Bu günlərdə Ukrayna dövlətinin Ermənistana silah satması və bunun ətrafında yayılan xəbərlər gündəmi zəbt etməkdə davam edir. Azərbaycan tərəfindən sərt reaksiya verilən bu məsələyə ictimaiyyət nümayəndələri də öz münasibətlərini bildirməklə bunun yolverilməz olduğunu bildirirlər. Ukraynanın işğalçı ölkəyə dəstəyinin yeni konturlarının üzə çıxması isə məsələnin nə dərəcədə ciddi olmasından xəbər verir.
Bununla bağlı danışmazdan əvvəl xatırladım ki, bir neçə gün bundan öncə, Ukraynanın Ermənistana gizli silah satması ilə bağlı məxfi planın üstü açıldı və bu, kütləvi şəkildə yayımlandı. Lakin elə məsələyə bir gün sonra Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən aydınlıq gətirildi. Ukrayna tərəfi bunun uydurma olduğunu və reallığı əks etdirmədiyini bildirdi. Üstəlik, Ermənistan tərəfi də məsələ ilə bağlı mövqe açıqlayaraq, bunun dezinformasiya olduğunu qeyd edib. Lakin təbii ki, Azərbaycan tərəfi də bununla kifayətlənmir və məsələnin araşdırılmasının tərəfdarıdır. Qeyd edim ki, adıçəkilən gizli planda da məlumatın üstünün açılacağı təqdirdə, onun təkzib edilməsi planın bir hissəsi kimi nəzərdə tutulur. Ümumiyyətlə, belə bir məlumatın yayılması Azərbaycanla Ukrayna arasında münasibətlər baxımından da çox böyük narazılığa səbəb ola bilər. Odur ki, bunu da nəzərə alan Ukrayna hökuməti məsələnin yalan olduğunu sübut eləməyə çalışır.
Əlbəttə, bu məslənin doğruluğuna yalnız aparılan araşdırmalardan sonra aydınlıq gətiriləcək. Lakin bu xəbərin yayılması belə Ukraynanın işğalçı rejimə yardımı ilə bağlı şübhələr yaradır. Bunun səbəbi və arxasında duran əsas məqsəd nədən ibarətdir? Ukraynanın son zamanlar ermənilər üçün əlverişli ölklərdən birinə çevrilməsinin səbəblərinə nəzər saldıqda, bir sıra mətləblər ortaya çıxır. Belə ki, bir müddət bundan öncə, prezident Viktor Yanukoviç ölkədə yaşayan milli azlıqlara öz dillərində danışmaq və ondan ikinci dil kimi istifadə etmək icazəsini verməklə, bir növ ölkədə yaşayan çoxlu sayda erməniyə azadlıq vermiş oldu. Bu da Ukrayna dövlətindən ermənilərə daha bir fürsət. Yanukoviçin prezident seçilməsindən sonra yürütdüyü Rusiya yönümlü siyasət, nəhayət ki, özünü ermənilərə dəstəkdə də göstərdi. Elə silah satışında Rusiyanın əlinin olması barədə ehtimallar da bunu deməyə əsas verir. Qeyd edim ki, Ukraynanın Ermənistana satmalı olduğu silahlar məhz Rusiyada istehsal olunur.
Ukraynanın silah satması ilə bağlı ehtimalları doğruldan amillərdən biri də ötən ilə Ermənistanda keçirilən paradda gizli planda adları çəkilən silahların nümayişidir. Təbii ki, bu silahlar heç də ən yüksək səviyyəli və böyük bir dağıdıcı əhəmiyyət malik silahlar deyil. Azərbaycan tərəfində bu silahlar bundan bir neçə il əvvəldən mövcuddur. Yəni Ermənistanın düşmən tərəf kimi göstərilən silahlara sahib olması Azərbaycan tərəfində hansısa narahatlıq doğura bilməz. Çünki ölkəmizdə bundan da güclü silahlar var və ildən- ilə təkmilləşdirilir. Lakin Ukraynanın işğalçı ölkəyə dəstəyi və gizli yolla bunu həyata keçirməsi birmənalı qarşılana bilməz. Ötən dövr ərzində Azərbaycanla sıx əməkdaşlıq münasibətləri quran Ukrayna dövlətinin bundan lazımi qədər faydalandığı halda, Ermənistanla bu cür münasibətləri heç də anlaşılan deyil. İşğalçı ölkəyə verilən dəstək, heç şübhəsiz ki, yalnız və yalnız Ukrayna dövlətinin əleyhinədir və onun post-sovet məkanında müttəfiqlərindən birinin itirilməsinə gətirib çıxara bilər.
Yuxarıda da qeyd etdiyim kimi, Ukraynanın bu davranışını yalnız bir amillə bağlamaq olar. Rusiyanın gələcək perspektiv üçün MDB ölkələri ilə bağlı müəyyən etdiyi xarici siyasətinin bir hissəsi də, görünür, məhz Ukrayna ilə bağlıdır. Ukraynanı öz tərəfinə çəkməklə ondan da öz məqsədləri üçün istifadə etmək istəyi Rusiyanın ağalığını təmin etmək siyasətinin tərkib hissəsidir. Görünür, bunu həyata keçirmək üçün rəsmi Moskva Ukraynaya təzyiq vasitələrindən və oradakı adamlarından istifadə etməyə çalışır. Elə Baş Kəşfiyyat İdarəsinin rəisi general-mayor Sergey Qmızın Rusiyanın adamı olduğu barədə ehtimallar da bununla bağlıdır.
Lakin bütün bunlara baxmayaraq, Ukrayna rəhbərliyi atdığı addımlarda, xüsusilə, ermənilərə dəstəyi ilə bağlı öz hərəkətlərində diqqətli olmalı, Azərbaycanla və beynəlxalq ictimaiyyətlə yaranacaq ciddi problemləri nəzərə almalıdır. Çünki bu gün Ukrayna Ermənistanla münasibətlərdə heç bir mənfəət əldə edə bilməz.
Murad İSMAYILZADƏ