Təyyarədə demokratiya “axtarışı”
Türkiyənin "Hürriyyət" qəzetinin köşə yazarı Fatih Çəkirgəni Azərbaycanda da oxuyurlar. Gözləmək olardı ki, ölkəmizlə bağlı həqiqətlərin geniş oxucu kütləsinə çatdırılmasında F.Çəkirgə də əlində olan imkanlardan istifadə edəcək. Çünki müasir dünyada informasiya çox böyük əhəmiyyət daşıyır. Sirr deyil ki, Azərbaycan əleyihnə qərəz, yalan və böhtanlarla dolu çox məlumatlar yayılır. Türkiyəni də ləkələmək istəyənlər az deyil.Ancaq sən demə, Fatih Çəkirgə başqa cür düşünürmüş. "Hürriyyət"in 13-14 avqust 2012-ci il tarixdə nəşr edilən saylarında Fatih bəy Azərbaycan həqiqətlərindən yazmaq əvəzinə, ona böhtan atıb.Azərbaycanlı məmur Mikayıl Cabbarov haqqında uydurulmuş şeyləri qələmə alıb. Bu azmış kimi, həmin uydurmalar əsasında Azərbaycan hakimiyyəti haqqında qərəzli fikirlər irəli sürüb. Hər şey isə bir təyyarə uçuşunda baş verən hadisədən qaynaqlanıb.
Həmin hadisəyə keçməzdən əvvəl bir haşiyə çıxmağa ehtiyac görürük.Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dəfələrlə ölkə mediasına müraciət edərək "düşmən dəyirmanına su tökməməyə" çağırıb. Doğrudan da qardaş ölkənin bəzi media orqanları sözün əsl mənasında türk dövlətçiliyinin düşməni kimi informasiyalar yayırlar. Gah Qərbi mələk kimi göstərir, gah da ordunu aşağılayırlar.Onlar yalnız Avropa mənəvi-əxlaqi və siyasi dəyərlərini deyil, həm də Qərb dövlətlərinin maraqlarını müdafiə edirlər. Almaniya, ABŞ və ya İsraildə nəşr edilən qəzetlərdə qərəzli yazılarla Türkiyənin həmin media orqanları arasında fərq qalmayıb.Türkiyə hökuməti bunu yaxşı görür. Ancaq həmin media qrupu elə oturuşub ki, tutduqları yoldan çəkilmir. Bu prosesin fonunda demokratiya anlayışından yeri gəldi-gəlmədi istifadə edən və nə yazdığını özü də bilməyən yazarlar meydana çıxır. Onlar demokrat cildinə girərək böhtan və yalan uydurub, ara qarışdırmaqla məşğuldurlar.Bu adamlar müxtəlif ölkələrdə cəmiyyətin sabitliyini pozan informasiyalar ortaya atmaqdan belə çəkinmirlər. Ən pisi odur ki, bir dövlətin və xalqın mənfi obrazını yaradırlar.Fatih Çəkirgə isə Azərbaycanın antidemokratik obrazını yaratmaq yolunu seçib. Əvvəlcə, Yaxın və Orta Şərqin diktatorlarının adını sadalayır. Onların aqibətini göstərir. Sözdə deyil, əməldə demokrat olmağın zəruriliyini vurğulayır. Bundan dərhal sonra isə dediklərinə özü əməl etmir. Çünki demokrat olmaq hər şeydən əvvəl səmimi, dürüst və başqasının şərəfinə hörmətlə yanaşmaq deməkdir."Hürriyyət"in yazarı bu keyfiyyətlərin hamısının üstündən xətt çəkərək, Mikayıl Cabbarova və onun timsalında Azərbaycan məmurlarına böhtan atır. M.Cabbarov özü hadisənin necə baş verdiyini təfsilatı ilə yazıb. Təyyarədə M.Cabbarovla qonşu sırada oturan bir adam öz körpə oğlunun dayəsi üçün biznes salonda yer xahiş edib. Stüardessa ilə həmin adamın mübahisəsi buradan başlayıb. Bunlara M.Cabbarov heç bir reaksiya verməyib. O, ailəsi ilə sakit oturub.Bəs F.Çəkirgəni dəqiq bilmədiyi hadisə haqqında qərəzli yazmağa nə vadar edib? Təsadüfdürmü? Düşünmürük ki, belə olsun! Çünki M.Cabbarov şahidlik edir ki, M.Çəkirgə birinci sırada oturub. O, hadisə baş verən salonu normal görməyib. Ancaq özünü hadisəni tam görən insan kimi aparır. Nə üçün?
Həqiqət və jurnalist etikası
Olmayan hadisəni Azərbaycanın əleyhinə olan məzmunda quraşdrımaq səmimiyyətdən xəbər vermir. F.Çəkirgənin əsassız olaraq Azərbaycanın adını diktaturalarla bağlı yazdıqları kontekstdə hallandırması heç bir ölçüyə sığmır.Sual edirik: bu yersiz və qərəzli müqayisədə məqsəd nədir? Azərbaycanı növbəti hədəf kimi göstərməkmi? Bir sərnişin təyyarəsində baş vermiş adi yol hadisəsindən bütün cəmiyyətə aid siyasi nəticə çıxarmaq hansı meyarlara dayanır?
Həmin üsulla dünyanın istənilən ölkəsinə antidemokratik damğasını vurmaq olar. Məsələn, Norveçdə Breyvik günahsız insanları qətlə yetirdi, ABŞ-da filmə tamaşa edənləri gülləbaran etdilər və ya Danimarkada bir türk ailəsini polis əsassız olaraq qarın üstündə qolubağlı saatlarla saxladı...Siyahı uzundur. Lakin F.Çəkirgə həmin hadisələrə görə ABŞ-ın, Almaniyanın, Danimarkanın antidemokrat obrazını yaratmadı. Nə oldu ki bir təyyarədə baş verənləri yanlış təsvir edib, azərbaycanlının "antidemokratik məmur" obrazını yaratmaq ehtiyacı yarandı?Əsl türk başqa cür davranardı. O, təyyarədə körpə uşaq üçün nəyisə güzəştə getməyin daha insaflı olduğunu stüardessaya anlatmağa çalışardı. Və yaxud heç olmasa baş verənləri obyektiv qələmə alardı. Türk mənəviyyatı və xeyirxahlığını nümayiş etdirmək olardı. Təbii ki, stüardessa təyyarədaxili qaydalara əməl edib. Ancaq biz jurnalist etikasından danışırıq.Məsələnin təbliğat tərəfi də çox önəmlidir. Bizi gözləri götürməyənlər F.Çəkirgənin yazdıqlarını əllərində bayraq eləyib, Azərbaycana qarşı böhtan atmaqda davam edə bilərlər. F.Çəkirgənin də əsas məqsədi budur, çünki o hadisəni daha çox siyasi müstəvidə təqdim edib.Onun yazdıqlarında azərbaycanlı məmurun heç bir hüquq və əxlaq çərçivəsi olmayan biri kimi təqdim edilməsi böyük günahdır. Məsələnin təhlükəli cəhəti də bundan ibarətdir. Sizcə, məmurları bu cür təqdim olunan bir ölkə haqqında nələr düşünərlər? F.Çəkirgə kimin dəyirmanına su tökdüyünün fərqinə varırmı? O, kimin "əmisi oğlu"dur? Onun bu yalançı demokratikliyi bumeranq kimi vətəndaşı olduğu ölkənin də başında çatlamazmı? Ola bilər."Hürriyyət"in köşə yazarı daha da qabağa gedir. O, Azərbaycanı da "ərəb baharı"nın gözlədiyini deyir. Məsələnin mahiyyəti aydındır. F.Çəkirgə Azərbaycanın da bəzi ərəb dövlətlərinin gününə düşməsini arzulayıb.Azərbaycan sürətlə inkişaf edir, cəmiyyətdə demokratik dəyərlər getdikcə daha çox yer tutur. İdarəetmə sahəsində həyata keçirilən islahatlar hər kəsin gözünün qabağındadır. Azərbaycan fərqli dinlərin və mədəniyyətlərin yanaşı mövcud olduğu məkana çevrilib. Dini tolerantlıq və mədəniyyətlərarası dialoqun vətənidir. Bunları bütün dünya görür, F.Çəkirgə isə görmək istəmir.
Demokratiya, söz azadlığı və xaraba qalan ölkələr
Təbii ki, jurnalist sərbəst olmalıdır. Söz azadlığı qiymətli dəyərdir. İstənilən mövzuda yazmağa da normal baxırıq. Lakin jurnalist heç zaman yalana alət olmamalıdır. Jurnalist etikası deyilən bir anlayış vardır. Dürüstlük və hüquq çərçivəsində davranmaq burada çox önəmli yer tutur! F.Çəkirgə də Azərbaycan haqqında yaza bilər və yazmalıdır da. Lakin bu ölkəyə böhtan atmağa heç kəsin haqqı yoxdur. Azərbaycanı başqalarının hədəfinə çevirmək isə çox təhlükəli addımdır.Demokratiya adı altında ölkələri xaraba qoyurlar. Radikal dini qrupların əl-qolunu açırlar. "Bahar" adlandırdıqları proses hələ heç bir ölkəyə sabitlik gətirməyib. İndi də "bahar"dan sonra həmin ölkələri "siyasi şaxtalar"ın dondurmaması üçün baş sındırırlar.Biz Liviyadakı "bahar"ın pərdəarxası məqamlarından xəbərdarıq. Orada Qəddafinin düşməni olan tayfaların hakimiyyətə yiyələnməsindən başqa bir şey baş verməyib. Qəddafinin var-dövlətini Qərb hərbə xərclədi, ölkədə tayfa savaşı qızışıb, növbəti mərhələ üçün də qanlı toqquşmanın təməli hazırdır.Suriyada nələr baş verdiyi də məlumdur. Orada "əl-Qaidə", müxtəlif terror təşkilatları, müxalifətin mötədil və silahlı qanadları, ələvillər, sünnilər, şiələr və s. adlarını bilmədiyimiz kiçik qruplar bir-birilərinə qarışıblar. Videogörüntülər "demokratiya aşiqləri"nin insanlara necə işgəncə verdiyini də aydın göstərir. Hələ bu, başlanğıcdır. Suriyanın əsl faciəsi "demokratik üsyan"dan sonra başlayacaq.Fatih Çəkirgə "qardaş xalq" dediyi cəmiyyətə bunlarımı arzulayır? F.Çəkirgənin bu suala səmimi cavab verə bilməyəcəyi gün kimi aydındır. Buna ehtiyac olduğunu düşünmürəm. Onun yazısı niyyətlərinin güzgüsüdür.
newtimes.az