PDF Oxu

Araşdırma

  • 1 647

Suriya düyünü: geosiyasi alver hələ də başa çatmayıb

Rusiya və Çinlə razılıq əldə edə bilməyən ABŞ Dəməşq hədəfində gizli oyunlara üstünlük verir

Suriya düyünü: geosiyasi alver hələ də başa çatmayıb

Yaxın Şərq regionunun vaxtilə "pələngi" adlandırılan Suriyanın qüdrətindən artıq əsər-əlamət qalmayıb. Daxilində vətəndaş müharibəsinin baş qaldırdığı Suriyada bu gün məhəlli döyüşlər getməkdədir. Hər gün bu ölkədən ölən və yaralananlarla bağlı dəhşətli məlumatlar, şəkillər və videolar daxil olmaqdadır. Eyni zamanda, xarici dövlətlərin də bu ölkəyə münasibətdə fərqli mövqe sərgiləməsi və maraq düşərgələrinin formalaşması Suriya üçün vəziyyəti daha da mürəkkəbləşdirir. İstənilən səviyyədə aparılan danışıqların predmeti olan Suriyanın artıq geosiyasi alver amilinə çevrildiyini də istisna etmək olmur.

Rusiya, İran və Çinin gözləntiləri, əks-düşərgənin maraqları...

Yaxın və Orta Şərq regionunun zəngin karbohidrogen ehtiyatlarına 100 faizlik sahiblənməyi istəyən ABŞ və onun müttəfiqləri son dayanacaqlar uğrunda vuruşurlar. Burada isə qarşıda duran əsas maneələr qismində Suriya və İran olduğundan, müttəfiqlər hərbi ssenaridən əvvəl siyasi-hərbi müxalifət vasitəsilə addımlamağı düşünür. İraqda və Liviyada hərbi vasitələrə əl atan müttəfiqlər bu dayanacaqlardan birində yalnız müharibə ssenarisi reallaşdıra bilərlər. Bu mənada isə, ən zəif obyekti siyasi-hərbi müxalifətlə sıradan çıxarmağa çalışan müttəfiqlər son dərəcədə qərarlı mövqe tutub və bütün resursları işə salıb.

Əlbəttə ki, Yaxın Şərqdə son zamanlar ərzində Rusiya və Çinin nailiyyətləri və dəstəyi hesabına güclü hərbi arsenal yaratmış və daxilində son dərəcədə total nəzarət siyasəti yürüdən İranın Suriyadan forpost kimi istifadə etdiyi göz önündədir. Suriyanı silahlandırması, həmçinin, Livanda yerləşmiş terrorçu qruplaşmaları siyasi müxalifətin əleyhinə qaldırması İranın özünümüdafiə taktikası kimi də qiymətləndirilməlidir. Söylənilənlərlə yanaşı, İranın intihar metodlarından da istifadə etməsi müttəfiqlərin diqqətini daha çox Suriya ətrafında birləşdirir. Bütün deyilənləri nəzərə alaraq, demək olar ki, Suriyada siyasi rejimin dəyişilməsi mütləq düşüncəyə çevrilib və geriyə yol yoxdur.

Suriya dayanacığında bu qədər ləngimənin səbəbləri isə düşərgədəkilərin maraqlarına görədir. Belə ki, bu gün "Suriya qalası"nın çökməsində maraqlı olanlar və olmayanlar var. Onlar İran, Rusiya və Çin üçbucağından və başda ABŞ olmaqla, Qərb dünyasından ibarətdir. Adları çəkilən düşərgələrin isə özlərinəməxsus mənafeləri var.

İlk olaraq, İranın maraqları haqqında: İran Yaxın və Orta Şərq regionunun, müsəlman dünyasının hakimi olmaq üçün bütün resurlarını işə salıb. İslam dini faktorundan istifadə edərək, digər güc vasitələrini də əldə əsas tutaraq, ətrafda olan bütün dövlətlərə təzyiqlər edir. Hətta bəzi öz hüquqlarını müdafiə edən dövlətləri "vurmaq" üçün müxtəlif ərazilərdə dəstəklədiyi dini və silahlı birləşmələri hərəkətə gətirir. Bu mənada da, İran regiona olan istənilən müdaxiləyə cavab verir, hətta hədələyir də. Suriya məsələsində də İran eyni mövqeyi sərgiləyir.

Əvvəla, qeyd emək lazımdır ki, Suriya İran üçün Qərbə qarşı durmaq üçün sonuncu dayanacaqdır. Suriyanın çökməsi İranın da məğlub olmasına gətirib çıxaracaq. Buna görə də, İran hər vəcdlə çalışır ki, Suriya vuruşsun və Əsəd rejimi hakimiyyətdə qalsın.

Rusiya və Çinin Suriyadakı maraqları isə heç də İranı xilas etmək deyil, özlərinin geosiyasi və geoiqtisadi maraqlarını qorumaqdır. Rusiya istənilən halda çalışır ki, keçmiş SSRİ dönəmində mövcud olmuş qlobal oyunçu statusunu geri qaytarsın. Bu səbəbdən də, Rusiya istər Suriya, istərsə də İran kartından öz maraqlarının təmin olunmasına çalışır. Daha da konkretləşdirsək, Rusiya Suriya və İranın müqabilində aşağıdakıları tələb edir:

- İlk olaraq, Rusiyaya aid olan geosiyasi təsir zonasının toxunulmazlığının təmin edilməsini;

- Rusiya daxilində demokratizasiya proseslərinə müdaxilənin olmamasını;

- Rusiya ətrafında Qərb texnologiyasından olan hərbi sistemlərin quraşdırılmamasını;

- Keçmiş SSRİ-nin bərpa edilməsi planlarına maneçiliyin törədilməməsini və s.

Məhz göstərilən məsələlər üzündən Rusiya ABŞ-la eyni masa arxasına əyləşmək və razılıq əldə etmək niyyətindədir.

Çin isə, əlbəttə ki, dünyanın hərbi-siyasi gücü olmaq istəməsə də, qlobal iqtisadi oyunçuya çevrilmək niyyətindədir. Pekin çalışır ki, iqtisadiyyatına yatırılan Qərb kapitalını tədricən milliləşdirsin və Qərbdən asılı olmayan, iqtisadi gücə çevrilsin. Əlbəttə ki, Çin qlobal iqtisadi güc olmaq üçün müstəqil şəkildə enerji qaynaqlarına da sahiblənmək niyyətindədir. Lakin ABŞ-ın karbohidrogen ehtiyatlarına nəzarət etmək üçün planlar reallaşdırması Çini ona qarşı mövqe tutmağa məcbur edir.

Ümumiyyətlə, Çin heç bir halda özünün təsir dairəsindən kənar ərazilərə iddia etməyib. O, Rusiyanın geosiyasi təsir məkanına müdaxilə etməməyə və Moskva ilə ümumi dil tapmağa çalışır. Özü isə Pakistan və Hindistan kimi güclərin, həmçinin, Koreya, Hind-Çin yarmadasının, hətta Yaponiyanın da daxil olduğu nəzarət məkanı formalaşdırmağa cəhd göstərir. Bütövlükdə, rəsmi Pekin Suriya və İran məsələsində ABŞ-la enerji və geosiyasi təsir məkanı uğrunda razılıq əldə etməyə çalışır.

Suriya və İran problemində barışmaz mövqe tutmuş ABŞ isə aydındır ki, qlobal aktor kimi Yaxın və Orta Şərqin, Şimali Afrika bölgəsinin karbohidrojen ehtiyatlarına nəzarəti ələ keçirmək və malik olduğu statusu daha da möhkəmləndirmək istəyir. Eyni zamanda, rəsmi Vaşinqton mondializm strategiyasından çıxış edərək, təkqütblü dünya formalaşdırmaq və vahid mərkəzdən idarə olunan ümumdünya sistemi yaratmaq niyyətindədir.

Ona görə də, bu düşərgələr arasında ortaq məxrəclərin tapılması həddindən artıq çətin problemə çevrilib. Lakin gündəmdə olan bəzi məsələlər üzrə cari razılaşmalarla dirənişi "ölü nöqtə"dən tərpədə bilirlər...

Vəziyyətin çıxılmaz nöqtəyə çatdığı anda isə tərəflər bir-birinə təzyiq etmək üçün kartlarını işə salırlar. Xatırladaq ki, Liviya məsələsində Rusiya və Çin Qərb dünyasından bəzi məsələlərə göz yummağı xahiş etmişdilər. Belə ki, Rusiya keçirilən prezident seçkilərinə müdaxilə etməməyi, Çin isə bu ölkədə pozulan insan haqlarına dair susmağı istəmişdi. Bunun əvəzində isə ABŞ, NATO və Qərb dünyası Qəddafini, fiziki olaraq, məhv etdi. Fikir versək, görərik ki, məhz Rusiya və Çinin yuxarıda etdikləri xahişlərlə bağlı Qərbdə susulur.

Bu dəfə də, görünür, hansısa məsələdə ümumi fikir yaranmalıdır ki, Suriyada rejimin sonu çatsın. Qeyd edək ki, ABŞ Polşada raketdən müdafiə sistemlərinin yerləşdirilməsini yada salanda, Moskvada ciddi təlaş baş qaldırır. Görünür, bu günlərdə yenidən bu məsələnin yada salınması hansısa razılığa doğru gedildiyini göstərir. Əlbəttə ki, əgər razılıq əldə olunarsa, Suriyanı heç kəs xilas edə bilməyəcək...

Suriya üçün ssenarilər...

Bir fakt qeyd olunmalıdır ki, bu gün Suriya döyüşən hakimiyyət qüvvələrilə müxalifətçilər deyil, məhz Qərblə İran-Rusiya-Çin üçbucağıdır. Hər iki düşərgə maraqlarının təmin olunmasına qədər bütün resurslardan istifadə edəcək. Lakin bugünkü mərhələdə tərəflər gizli müharibə metodlarından istifadə edirlər. İran-Rusiya-Çin Bəşər Əsədi, Qərb isə siyasi müxalifəti silahlandırır. Bununla yanaşı, Rusiya və Çinin xeyir-duası ilə Əsədə əsgəri qüvvələr göndərən İrana cavab olaraq, Britaniya, İtaliya, İspaniya, Fransa və digər ölkələr suriyalı gənclərdən ibarət silahlı dəstələr formalaşdırırlar. Təsadüfi deyil ki, Əsədin qoşunlarına qarşı vuruşanların böyük əksəriyyəti xaricdə təlim keçmiş muzdlulardır. Bütün bu nüansları nəzərə alaraq, deyə bilərik ki, Suriyada gedən qanlı müharibə daha da genişlənə bilər. Bunun nəticəsində isə ortaya bir neçə ssenarini çıxara bilər:

- Suriya İranın parçalanması üçün sonuncu dayanacaq olduğundan, Qərb nəyin bahasına olursa-olsun, Əsəd hakimiyyətini devirməyə çalışacaq. Bunun üçünsə, lazım gələrsə, NATO və ya ayrı-ayrı silahlı ordular Suriyaya girə bilər.

- Digər tərəfdən, döyüşə Türkiyə salına bilər. Əlbəttə ki, suriyalı türklərin qətlə yetirilməsi, həmin ərazidə PKK-çıların silahlandırılması, Türkiyə SQ-yə məxsus təyyarənin vurulması Ankaranın döyüşə atılmasına məcbur etmək üçün ilkin cəhdlər idi. Lakin görünür, Qərb çalışır ki, müharibə ssenarisini Türkiyə reallaşdırsın. Türkiyə daxilində partlayışları və təxribatları artırmaqla, müəyyən qüvvələr Ankaranı bu addımı atmağa məcbur edəcəklər.

- Üçüncü isə, artıq açıq müharibə ssenarisidir ki, burada artıq lokal hərbi əməliyyatdan söhbət gedə bilər. Əlbəttə ki, Rusiya və Çinin razılığı olarsa, BMT TŞ qərar çıxararsa, Suriyanı Liviya kimi 2 saat ərzində dağıda bilərlər. Bu ssenaridə isə İran heç bir addım ata bilməyəcək. Çünki İranın özbaşına müharibəyə girişməsi, hətta kiçicik bir müdaxiləsi Tehranın özünə sui-qəsdi demək ola bilər.

Bu ssenarilərdən isə hansının ola biləcəyini zaman göstərəcək. Çünki Suriya ətrafında hələ də geosiyasi alver başa çatmayıb.

"Səs" Analitik Qrupu

Digər xəbərlər