bəyanat yayıb. Səfirlikdən APA-ya daxil olan bəyanatda bildirilir ki, yayılmış xəbərdə istinad olunan Ukrayna Müdafiə Nazirliyinin Ukrayna prezidentinə məktubunun surəti 8 avqust 2012-ci il tarixdə Ukrayna saytlarından birində yerləşdirilib və saxtadır.
Səfirlik hesab edir ki, bu təxribatın məqsədi ənənəvi Ukrayna-Azərbaycan dostluq münasibətlərinə zərər vurmaqdır. "Bu münasibətlərin strateji xarakter daşıması Ukrayna xarici siyasəti üçün dəyişməz və prioritetdir", - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, yayılmış məlumatda bildirilir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Sergey Qmızın prezident Viktor Yanukoviçə ünvanladığı məxfi məktubda bu ölkənin əsas silah ixracatçısı olan "Ukrspesexport" Dövlət Müəssisəsi ilə Ermənistanın "DG Arms Corporation" şirkəti arasında "Smerç" reaktiv yaylım atəş sistemi, onun raketləri (12 ədəd) və "İqla" tipli 50 ədəd portativ zenit-raket kompleksinin çatdırılması yolları göstərilib.
Bu məktubun yayılması və ondan bir gün sonra səfirlik tərəfindən təkzib olunması məsələ ətrafında qeyri-müəyyənlik yaradır. Belə ki, əgər bir tərəfdən bu məsələ, həqiqətən də, göründüyü kimi qəbul oluna bilərsə, digər tərəfdən bunun heç də belə olmadığı düşünülə bilər. Axı Azərbaycanla münasibətləri pozmamaq və planın üstü açılacağı təqdirdə, onu təkzib etmək də plana daxil idi. Yəni ola bilər ki, səfirlik tərəfindən verilən bu təkzib gerçəkliyə uyğun olmasın. Axı hələ Ukrayna prezidenti və Ukrayna Baş Kəşfiyyat idarəsinin rəisi Sergey Qmız bunula bağlı təkzib verməyib. Bu səbəbdən də, hələ ki, Azərbaycan tərəfi məsələnin araşdırılmasının tərəfdarıdır.
Ukrayna səfirliyi elə düşünməsin ki, təkzib məlumatı verildi və bununla məsələ bağlandı. Xeyr, bu, heç də belə deyil. Bu məsələnin ortaya çıxmasının özü belə müəyyən şübhələr yaradır ki, Ukraynanın Ermənistanla gizli hərbi əlaqələri var. Belə olacağı təqdirdə, yəni bu ehtimalın öz təsdiqini tapacağı halda isə, Ukrayna-Azərbaycan münasibətlərinə böyük zərbə dəyəcək ki, bundan da daha çox əziyyət çəkən Ukrayna tərəfi olacaq. Odur ki, Ukrayna tərəfi bununla bağlı ciddi fikirləşməli və götür-qoy etməlidir. İşğalçı ölkəyə silah satmaqla, nəinki Ukrayna hər hansı bir dövlət özünü beynəlxalq aləmə və xüsusilə də, Azərbaycana qarşı qoyur.
Murad İSMAYILZADƏ