PDF Oxu

Araşdırma

  • 5 651

İranın molla rejimi azərbaycanlı vətəndaşlara etinasız yanaşır

Vərzigandan olan azərbaycanlı millət vəkili Allahverdi Behqan: "150000-ə yaxın azərbaycanlı ac və susuzdur"

İranın molla rejimi azərbaycanlı vətəndaşlara etinasız yanaşır

Cənubi Azərbaycanda baş vermiş təbii fəlakət zamanı İranın molla rejimi bu ölkədə yaşayan azərbaycanlılara qarşı ikili münasibətini göstərdi. İlk olaraq, zəlzələdən sonra matəm elan edilməsi gecikdi. Həmçinin, matəm yalnız zəlzələnin olduğu Şərqi Azərbaycan vilayətinə şamil edildi. Dağıntı altında qalan vətəndaşların çıxarılması, xilasetmə işləri vaxtından çox tez dayandırıldı. Türkiyədən və Azərbaycandan gedən ərzaq yardımı İran sərhədindən buraxılmadı və s. Rəsmi rəqəmlərə görə, zəlzələdə 350 nəfər həyatını itirib. Bu da gün kimi aydındır ki, gecə baş vermiş təbii fəlakətlərdə insan təlafatı daha ağır olur. Fəlakət nəticəsində dünyasını dəyişənlərin sayı 10 dəfə azaldılıb.Bütün bunlar azmış kimi, İran molla rejiminin prezidenti Mahmud Əhmədinejad ölkəsində heç bir fəlakət baş verməmiş kimi, İran ərazisini tərk edib Məkkədə keçirilən konfransa qatılmağı üstün tutdu. Qeyd edək ki, hələ də İranın dövlət rəsmilərindən heç kim hadisə yerinə səfər etməyib.

İranın molla rejimi hadisə baş verən yerə heç bir ciddi yardım etmir. Dağıntılar altında yaxınlarını axtaran saysız-hesabsız insanlar var. Fəlakət baş vermiş ərazidəki insanlar ac-susuz, evsiz, köməksiz qalıb. Bununla kini-küdurəti azalmayan molla rejimi ərazini blokadaya alıb ki, heç bir yardım edilməsin. Yardım göstərmək istəyən ölkələrin, hətta sadə vətəndaşların yardımı qəbul edilmir. Yardım üçün gedənlər isə dərhal həbs edilir.

İranın molla rejiminin azərbaycanlılara qarşı qeyri-insani davranışı ilə bağlı molla rejimindən qaçıb Bakıya pənah gətirmiş şair-yazar Sayman Aruz isə deyib ki, İranda-Şərqi Azərbaycanda olan zəlzələdə 1200 ev dağılıb, 155000 insan zəlzələ nəticəsində xəsarət alıb. Amma İran hakimiyyəti ölən və yaralananların sayını dəqiq deməkdən boyun qaçırır. Hadisədən 48 saat sonra İran prezidenti Mahmud Əhmədiejad və İran Qızıl Aypara Cəmiyyətinin sədri Tahir Rüstəmi hadisəyə münasibət bildirmədən, xarici səfərə çıxıb. Hadisədən sonra Vərziganın millət vəkili Allahverdi Behqan İran hakimiyyətinin etinasızlığından danışıb. O bildirib ki, faciənin qurbanlarının sayı yalandan deyilib: "Hakimiyyət zərərdidələrə qarşı etinasızlıq və qəddarlıq nümayiş etdirir. İran dövlətinin radio və televiziyaları hadisə haqda informasiya verməyib. Yalnız Təbriz əyalətinin qəzet və saytları fəlakət haqda məlumat yayıb. Hadisədə 34200 ailənin evi dağılıb və yardım qrupları isə yalnız 2606 vətəndaşa yardım göstərib. Bu, Allaha xoş getməyən addımdır, bunun qarşısı alınmalıdır. Halbuki İran Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi yalnız 5000 insana ərzaq çatdırıldığının hesabatını açıqlayıb. 150000-ə yaxın azərbaycanlı ac və susuzdur. Hadisədə 1010 kənd xəsarət görüb, 20 kənd yer üzündən silinib, 130 kənd isə 70-dən 100%- ə qədər dağıdılıb. Amma yalnız 97 təcili yardım maşını və vertolyot işə cəlb edilib". Hadisənin şahidləri deyir ki, 53 kəndə nə ərzaq, nə də başqa yardım gedib. Hələ bu azmış kimi, insanların özlərinin topladığı yardımlarının belə xəsarət alanlara çatdırılmasına mane olurlar. Bu zəlzələ bir daha sübut etdi ki, İran hakimiyyəti azərbaycanlı vətəndaşlarına biganə yanaşır və onların taleyi qəti şəkildə İran hakimiyyətini maraqlandırmır".

QİSMƏT ZƏNGİBASARLI

Digər xəbərlər