PDF Oxu

Araşdırma

  • 1 425

Fatih Çekirgenin "köşələrindəki" erməni ştrixləri

Və ya "Hürriyyət" yazarının "House Cafe" macərası

Fatih Çekirgenin "köşələrindəki" erməni ştrixləri

Söz yox ki, bəzi müəyyən dairələrin təzyiqlərinə baxmayaraq, rəsmi Bakı ilə Ankaranın iqtisadi, siyasi, diplomatik və hərbi əlaqələri genişləndirməsi və Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin bərqərar olunmasına yanaşmada prinsipial mövqedən dönməməsi onların təşvişlərinə, belə deyək, "rəng" qatır. O da bəllidir ki, uğurlu Türkiyə-Azərbaycan münasibətlərinin gündən-günə möhkəmlənməsindən nigaran olmalarını gizlətməyən anti-türk siyasi dairələr Qərb ölkələrinin media qurumlarında mətbuat orqanlarında iki ölkənin milli - dövlətçilik maraqlarına zərbə vurmağa yönəlmiş məqalələr dərc etdirir, əlaqələrin yüksəlişinin qarşısını almaq üçün əllərindən gələni etməyə səy göstərirlər. Hətta Türkiyə mətbuatında da bu kimi hallara rast gəlinir. Lakin sonradan bu kimi mətbu orqanların da həmin dairələrlə əməkdaşlıqları ifşa edilir. Bu baxımdan, Türkiyənin "Doğan" qrupuna daxil olan mətbuat orqanlarının dəridən-qabıqdan çıxmaları istər-istəməz diqqəti cəlb edir.

"Doğan" qrupunun sahibi Aydın Doğanın zaman-zaman erməni lobbisi ilə qardaşlıq münasibətləri qurması da məhz bu kimi məsələlərdən qaynaqlanır.

Ədalət və İnkişaf Partiyasına mənfi münasibət bəsləməsi ilə seçilən A.Doğana məxsus qrupun media qurumları görünməmiş canfəşanlıq edərək, rəsmi Yerevanla əlaqələrin qurulması istiqamətində səylərin daha da artırılmasının vacibliyini vurğulayırdılar

Digər tərəfdən, dünənki sayımızda da qeyd etmişdik ki, "Doğan" qrupunun rəhbəri Azərbaycanda biznes maraqlarını təmin edə bilmədiyinə görə, ölkəmizə qarşı ermənipərəstlik mövqeyi sərgiləməyə başlayıb. Ancaq unudub ki, biznes maraqlarının təminatı da rəqabətdən doğan amildir. Belə olan halda, biri udursa, digəri uduzmalıdır. Ancaq ən primitiv anlayışı başa düşməyən A.Doğan dərhal üzüdönüklük edib. Elə bu səbəbdən, A.Doğanın nəzarətində olan media qurumlarında Azərbaycan, Türkiyə və Ermənistan ilə bağlı yazılan məqalələrdə və səsləndirilən fikirlərdə erməni lobbisinin anti-türk təbliğatında istifadə etdikləri tezislərə tez-tez rast gəlmək olar. Bu məqamda, Türkiyədə 2009-cu ilin sonlarından etibarən aparılan anti-Azərbaycan kampaniyasını da yada salmaq yerinə düşər. Həmin il oktyabrın 10-da Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasına dair protokollar imzalandıqdan sonra hakim Ədalət və İnkişaf Partiyasına mənfi münasibət bəsləməsi ilə seçilən A.Doğana məxsus qrupun media qurumları görünməmiş canfəşanlıq edərək, rəsmi Yerevanla əlaqələrin qurulması istiqamətində səylərin daha da artırılmasının vacibliyini vurğulayırdılar. Həmin dövrdə Türkiyənin "Hürriyyət" qəzetində dərc olunan məqalələri bir daha yada salaq. Başda Mehmed Əli Birand olmaqla bəzi köşə yazarları Türkiyənin Azərbaycana görə Ermənistanla sərhədləri bağlı saxlamasını məntiqsiz addım hesab edir, açıq-aşkar Ədalət və İnkişaf Partiyasına, hətta təəccüblü olsa da, beynəlxalq ictimaiyyətə səslənərək, bu "haqsızlığa" dərhal son qoyulmasını tələb edirdilər. "Hürriyyət" qəzetində 2010-cu il aprelin 15-də işıq üzü görən "Türkiyə çapalayır, azərilər isə buna əhəmiyyət vermir" adlı köşə yazısını bir daha xatırlatmaq istərdik. Həmin köşə yazısında qeyd olunurdu ki, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqırımı" ilə bağlı tövsiyə xarakterli qanun layihəsi qəbul olunarkən, guya Azərbaycan tərəfi heç bir addım atmamış, bu məsələdə Türkiyəyə dəstək verməmişdir: "Ancaq buna baxmayaraq, rəsmi Ankara beynəlxalq təzyiqlərə sinə gərərək, Azərbaycana görə Ermənistan ilə münasibətlər qurmur". Lakin xatırladaq ki, həmin zamanlar Azərbaycan bütün səviyyələrdə ABŞ-a qəti etirazını bildirmiş, rəsmi Ankaraya tam dəstəyini ifadə etmişdi.

Çəyirtkə ("Hürriyyət"in köşə yazarının soyadı azəricə çəyirtkə mənasını daşıyır) tullana-tullana gedir, amma hara tullandığını da bilmir ki, bilmir

Maraqlıdır ki, görəsən, erməni lobbisinin tövsiyə xarakterli tezisləri bu qəzetə haradan yol tapır? Təbii ki, bu sualın cavabını A.Doğan daha yaxşı bilər. Təbii ki, bütün bunlar, Azərbaycan və Türkiyənin düşmənlərinin əməlləri, eləcə də, onların dəyirmanına su tökən "sapı özümüzdən olan baltalar"ın işidir. Bu mənada, avqustun 13-14-də "Hürriyyət" qəzetində Fatih Çekirge adlı birisinin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov barəsində qələmə aldığı iftira dolu məqaləni də məhz bu prizmadan qiymətləndirmək lazımdır. Əslində, burada Mikayıl Cabbarov timsalında yenə də ölkəmizin imici hədəf seçilib. Guya, M. Cabbarov təyyarəyə 19 ədəd bilet alıb, dostları ilə birgə "biznes klass" salonunu bağlatdırıb, uçuş zamanı stüardessa ilə qeyri-etik davranıb və sair. M. Cabbarov mətbuata verdiyi açıqlamada yazılanları tam təkzib edir və biz də belə hesab edirik ki, o öz şərəf və ləyaqətinin müdafiəsi üçün "Hürriyyət" qəzetinə və F.Çekirgeyə qarşı Türkiyə Respublikasının məhkəməsində iddia qaldırmaq hüququndan istifadə edə, araşdırmalar nəticəsində hər şey aydın ola bilər. Necə deyərlər, çəyirtkə hoppana hoppana gedir, amma hara geydiyini də bilmir ki, bilmir.

Esen Ermiş, "AK Parti"dən olan qadın millət vəkili: " Bir qadın yanında övladı olduğu halda kofe içərkən içkinin təsirindən bihuş olmuş və "Hürriyyət" qəzetinin "etiketinə" sahib bir nəfərin tərbiyəsizliyinə şahid olmaq nə deməkdir?!"

Lakin gəlin "Hürriyyət" qəzetinin səhifələrində böyük türk millətinə "canıyanmışlıq" artistiliyi edən "köşə yazarının" özünün davranışlarını xatırladaq. Bunun üçün http://www.haberkapital.com/gundem/fatih-cekirgeye-taciz-suclamasi.html internet saytına baxmaq kifayətdir. Həmin saytın yaydığı məlumatdan belə aydın olur ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Ankara şəhərinin Çankaya rayonu təşkilatının üzvü xanım Esen Ermiş oğlu ilə birlikdə "House Cafe"lərinin birinə gələrkən, F.Çekirge içkili vəziyyətdə ona sataşmaq istəyib. E. Ermişin kafe rəhbərliyinə şikayətindən sonra F. Çekirge oradan qovulub. Ədalət və İnkişaf Partiyasının üzvü bu məlumatları sosial şəbəkə olan "Twitter"də yayıb. Fatih Çekirgenin necə "şərəf" sahibi bir insan olduğunu görmək üçün Esen xanımın yazdıqlarını oxucularımızla çatdırırıq: "Bir qadın yanında övladı olduğu halda, kofe içərkən içkinin təsirindən bihuş olmuş və "Hürriyyət" qəzetinin "etiketinə" sahib bir nəfərin tərbiyəsizliyinə şahid olmaq nə deməkdir?! Bu ölkədə heç kəs artıq öz karyerasına güvənərək, tərbiyəsizlik etməməlidir. Namuslular namussuzlar qədər cəsur olmadıqca, onlara dərs verə bilməyəcəyik! Məlumunuz olsun ki, mən "House Cafe"də oğlumla oturarkən Fatih Çekirge mənə sataşdı və onu dərhal məkandan çıxartırdım! "

Göründüyü kimi, bu günün qonrama qəhrəmanları sən demə dünənin həqiqi şərəfsizləri imişlər. Yəni F.Çekirgenin "namuslu" olması xanım millət vəkilinin paylaşdığı yazısından da məlum olur. Bu baxımdan, onun öz şefi A.Doğanla sabah hər hansı bir ləyaqətsizliyə imza atmaları heç kimdə təəccüb doğurmamalıdır. Hər halda, erməni lobbisindən təlimat alan nökərlərdən başqa nəyi gözləmək olar ki?

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər