PDF Oxu

Araşdırma

  • 1 142

Xülya gerçəklik deyil

Ölkəmizdə təkmil seçki qanunvericiliyinin mövcudluğunu qeyd edən beynəlxalq təşkilatların təmsilçiləri 2013-cü il prezident seçkiləri ilə bağlı dağıdıcı müxalifət liderlərinin və "hüquq müdafiəçilər"inin apardığı təbliğatın qərəz olduğunu bildirirlər

Xülya gerçəklik deyil

"Azərbaycanda siyasi islahatların davam etdirilməsi üçün bütün imkanlar, siyasi iradə vardır. Biz mütərəqqi meyillərə çox müsbət yanaşırıq. Azərbaycanı müasir, güclü dövlət kimi görürük. Azərbaycanın inkişafı həm iqtisadi, həm siyasi islahatların aparılması istiqamətində mümkün olacaqdır. Biz istəyirik ki, ölkəmiz dünyanın inkişaf etmiş ölkələri sırasına daxil edilsin. Əlbəttə, bunu etmək üçün ölkədə bütün işlər müasir tələblərə uyğun şəkildə aparılmalıdır." Dövlət başçısı İlham Əliyev bu fikri daim önə çəkir ki, demokratiya bizim şüurlu seçimimizdir. Ölkəmizdə demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən bütün amillər bərqərar olub.

Siyasi mübarizə sivil qaydalarla tənzimlənir. 20 illik müstəqillik tarixinə malik olan Azərbaycanın ötən dövrdə müxtəlif sahələrdə həyata keçirilən islahatlar nəticəsində qazandığı uğurlar seçki sisteminin də təkmilləşməsinə, beynəlxalq standartlara uyğun qurulmasına, eləcə də seçki qanunvericiliyinin sistemləşdirilməsinə mühüm təsir göstərib. Demokratik seçkiləri sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi inkişafının əsası kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin son illərdə seçki sisteminin təkmilləşdirilməsinə xidmət edən addımları beynəlxalq səviyyədə də təqdir olunur. Sösüz ki, bu təkmilləşmə 1995-ci ildə Milli Konstitusiyanın qəbulu ilə başlanmışdır. Belə ki, sənəddə bu sahədə əsas prioritetlər müəyyən edilmiş, onları rəhbər tutaraq Azərbaycanda bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərin hüquqi bazası yaradılmışdır. 1997-ci ildən başlayaraq müasir standartlara cavab verən seçki qanunvericiliyinin təsis edilməsi məqsədilə Azərbaycan hökuməti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə yaxından əməkdaşlıq etmişdir. 2001-ci ilin yanvarında Azərbaycan demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduqdan sonra ölkəmizin seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı əməkdaşlıq çərçivəsi daha da genişləndirilmiş və bu prosesə Avropa Şurasının Venesiya Komissiyası da cəlb edilmişdir. Səmərəli əməkdaşlıq nəticəsində 2003-cü ilin mayında Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edilmişdir. Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun yekun rəyində də bildirilmişdir ki, Seçki Məcəlləsi seçkilərin və referendumun keçirilməsi üçün beynəlxalq meyarlara və ən yaxşı təcrübələrə uyğun olan hərtərəfli çərçivələr nəzərdə tutur. Ölkədə keçirilən hər bir seçki prosesinin əvvəlki ilə müqayisəli təhlilindən bu gerçəklik özünü qabarıq şəkildə büruzə verir. Lakin qəbul olunan hansısa qanunu, sənədi dəyişməz hesab etməyən Azərbaycan dövləti daim onların yeniləşməsinə, təkmilləşməsinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin bu sənədlərdə öz əksini tapmasına səy göstərir. Seçki Məcəlləsinə 2005 və 2008-ci illərdə keçirilən parlament və prezident seçkiləri zamanı edilən əlavə və dəyişikliklər, eyni zamanda 2005-ci ildə seçki praktikasının təkmilləşdirilməsi, seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında sərəncamların imzalanması Azərbaycan dövlətinin demokratik, dünya standartlarına uyğun seçkilərin keçirilməsində necə maraqlı olduğunu ortaya qoyur. Ölkədə keçirilən seçkilərdə yeni təcrübələrin tətbiqi- barmağın gözəgörünməyə mürəkkəbə boyanması, yerli və beynəlxalq təşkilatlar tərəfindən "exit poll"un keçirilməsi, seçki məntəqələrində veb-kameraların quraşdırılması və s. kimi addımlar da bu istəyin göstəricilərindəndir.

Seçkilərin mahiyyətcə bir-birilə qırılmaz surətdə bağlı olan müxtəlif mərhələlərdən ibarət mürəkkəb proses olduğunu nəzərə alsaq, bu mərhələlərin də demokratikliyini, şəffaflığını təmin etmək üçün ciddi addımlar atılmasına olan ehtiyac aydın görünür. Azərbaycan dövlətinin seçkiləri izləmək üçün daha çox xarici müşahidəçilərin iştirakında maraqlı olması, bununla bağlı həmin qurumlara müraciətlər ünvanlaması daim təqdir olunub. Məlum olduğu kimi, beynəlxalq qurumlar seçki proseslərində uzunmüddətli və qısamüddətli müşahidə missiyaları ilə təmsil olunurlar. Azərbaycan dövlətinin bu addımı AŞPA Monitorinq Komitəsinin, həmçinin İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun üzvü, ekspert Zmago Jelinchicin "Amnesty İnternational"" təşkilatının ölkəmizlə bağlı hesabatına münasibətində önə çəkilmişdir.

Azərbaycanda keçirilmiş seçkilərin guya beynəlxalq müşahidəçilər tərəfindən kəskin tənqid olunması barədə hesabatda səslənən fikirlərə münasibət bildirən Z.Jelinchic bildirmişdir ki, bu, heç də belə deyildir. Avropa Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanda keçirilmiş seçkilərə dair çox müsbət fikirdədirlər. Seçkilərin elan olunması və namizədlərin irəli sürülməsi, qeydə alınması, seçkiqabağı təşviqat və s prosedurlar ölkədə yüksək səviyyədə təşkil olunur. Səsvermə mərhələsində seçicilərin öz seçim hüquqlarından sərbəst istifadə etmələri təmin olunur, hər kəs öz seçimində sərbəstdir. Azərbaycan dövləti azad, demokratik, dünya standartlarına cavab verən seçkilərin keçirilməsi üçün siyasi iradə və əzm nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, seçkilərin nəticələri ölkədə mövcud olan ab-havanı əks etdirir. Xalq hər bir siyasi qüvvənin kimliyini, hansı məqsəd uğrunda mübarizə apardığını bir daha səsvermə prosesində iştirak edib, verdiyi səsi ilə təsdiqləyir.

Seçkilərin demokratikliyini təmin edən başlıca şərtlərdən biri ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalara prosesə qatılmaq üçün eyni imkanların yaradılmasıdır. İrəli sürülən namizədlərin heç bir problemlə üzləşmədən qeydiyyatdan keçməsi, sağlam rəqabət şəraitində təbliğat və təşviqatının həyata keçirilməsi istiqamətində dövlətin atdığı addımlar təqdir olunur. Təbii ki, bu uğurların təhlili səbəbsiz deyil. 2013-cü il prezident seçkilərinə xeyli müddət qalmasına baxmayaraq "dağıdıcı müxalifət" imicini qazandıqları üçün xarici antiAzərbaycan dairələrin dostuna çevrilən partiyaların təkmil seçki qanunvericiliyinin mövcudluğunu şübhə altına almaq cəhdləri diqqətdən yayınmır. İctimai palatanın bununla bağlı xarici himayədarlarının dəstəyi ilə müzakirələrə start verməsi ictimai fikirdə birmənalı qarşılana bilməz. İlk müzakirənin əsas iştirakçıları arasında İsveçin və Almaniyanın ölkəmizdəki səfirliklərinin əməkdaşlarının iştirakı bir çox məqamlara aydınlıq gətirdi. Çünki artıq ölkə ictimaiyyəti son bir ildə belə görüşlərin, müzakirələrin hansı ssenarilərə yol açdığının şahidinə çevrilib. Dünyanın diqqətini Azərbaycana yönəldən "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində müxalif düşərgədə cərəyan edən prosesləri xatırlamaq kifayətdir. Azərbaycanı istəməyən xarici qüvvələr öz çirkin niyyətlərini həyata keçirmək üçün dağıdıcı müxalifətdən və onlara dəstək olan "hüquq müdafiəçiləri"ndən bir vasitə kimi yararlandılar. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu məsələyə diqqəti yönəldərək bildirdi ki, Azərbaycan xalqı bir daha kimin kim olduğunu açıq-aydın gördü. "Adamın ağlına gəlmir ki, bu dərəcədə antimilli duyğularla yaşayan insanlar burada ümumiyyətlə özləri üçün necə yer tapa bilirlər?! Yəni, onlar üçün hər gün dərddir, hər gün faciədir. Bir yenilik görəndə üzülürlər, bir inkişaf görəndə yasa batırlar. Bunlar doğrudan da. Çox ağır bir psixoloji durumda olan insanlardır, özü də uzun illər ərzində."

Ümumilikdə müxalifət düşərgəsində aparılan bölgüyə əsasən dağıdıcı qrupun təmsilçiləri kimi tanınan partiyaların fəaliyyətinə diqqət yetirdikdə hər zaman oxşar olan bir məqamın şahidi oluruq. Bu məqamın daha çox hansı ərəfələrdə diqqəti çəkdiyi məlumdur. Ölkəmiz üçün əhəmiyyətli tədbirlərin keçirildiyi zamanlarda göstərilən canfəşanlıqlar onların uğurlarımıza qısqanclıq hisslərindən qaynaqlanan addımları kimi dəyərləndirilsə də, seçkilər zamanı "fəallıqları" tamamilə başqa məqsədi daşıyır. Bu baxımdan ki, seçkinin bir sınaq imtahanı olduğunu dərk edən dağıdıcılar nüfuzlarının, sosial bazalarının yoxluğundan narahatlıq hissi keçirdiklərindən, ən əsası məğlubiyyətlərinin qaçılmaz olduğundan yeganə çıxış yolunu əks təbliğat kampaniyasının sürətini artırmaqda görürlər. Bunun da əsas yollarından biri kimi ya seçkiləri boykot etməyi, ya da Azərbaycanda demokratik seçki mühitinin olmadığı barədə beynəlxalq ictimaiyyətdə rəy yaratmağı düşünürlər. Elə əsil mərəkə də burdan başlayıb. Belə ki, bu gün 2013-cü il prezident seçkilərinə xeyli müddət qalmasına baxmayaraq, müxalif düşərgədə bir qrup seçkidə iştirakın zəruriliyini, digər qrup isə bunun gərəksizliyini bildirirlər. Bu fikir beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən də bəyan edilir ki, boykot çıxış yolu deyil. Müxalifət seçkilərə qatılmamaqla öz zəifliyini, sosial bazalarının yoxluğunu təsdiqləyir. Eyni zamanda Avropa Şurasının rəhbərliyi bu fikri bildirmişdir ki, seçkilərə qatılmayan partiyanın seçkilərin nəticələri barədə fikir söyləməsi qanunaziddir.

Azərbaycanla bağlı həqiqətləri olduğu kimi dəyərləndirən beynəlxalq təşkilatların dağıdıcıların hədəfinə tuş gəlmələri məlum olayardandır. Bu qüvvələrin təşkilatçılığı əsasında Strasburqda AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin əleyhinə aksiya keçirilməsi də həmin fəaliyyətin tərkib hissəsi idi. Həmməruzəçilər niyə dəyişdirilməlidir? Sualı cavablandırmaq üçün "səbəblərə" diqqət yetirəndə bu qüvvələrin nə qədər riyakar olduqlarını gördük. Bu günlərdə ölkəmizdə səfərdə olan AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramuntun hazırladıqları ilkin hesabatda ölkəmizlə bağlı reallıqları qərəzə yol vermədən açıqlamaları dağıdıcıları qane etmədi. Hər bir məsələdən biznes kimi yararlanmağa adətkar olan "hüquq müdafiəçisi" L.Yunusun həmməruzəçiləri hakimiyyətdən rüşvət almaqda suçlaması ikrah hissi doğurdu. Hüquq müdafiəçisi adı altında dövlətin, xalqın mənafeyini, milli maraqları zərbə altına qoymaqdan utanmayan L.Yunus kimilərin ölkənin imicinə xələl gətirə biləcək aksiyalara dəstək verməsi başadüşüləndir. Bu aksiyaların hardan qanaqlandığı dağıdıcıların daha çox istinad etdiyi "Human Righst Vatsh" təşkilatının AŞPA-ya ünvanladığı tənqidi hesabatından da aydın oldu. Xarici antiAzərbaycan dairələrin maliyyələşdirdiyi təşkilatların qərəzli hesabatlarını inhisarlarında olan qəzetlərdə ön səhifələrdə yerləşdirən AXCP və Müsavat liderlərinin AŞPA-nı obyektivliyinə görə tənqid etmələri bir daha kimliklərinə, hansı məqsəd uğrunda mübarizə apardıqlarına aydınlıq gətirir. Təbii ki, bu mövqe sahibləri seçkilərə qatıldıqda xalqın "yox" cavabı ilə üz-üzə qalacaqlar. Məğlubiyyətlərini qaçılmaz olduğunu bildiklərindən seçkilərə qatılmaqda tərədüd edən bu qüvvələrin bunu etiraf etmək əvəzinə, prosesdə iştirakı xalqa xəyanət kimi təqdim etmələri bizi "utanmasan oynamağa nə var" deyimini xatırlatmaq məcburiyyətində qoyur. Seçkilərə qatılıb demokratikləşmə prosesinin daha da sürətləndirilməsinə dəstək olmaq nə zamandan xalqa xəyanat kimi dəyərləndirilib? Dağıdıcılar hansı meyarlar əsasında burda xəyanət amilini müəyyənləşdiriblər? Əgər seçkilərə qatılmaq xəyanətdirsə, onda xarici antiAzərbaycan qüvvələrlə əl-ələ verib ölkəmizin əleyhinə təbliğat aparmaq, onların ssenariləri əsasında ölkədə sabitliyi pozmaq, qarşıdurmalar yaratmaq necə qəbul olunmalıdır? Dağlıq Qarabağ problemi kimi dərdi bir kənara qoyub uğurlarımıza qara eynəkdən baxmağa hansı adı verək? Bu kimi sualları xeyli sayda sadalamaq olar. Ə.Kərimli kimi "lider"lərin gəncləri hansı ruhda tərbiyə etdikləri R.Bəşirli olayından aydın olmuşdur. R.Bəşirlinin əfv olunmaq üçün ölkə Prezidentinə müraciətində, eyni zamanda azadlığa buraxıldıqdan sonra açıqlamalarında səsləndirdiyi fikirlər bir daha Əli Kərimli kimilərin iç üzünün ictimaiyyətə çatdırılmasında yardımçı oldu. Etiraf heç zaman gec deyil. Əgər gedilən yolun səhv olduğunu anlayıb, geri qayıtmağı bacarırsansa, bu da cəsarətdir. Çox təəssüflər olsun ki, istər keçirdikləri aksiyalarda, istərsə də seçki proseslərində xalqdan "yox" cavabı alan Ə.Kərimli, İ.Qəmbər kimilər siyasi meydanı tərk etməyə özlərində cəsarət tapmırlar. Bu gün Müsavat partiyasının qurultayının uzadılması da İ.Qəmbərin bu hissdən məhrumluğunun təsdiqidir. Çünki partiya üzvləri onun istefasını tələb etsələr də İ.Qəmbər postundan uzaqlaşmaq barədə düşünmür. Qurultayda postuna istəsə də-istəməsə də əlvida deməli olacağını dərk etdiyindən onun keçirilmə vaxtının uzadılmasını vəziyyətdən çıxış yolu hesab edir. Amma unudur ki, qaçılmaz olan bir prosesin qarşısını almaq mümkünsüzdür.

Bir sözlə, yalnız seçkidən-seçkiyə "biz də varıq" prinsipi üzrə hərəkət edərək özlərini xalqa yaxın göstərməyə çalışan dağıdıcı müxalifət partiyaları bu həqiqəti çox yaxşı bilirlər ki, xalqa deyil, xarici himayədarlarına arxalananların aqibəti siyasi meydanın küncünə sıxılmaqdır. Bu günədək ölkədə keçirilən və xalqın iradəsinə əsaslanan seçkilərin nəticələri də bunu təsdiqləyir. Bu təlaşın nəticəsidir ki, dağıdıcılar 2013-cü il prezident seçkiləri ilə bağlı qərəzli təbliğatlarının sürətini artırır, bu və ya digər beynəlxalq təşkilatın adından guya Azərbaycan hakimiyyətinə demokratiyanın inkişafı, seçki islahatları ilə bağlı ciddi mesajlar ünvanlandığını bildirirlər. Xatırladaq ki, ABŞ dövlət katibi Hillari Klinton və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun ölkəmizə səfəri çərçivəsində dağıdıcı müxalifət liderləri ilə görüşdən imtina etməsi onların Qərb və Avropa təmsilçiləri tərəfindən ciddi siyasi qüvvə kimi qəbul olunmadıqlarını bir daha təsdiqlədi. Bu ünsürlərin və onların tabeliyində olan mətbu orqanların Avropa İttifaqının adından öz çirkin maraqlarına uyğun fikirlər səsləndirmələri də Herman Van Rompuyun onlara verdiyi dəyəri həzm edə bilməmələrindən irəli gəlir. Amma ssenari cızmaqda xüsusi təcrübəyə malik olan dağıdıcılar ictimai diqqəti yayındırmaq üçün bu dəfə qurumu tənqid etmir, onun adından Azərbaycanın uğurlarına kölgə salmağa cəhd göstərirlər. Guya Avropa İttifaqı rəsmisi qurumun demokratik Azərbaycana ehtiyac duyduğunu bildirib. Fikirlərin təhrif edilmiş formada ictimaiyyətə təqdim olunma səbəbini açıqladıq. "Dağıdıcı müxalifət" imicini qazanmaqdan böyük fərəh hissi keçirən qüvvələrin onlara qarşı atılan bu addımlardan ciddi nəticə çıxarmaq əvəzinə mətbuat səhifələrində hansısa qurumun təmsilçisini yersiz ittiham yağışına tutmaları, yaxud ölkəmizin uğurlarına onları dili ilə kölgə salmaq cəhdləri ikrah hissi doğrur. Azərbaycanın ünvanına real fikirlər səsləndirən hər hansısa dövlətin, təşkilatın təmsilçisinin dağıdıcıların düşməninə çevrilməsi təəssüf doğurur. Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyan bildirmişdir ki, islahatların aparılması və davam etdirilməsi, insan haqlarının təşviqi Azərbaycanın uzunmüddətli müvəffəqiyyətini və çiçəklənməsini artıracaq. Bu, həm də Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gücləndirilməsi üçün vacibdir. Avropa İttifaqı rəsmisi onu da bildirmişdir ki, 2011-ci il aprelin 2-də keçirilmiş aksiya zamanı həbs olunmuş doqquz nəfərin azadlığa buraxılmasını alqışlayır. Bu, vətəndaş və siyasi hüquqların təkmilləşdirilməsi istiqamətində Azərbaycan tərəfindən atılmış müsbət bir addımdır. Bütün bunlar onu deməyə əsas verir ki, öz xalqına, dövlətinə mənfi münasibət bəsləyən, şəxsi maraqlarının quluna çevrilən dağıdıcılar atdıqları addımları ilə nəinki ölkə ictimaiyyətinin, eləcə də beynəlxalq təşkilatların, dövlətlərin təmsilçilərinin qınaq hədəfinə çevrilirlər. İctimai qınaq ən böyük cəzadır. Bu qüvvələrin xalqın adından danışaraq, seçkilərə qatılacaqları təqdirdə uğur qazanacaqlarını söyləmələri xülyanı gerçəkliklə ayırmaqda çətinlik çəkmələrindən, siyasi savadsızlıqlarından irəli gəlir.

"İki sahil"in Analitik Qrupu

Digər xəbərlər